Qurani-Kərimdə buyurulur ki, Allah ancaq təqvalılardan qəbul edir. Bəs o kəs ki, təzə müsəlman olmuşdur və nəfsinin islahı ilə məşğuldur – onun xeyir əməllərinin hökmü necə olacaqdır? Allah tərəfindən qəbul olunacaq, yoxsa yox?
Həzrət Adəmin (ə) övladlarının əhvalatında görürük ki, iki nəfərin qurbanı arasından, Allah Təala Habilin qurbanını qəbul edir. Quran bu əhvalatı bəyan edəndən sonra buyurur: “Adəmin iki oğlunun (Habil ilə Qabilin) qurbanlıq zamanı olmuş əhvalatını həqiqi və düzgün şəkildə onlara oxu (Habil dəvə kəsdi, Qabil isə bir az buğda gətirdi). Beləliklə birindən qəbul olundu və digərindən qəbul olunmadı. (Qabil) dedi: «Səni mütləq öldürəcəyəm». (Habil) dedi: «Həqiqətən Allah yalnız təqvalılardan qəbul edir»”. (“Maidə” 27).
Bunu qeyd etmək lazımdır ki, təqva – nisbi bir anlayışdır ki, dərəcə və məqamlara malikdir.
İmam Sadiqin (ə) nəzərinə görə təqva üç cür olur:
1. Allah Təala yolunda olan təqva. Burada bəzi halallar da tərk olunur.
2. İlahi qorxudan olan təqva. Haram olması şübhəli olan şeyləri tərk etməkdir.
3. Allahın əzab qorxusundan olan təqva. O, haramları tərk etməkdir.
Birinci dərəcə – xassul-xaslara aid olan təqvadır. Buraya Allahın seçilmiş bəndələri və İlahi övliyalar daxildirlər.
İkinci dərəcə – xüsusi insanların təqvasıdır ki, imanları təkmilləşdirmək istəyənlərə aiddir.
Üçüncü dərəcə – ümumi təqvadır ki, İslam yolunda olan hər kəsə şamil edilər.
Təqva – insanı eyibdən, büdrəmədən və günahdan qoruduğu üçün saf bulağa bənzəyir. Həmin bulağın ətrafında müxtəlif ağaclar bitirlər. Hər bir ağac öz ehtiyac və şəraitinə əsasən ondan qidalanır və istifadə edir.
Sonra insanlar bu ağacın meyvələrindən bəhrələnirlər və onların meyvələrinin dadına və lətifliyinə görə bir-birindən fərqləndirirlər.
Ona görə də deyə bilərik ki, təqva – nisbi anlayışdır. İnsan hər nə qədər günahdan uzaq olmağa çalışar və səy göstərərsə, bir o qədər təqvaya yaxın olar. Dinimiz buyurur ki, hər kəsin təqvası vardır, hətta günahkarların belə. Sadəcə dərəcələrə malikdir. Əks halda heç bir insan xeyir iş görməz və şərdən əl çəkməzdi. (Beytutə)
O ki, qaldı əməllərin qəbul olmasına, bəli əməllər təqva səviyyəsinə görə qəbul olar. Ancaq bu, o demək deyildir ki, günahkarların əməlləri qəbul olmaz. Bəlkə qəbul olar, ancaq onların təqvalarının dərəcəsinə uyğun olaraq. Ona görə də Allah hər bir xeyir əmələ görə müxtəlif cür mükafatlar verir. O şəxs ki, təzə İslamı qəbul etmişdir, onun xeyir əməli təqvasının dərəcəsi qədər qəbul olunar. Bu səbəbdən Allah Təala buyurur: “Allahdan bacardığınız qədər qorxun (yəni təqvaya malik olun)”. (“Təğabun” 16).
Mənbə: Deyerler.org