1804-cü ilin mayında Senat Napeleon Bonapartı I Napeleon adı ilə imperator elan etdi. 1805-ci ildə Fransaya qarşı Avropa dövlətlərinin yeni koalisiyası yaradıldı. Bu koalisiyaya İngiltərə, Rusiya, Avstriya və b. daxil oldular. 1805-ci ilin oktyabrında Trafalqar burnu yanında ingilis donanması fransız donanmasını darmadağın etdi. 1805-ci ilin dekabrında Austerlits döyüşündə Rusiya və Avstriya qüvvələri məğlubiyyətə uğradılar. 1806-cı ildə Fransa qoşunları Prussiya torpaqlarına soxuldular. Qısa müddətdə Prussiyanın taleyi həll edildi və Napeleon Berlinə daxil oldu. Napeleon Berlində Kontinental blokada haqqında dekret imzaladı. Fransa Avropanı özünə tabe etməli idi. Beləliklə, kontinental mühasirənin elan edilməsi Fransanın qəsbkarlıq siyasətində dönüş nöqtəsi oldu. Bu onu Avropa və dünya hökmranlığı uğrunda müharibəyə sövq etdi. 1807-ci ilin iyununda isə Fridland yaxınlığında fransızlarla döyüşdə rus qoşunları məğlubiyyətə uğradılar. Iyul ayında Tilzitdə Rusiya ilə Fransa arasında sülh müqaviləsi imzalandı. Rusiya Napeleon tərəfindən Avropada həyata keçirilmiş dəyişiklikləri tanımağa və Kontinental blokadaya qoşulmağa məcbur oldu. 1812-ci ilin iyununda Fransa ordusu Rusiyaya hücum etdi. 1812-ci ilin sentyabrında Mojaysk yaxınlığında Borodino çölündə baş verən vuruşmada hər iki tərəf xeyli təlafat verdi. Fransız orduları Moskvaya daxil oldular.
Lakin burada əlverişsiz vəziyyətə düşən düşmən ordusu oktyabr ayında Moskvadan geri çəkilməyə məcbur oldu. Geri çəkilərkən fransızlar böyük itkilər verirdilər. Fransız ordusunun Rusiyada məğlub edilməsi Napoleon imperiyasının süqutunun başlanğıcı oldu. 1813-cü ilin oktyabrında Leyptsiq yaxınlığında Napeleon orduları ilə müttəfiq dövlətlərin qoşunları arasında baş vermiş döyüş “Xalqlar döyüşü” adını aldı. Napeleonun ordusu darmadağın edildi. 1814-cü ilin martında müttəfiq qoşunları Parisə daxil oldular. Napeleon taxtdan əl çəkdi və İtaliyanın yaxınlığındakı kiçik Elba adasına sürgün edildi. Qələbədən sonra Avropa dövlətləri Vyanada konqresə toplaşdılar. Ingiltərə, Rusiya, Avstriya, və Prussiya konqresdə mühüm rol oynayırdılar. Onların əsas məqsədi Napoleon tərəfindən istila edilmiş ölkələrdə monarxiya qaydalarını bərpa etməkdən, Avropada və digər yerlərdə əraziləri yenidən öz aralarında bölüşdürməkdən, inqilabi hərəkata qarşı mübarizə aparmaqdan ibarət idi. Vyana konqresinin qərarlarına görə Rusiya, Varşava da daxil olmaqla, Polşanın bir hissəsini və Finlandiyanı öz tərkibinə qatdı. Avstriya Venesiya və Lombardiyada öz hakimiyyətini bərpa etdi. Roma vilayəti üzərində Papanın hakimiyyəti bərpa edildi. Alman dövlətlərindən ibarət Almaniya ittifaqı yaradıldı. Ingiltərə Avropada öz hegemonluğunu bərpa etdi, Hollandiyanın keçmiş müstəmləkəsini, Kap torpağını, Seylon və Maltanı ələ keçirtdi. Senat Burbonlar sülaləsinin hakimiyyətinin bərpa edilməsi haqqında qərar qəbul etdi. Napeleon yenidən taxta çıxdı. Lakin o, hakimiyyət başında cəmi 100 gün qala bildi.
1815-ci ilin iyununda Vaterloo yaxınlığında onun ordusu müttəfiq qoşunları tərəfindən tamamilə darmadağın edildi. Napeleon hakimiyyətdən devrildi, əsir kimi Müqəddəs Yelena adasına göndərildi. 1852-ci il dekabrın 2-də Fransada monarxiya bərpa edildi. I Napeleonun qardaşı oğlu Lui Napeleon III Napeleon adı ilə imperator elan olundu. Ikinci imperiya adlandırılan imperiya yaradıldı. Burjuaziya imperatoru müdafiə etdi. III Napeleonun hakimiyyəti illərində burjuaziyanın mövqeyi daha da möhkəmləndi. Sənaye və ticarət inkişaf edirdi. Sənaye çevrilişi başa çatmışdı. III Napoleon 1864-cü ildə tətillərin qadağan edilməsi haqqında qanunu ləğv etməyə məcbur oldu. 1866-cı ildə Fransa-Prussiya münasibətləri kəskinləşdi. Prussiyanın dağınıq alman dövlətlərini birləşdirmək cəhdi əslində müsbət hadisə idi. Lakin Fransa vahid və qüdrətli Almaniyanın yaradılmasını istəmirdi. Prussiya da öz növbəsində Fransanın zəngin vilayətlərini ələ keçirmək arzusunda idi. Fransa-Prussiya müharibəsi 1870-ci il iyulun 19-da başladı. Ilk döyüşlərdən alman orduları təşəbbüsü ələ aldılar. Mets qalasına sığınan fransızlar Prussiya ordusu tərəfindən mühasirəyə alındı. III Napoleon başda olmaqla mühasirədə olanlara köməyə gedən qüvvələr sentyabrın 2-də Sedan ətrafında mühasirəyə alınaraq imperatorla birlikdə düşmənə təslim oldu. Sedan fəlakəti Paris əhalisini küçələrə çıxartdı. Sentyabrın 4-də III Napoleon taxtdan uzaqlaşdırıldı. Fransa respublika elan edildi. Ikinci imperiyaya son qoyuldu.
Prussiyanın hakim dairələri Fransanı talan etmək, onun Elzas və Lotaringiya kimi zəngin ərazilərini ələ keçirmək məqsədilə müharibəni davam etdirirdilər. 1871-ci il yanvarın 18-də Versalda Almaniya imperiya elan edildi. Fevralda Fransa ilə sülh müqaviləsi imzalandı. müqaviləyə görə, Almaniya Elzas və Lotaringiyanı ələ keçirdi. Fransa beş milyard frank təzminat verməli, həm də ödənişin başa çatmasına qədər əzazisinin xeyli hissəsi alman qoşunlarının nəzarəti altında qalmalı idi. 1871-ci ilin martında baş vermiş üsyan nəticəsində Fransa tarixində çox faciəli rol oynamış Paris kommunası hakimiyyəti meydana çıxmışdı (1871-26 mart-28 may). Fransa hakim dairələri müharibədə itirdiklərinin əvəzini müstəmləkələri genişləndirməklə doldurmağa cəht edir və Almaniyaya qarşı qisasçılıq siyasəti yeridirdilər. Dünyanın bölüşdürülməsində Almaniyanın əsas rəqibi İngiltərə olduğundan, Fransa İngiltərə ilə yaxınlaşmağa və Afrikada İngiltərəyə güzəştə getməyə məcbur olmuşdu. Bununla da o, İngiltərənin şəxsində Almaniyaya qarşı müttəfiq əldə etmişdi.Fransanın iqtisadiyyatında başlanan əvvəlki inkişaf meylləri xx əsrin əvvəllərində də davam etməkdə idi. Ölkədə yeni sənaye sahələri- avtomobil, kimya, gəmiqayırma sənayesi inkişaf edir, elektrik enerjisi istehsalı artırdı. Avtomobil istehsalı və aviasiyanın inkişafına görə Fransa Avropada birinci yerdə idi. Fransa iqtisadiyyatında inhisarlar həlledici rol oynayırdı. Istehsalın təmərküzləşməsi səviyyəsinə görə də Fransa ABŞ, Almaniya və İngiltərədən geri qalırdı. Fransada sənaye və kənd təsərrüfatı ləng inkişaf etsə də, bank kapitalı sürətlə artırdı.
Bank kapitlının mərkəzləşməsi sürətlə getdiyindən faktik olaraq ölkənin bütün maliyyə sistemi bir neçə bankın əlində idi. Kapitalın ixracına görə Fransa dünyada ikinci yeri tuturdu. Fransa öz kapitalını borc kapitalı şəklində ixrac edirdi. Dövlət borcu formasında ixrac olunan kapital fransız kapitalistlərinə görünməmiş mənfəət gətirirdi. 1901-ci ildə formalaşmış sol Radikal partiyası xırda burjuaziya və orta burjuaziyanın bir hissəsinin arasında malik idi. Bu partiya geniş siyasi və sosial islahatlar proqramı ilə çıxış edirdi. 1902-ci ildə keçirilən seçkilərdə Radikallar partiyası Deputatlar palatasında ən çox yer aldılar. Bu partiya sosialistlərin bir hissəsi ilə “Sol blok” yaratdı və deputatlar palatasında əksəriyyət əldə etdi. Radikal hökümət diqqətini kilsə icma birləşmələri haqqında qanunun həyata keçirilməsi üzərində cəmləşdirdi. Onları Roma papası müdafiə edirdi. 1904-cü ildə E.Komb hökuməti Vatikanla diplomatik münasibətləri kəsdi və kilsənin dövlətdən ayrılması haqqında qanun layihəsi hazırladı. 1906-cı ildə keçirilən parlament seçkilərində radikallar yenə də Deputatlar palatasında çoxluq qazandılar. J.Klemansonun başçılığı ilə hökumət təşkil etdilər. Klemansonun yaratdığı “möhkəm hakimiyyət” iri kapitalın imtiyazlarını ləğv etməyə deyil, məhdudlaşdırmağa çalışmalı idi. əgər əvvəllər Klemanso sosialistlərlə əlaqə yaratmağa çalışırdısa, hakimiyyətə gəldikdən sonra onların əleyhinə çıxmağa başlamışdı. Bu dövrdə ingilis-alman, fransız-alman ziddiyyətlərinin kəskinləşməsi köhnə rəqiblər olan Fransa və İngiltərənin yaxınlaşması üçün əlverişli şərait yaratmışdı.
Fransanın Mərakeşi işğal planına Almaniyanın müdaxilə etməsi vəziyyəti daha da mürəkkəbləşdirdi. 1906-cı ildə keçirilən konfransda İngiltərə və Rusiyanın köməyi ilə Fransanın Mərakeşdəki mənafe üstünlüyü tanındı. 1911-ci ildə Mərakeş üstündə Fransa ilə Almaniya arasında münasibətlər yenidən kəskinləşdi. Ingiltərə və Rusiya Mərakeş məsələsində Fransanı qəti müdafiə etdilər. Almaniya geri çəkilməyə məcbur oldu.