Müstəmləkə sisteminin formalaşması

Müstəmləkə sisteminin formalaşması

Müstəmləkəçilik-qəsbkar dövlətlərin (metropoliya) istila edərək tamamilə özlərinin mülkiyyətlərinə çevirdikləri xalqlara və ərazilərə (müstəmləkə) qarşı işğalçı siyasət kimi anlanılır. Müstəmləkə və müstəmləkəçilik kapitalizmdən çox-çox əvvəl Roma imperiyası dövründə də olmuşdur. O, XV əsrdən bir sistem olaraq-ilk coğrafi kəşflərdən başlayıb-inhisarçı kapitalizm zamanında formalaşmışdır. İlk müstəmləkə imperiyasını Portuqaliya və İspaniya təşkil etmişdilər. Portuqaliya sonradan müstəmləkələrini əlində saxlaya bilməmişdi. XVI əsrin ortaları üçün İspaniya Mərkəzi və Cənub Amerikada böyük müstəmləkə imperiyası yaratmışdı. Portuqaliya və İspaniyadan başqa Hollandiya, İngiltərə, Fransa, Almaniya, İsveç və b. ölkələr də Okeandan o tərəfdə müstəmləkə torpaqları əldə etmişdilər. Onlar müstəmləkələri açıqdan-açığa soyub talayırdılar. Təkcə İspaniya 1521 — 1660-cı illərdə Amerikadan 18 min ton gümüş və 200 ton qızıl gətirmişdi.XVIII əsrdə Hindistan, İndoneziya və Avstraliya torpaqları tamamilə müstəmləkəyə çevrilmişdilər.

Artıq XlX əsrin sonlarında dünyanın sənayecə inkişaf etmiş dövlətləri: Böyük Britaniya, Fransa, Almaniya, Hollandiya, İspaniya, İtaliya, Portuqaliya, ABŞ, Yaponiya və b. arasında bölüşdürülməsi başa çatmışdı. Sözügedən ölkələr bütün Afrikanı və Polineziyanı (Okeaniyada adalar qrupu) zəbt etmiş, Asiyada və Latın Amerikasında öz mövqelərini möhkəmlətmişdilər. XVI XIX əsrlərdə Rusiya da Volqabovu, Sibir, Qafqaz, Krım və Mərkəzi Asiya ərazilərini öz müstəmləkəsinə çevirmişdi. XIX əsrin son rübündə ümumən müstəmləkə ərazilərinin sahəsi 60 milyon kv. km, əhalisinin sayı isə 500 milyon nəfərə çatmışdı.
Beləliklə, XIX əsrin axırında dünya müstəmləkə sistemi yaranmışdı. O, ucuz xammal mənbəyinə, metropoliyanın işçi qüvvəsi və satış bazarına çevrilmiş, dünya bazarının inkişafı ilə əlaqədar kapital qoyuluşu sahəsi kimi onun rolu da artmışdı.
Metropoliyaların tam mülkiyyəti olmuş müstəmləkələrdən başqa, bəzi ölkələr müxtəlif formalarda sənayecə inkişaf etmiş dövlətlərdən asılı olan yarımüstəmləkəyə çevrilmişdilər. Siyasi cəhətdən rəsmən müstəqil olan həmin ölkələr müəyyən müqavilələr (iqtisadi, hərbi-siyasi) əsasında asdı vəziyyətə düşmüşdülər. İran, Çin, Argentina və b. bu qəbildən idilər.
XX əsrin əvvəllərindən başlayaraq müstəmləkəçilik əleyhinə mübarizə başladı. Birinci dünya müharibəsindən sonra bu daha da genişləndi. Asiyada, Şimali Afrikada, Yaxın Şərqdə (İranda, Türkiyədə, Cənubi Qafqazda və b.) milli-azadlıq hərəkatı geniş miqyas aldı. Lakin qalib dövlətlərin birgə səyləri ilə onların qarşısı alındı. Metropoliya dövlətləri müstəmləkələrdə və asılı ölkələrdə ənənəvi müstəmləkəçilik siyasətindən əl çəkməyə, Asiya, Afrika, Latın Amerikasının müstəmləkə regionlarında qərbsayağı iqtisadi, mədəni, sosial tədbirlər həyata keçirməyə başladılar. Rusiya da müstəmləkəyə çevirdiyi ərazilərdə, o cümlədən Qafqazda və Mərkəzi Asiyada belə hərəkət etmişdi.
Bunlara baxmayaraq, XX əsrin 20-30-cu illərində ziddiyyətli Versal-Vaşinqton sisteminə, onun bərqərar etdiyi yeni müstəmləkə qaydalarına, Qərbdə və Şərqdə formalaşan totalitarizmə, irqçilik ideologiyası və siyasətinə qarşı müstəmləkə xalqlarının mübarizəsi gücləndi. İkinci dünya müharibəsində faşizm üzərində qələbə milli-azadlıq hərəkatına yeni nəfəs verdi. Bununla da müstəmləkə sisteminin süqutu və dağılması üçün əlverişli şərait yarandı.
Top