Mənim rəfiqəm şəhər mühitində,ziyalı bir ailədə böyüyüb.Olduqca dünyagörüşlü,savadlı bir qızdır.Hal-hazırda o,Tibb Universitetində,2-ci kursda oxuyur və kənd mühitində böyümüş,savadı olmayan,üstəlik,Rusiyada işləyən bir oğlanı sevir.Oğlan da rəfiqəmi dəlicəsiində sevdiyini deyir.Ancaq onların dünyagörüşü,təhsil səviyyəsi eyni deyil.Əminəm qoyulan qadağalar rəfiqəmin gələcək təhsilində,gələcək işində ona mane olacaq.Buna görə də,onu bu fikrindən yayındırmağa çalışıram.
Bu cür “sevgilərə” həyatda çox rast gəlinir.Əksəriyyəti də sizin qeyd etdiyiniz kimi müvəffəqiyyətsizliklə nəticələnir.Çünki,insanların ailə qurması sevgi və hörmətlə yaxından bağlı olduğu kimi,insanların sosial-iqtisadi statusu,intellekt səviyyəsi və həyata baxışı ilə də yaxından bağlıdır (xüsusilə də “müasir dünya”da).Ancaq təəssüf ki,gənclərdə əsasən hisslər məntiqdən öndə olur.Buna görə də,gənclər səhv etməyə daha meylli olurlar.Əgər insanlar hisslərindən əmindilərsə,arada nə qədər “ictimai maneə” olursa olsun,problemlərin öhdəsindən gələ bilərlər.Ancaq,bu vəziyyət cəmiyyətdə çox qarşılaşdığımız bir vəziyyət deyil.Çünki,insanlar öz şüuraltı düşüncələrini davranışlarına əks etdirir və çox vaxt bunun fərqində də olmurlar.Ona görə də,aradakı bu fərqlər çox vaxt konkret problem mənbəyinə çevrilir və hər dəfə bir məsələdə münaqişənin baş verməsinə səbəb olur.
Siz məsələyə kənardan baxdığınız üçün daha obyektiv yanaşırsınız.Ancaq,rəfiqəniz hisslər məngənəsində qaldığı üçün,təbii olaraq,məntiqli düşünə bilmir.Məhəbbət hissinin cazibədarlığını ona sağlam və məntiqli düşünməyə imkan vermir.Əgər,sizə qulaq asırsa,ona tövsiyə verəndə çalışın ki,hisslərini incitməyəsiz.Ona müsbət,tənqidi olmayan və kömək məqsədi ilə yanaşdığınızı hiss etdirin.Ancaq,onun yerinə də qətiyyən qərar verməyin.Özü qərar verəndən sonra da həmişə onun yanında olun və dəstəkləyin.Çünki,həyatımızda bizi bizdən çox düşünən xeyirxah dostlara çox ehtiyacımız var.Rəfiqəniz də hər an belə bir ehtiyac hiss edə bilər. “Əgər bu yuva qurulsa,xoşbəxtlik olacaqmı?” sualına gəlincə isə bu sualın cavabını ancaq Ulu Yaradan bilər.Bizə isə səbəblər dairəsində düçünmək və təvəkkül çərçivəsində hərəkət etmək düşər.
Mənbə: “Ailəm” jurnalı.
Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.
Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.