Yaponiya XIX əsr– XX əsrin əvvəllərində

Yaponiya XIX əsr– XX əsrin əvvəllərində

xıx əsrin əvvəllərində Yaponiyanı Tokuqava nəslindən olan Syoqun (yaponca-“vəhşiləri itaətə gətirən Böyük sərkərdə” deməkdir. Irsən verilən bu titul sahibi dövlət hakimiyyəti hüququna malik sərkərdə hesab olunurdu) idarə edirdi. Bu dövrdə də Yaponiyada müxtəlif torpaq mülkiyyəti formaları vardı. Samuraylar Yaponiyada ali silki təşkil edirdilər. Syoqunun hələ 1721-ci ildə verilmiş fərmanı ilə şəhərlərin ticarət-sələmçi kapitalı becərilməyən torpaqlardan istifadə hüququ almışdı. Torpaq mülkiyyətinin yeni formasının meydana gəlməsi, habelə əmtəə-pul münasibətlərinin inkişaf etməsi kənd təsərrüfatında bir sıra dəyişikliklərə şərait yaratmışdı. xıx əsrin birinci yarısında kənddə muzdlu əməkdən istifadə olunurdu.

Torpaqsız və aztorpaqlı kəndlilər başqalarının torpaqlarında işləyirdilər. Bu dövrdə Yaponiya mis filizi çıxarılmasına və metal emalına görə dünyada əhəmiyyətli yerlərdən birini tuturdu. Portuqaliyalılar Yaponiyaya gələn ilk avropalılar idilər. Sonra bu ölkəyə ingilis və hollandların gəlişi güclənmişdi. Yaponiyanın Avropa ölkələri ilə ticarət əlaqələri tədricən inkişaf edirdi. Syoqun əsrin ortalarında Yaponiyanın “qapalı ölkə” elan edilməsi haqqında fərman verdi. Birincitiryək müharibəsi başa çatdıqdan sonra İngiltərə, Hollandiya və ABŞ Yaponiyanı sıxışdırmağa başladılar. Onlar ölkənin sərhədlərini xarici ticarət üçün açmağı tələb etdilər, əks təqdirdə Yaponiyanı Çinin gününə salacaqları ilə hədələyirdilər. Beləliklə, Yaponiya “qapalılıq” siyasətindən imtina etmək məcburiyyətində qaldı. xıx əsrin birinci yarısında Tokuqava hakimiyyətinin böhranı daha da güclənmişdi. Xarici iqtisadi ekspensiya, feodal hərbi diktatura rejimi ölkədə ümumi narazılığın və inqilabi şəraitin yaranmasına gətirib çıxarmışdı. Bu dövrdə inqilabın hərəkətverici qüvvəsi, əsasən, kəndlilər və şəhər yoxsulları idilər. Xalqın qəzəbindən özlərini sovuşdurmaq istəyən feodallar Syoqun rejimini qurban vermək qərarına gəldilər. 1867-ci ildə 15 yaşlı Mutsixito imperator taxtında əyləşdirildi. İmperator tərəfdarları ilə Syoqun arasında başlanan münaqişə 1868-ci ilin yanvar ayında silahlı toqquşmaya gətirib çıxartdı. Syoqun qüvvələri məğlub oldular və paytaxt Yedo şəhəri antisyoqun qüvvələrə təslim edildi. 1868-1873-cü illərdə ölkədə burjua islahatları keçirildi.

Bu islahatların məqsədi ölkənin iqtisadi asılılığını ləğv etmək və onun kapitalist inkişafı yolundakı maneləri aradan qaldırmaq idi. Bütün ölkə miqyasında işlənən pul vahidi – iyena qəbul edildi. Yedonun adı dəyişdirilərək Tokio adlandırıldı. İmperator iqamətgahı buraya köçürüldü. Tokio Universitetinin əsası qoyuldu. Ölkədəki narazılığı aradan qaldırmaq və ehtimal olunan demokratik hərəkatın qarşısını almaq məqsədilə imperator 1889-cu ildə Yaponiyanın ilk konstitusiyası haqqında fərman verdi. Konstitusiyada imperatorun şəxsiyyəti müqəddəs və toxunulmaz elan edilirdi. İmperator ali baş komandan olmaqla bərabər, həm də xarici dövlətlərlə bağlanmış müqavilələri və sazişləri imzalayırdı. Parlamentin qəbul etdiyi qanunlar yalnız imperator tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minirdi. Yaponiyanın müstəmləkə təcavüzünün ilk hədəflərində biri Koreya olmuşdu. Yaponiyanın Koreyaya qarşı təcavüzkar siyasəti Yaponiya-Çin münasibətlərinin son dərəcə kəskinləşməsinə səbəb olmuşdu. Koreya problemi 1894-cü ilin iyulunda Yaponiyanın Çinə qarşı genişmiqyaslı müharibəyə başlaması üçün bir bəhanə oldu.XX əsrin başlanğıcında Yaponiya iqtisadi cəhətdən qərbi Avropanın böyük dövlətlərində və ABŞ-dan hələ geridə qalmaqda idi. 1900-1903-cü illərin dünya iqtisadi böhranı ölkədə kapitalın və istehsalın təmərküzləşməsi prosesini sürətləndirmişdi. Yaponiya faktik olaraq Koreyanın işğalına başlamışdı. Yaponiya inhisarlarının səciyyəvi cəhətlərindən biri ondan ibarət idi ki, onlar sələmçi-ticarət kapitalı əsasında yaranaraq inkişaf etmişdilər.

Bu isə inhisarların quruluşunda və fəaliyyətində yarımfeodal üsulların hökm sürməsi ilə müşayiət edilirdi. Yapon kapitalizmi hərbi-feodal səciyyəsi daşıyırdı, bu da mahiyyət etibarilə inhisarçı kapitalizm ilə yarımfeodal  qalıqların çulğaşmasından ibarət idi. Yaponiya hərbi qüvvə ilə yeni bazarlar əldə etməyə çalışırdı. Bu isə xeyli dərəcədə onun sənaye inkişafı yoluna çox gec qədəm qoyması və xarici bazarlarda ABŞ, İngiltərə və Almaniya ilə rəqabət apara bilməməsi ilə bağlı idi. Uzaq Şərq regionunda  nüfuz dairəsi uğrunda Rusiya ilə Yaponiya arasında gedən mübarizə yeni mərhələyə daxil olmuşdu. Rusiyanın Çindən Lyaodun yarımadasını icarəyə götürməsi və Şərqi-Çin dəmir yolunu çəkdirməsi Rusiya-Yaponiya münasibətlərini son dərəcə pisləşdirmişdi. Yaponiya mübarizəyə ciddi şəkildə hazırlaşmışdı. 1902-ci ildə bağlanmış İngiltərə-Yaponiya müqaviləsi Rusiya ilə müharibəyə başlamaq prosesini sürətləndirdi. 1904-cü ilin yanvarında yapon donanmasının Koreyanın Çemulpo limanında Rusiyaya məxsus “Varyaq” kreyserini və “Koreyets” gəmisini məhv etməsi ilə müharibə başlandı. 1904-cü ilin mayında Port-Artur qalası mühasirəyə alındı. Avqust ayında Lyaoyan ətrafındakı döyüşdə ruslar məğlub edildilər. 1904-cü ilin dekabrında Port-Artur qalası təslim oldu. 1905-ci ilin fevralında o dövrün ən böyük döyüşlərindən olan Mukden döyüşündə də rus ordusu ağır məğlubiyyətə uğradıldı. May ayında Susima dəniz döyüşündə rus eskadrasının demək olar ki, tamamilə məhv edilməsi ilə müharibə başa çatmış oldu.

1905-ci ilin avqustunda ABŞ-ın Portsmut şəhərində bağlanmış sülh müqaviləsinə əsasən Rusiya Yaponiyanın Koreyanı işğal etməsini təsdiq etdi. Yaponiya Lyaodun yarımadasını icarəyə götürmək hüququ qazandı. Saxalinin cənub hissəsi Yaponiyaya verildi. Rusiya-Yaponiya müharibəsinin nəticələri Yaponiyanın Cənubi Mancuriyada və Koreyada şəriksiz ağalığını təmin etmiş oldu. 1905-ci ilin noyabrında Yaponiya Koreyanın xarici siyasəti üzərində rəsmi olaraq nəzarət hüququ aldı. Koreya millətçiləri tərəfindən knyaz İtonun öldürülməsi Yaponiyanın Koreyanı tamamilə işğal etməsi üçün bəhanə oldu.1910-cu ilin avqustunda Koreya Yaponiyanın ptotektoratına keçdi.
Həmçinin oxu: Yaponiya haqqında

Top