Coğrafi təbəqənin inkişafı

Coğrafi təbəqənin inkişafı

Coğrafi təbəqənin inkişafının sonunda biosfer — həyat təbəqəsi yaranmışdır. Yerdə həyatın yaranması haqqında dini və elmi fərziyyələr mövcuddur. Ç.Darvinin məşhur təkamül nəzəriyyəsindən başqa, həyatın Yerə kənardan gəldiyini, canlıların sərbəst olaraq formalaşdığını, vulkanlardan yarandığını və s. iddia edənlər vardır. Lakin bunun dəqiq cavabı hələ ki elmə tam məlum deyil.
Alimlərin çoxu hesab edir ki, Yerdə həyat okeanda birhüceyrəli orqanizmlərin yaranması ilə başlamış, sonra quruya keçmişdir. Tədricən birhüceyrəlilərdən çoxhüceyrəli orqanizmlər, sonra daha mürəkkəb quruluşa malik bitkilər və heyvanlar yaranmışdır. Coğrafi təbəqə
Coğrafi təbəqə Yer qabığının üst hissəsini, atmosferin aşağı qatlarını, bütün hidrosferi və biosferi özündə birləşdirir. Bu sərhədlər daxilində onun orta qalınlığı 50-55 km təşkil edir. Coğrafi təbəqənin inkişafında 3 mərhələ ayrılır:
  1. Biogenəqədərki mərhələ — coğrafi təbəqənin inkişafında ən uzun mərhələ olub (3 mlrd, il davam etmişdir) Kriptozoy eonunu əhatə etmişdir. Bu mərhələdə atmosferin tərkibində sərbəst oksigen az, karbon qazı isə çox olmuşdur. Canlılar öz inkişafının ilkin mərhələsində olduğu üçün coğrafi təbəqənin formalaşmasında onlar az əhəmiyyət daşımışdır. Ən qədim platformalar yaranmışdır; üzvi mənşəli süxurlar və torpaq örtüyü isə yenicə əmələ gəlməyə başlayırdı.
  2. Biogen mərhələ — 580 mln. il davam etmişdir. Bu mərhələ Fanerozoy eonunu əhatə edir. Bitki örtüyünün inkişafı atmosferin qaz tərkibinin dəyişməsinə səbəb olmuşdur. Balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, məməlilər, quşlar bu mərhələdə yaranmışlar. Canlılar tədricən Yerin bütün təbəqələrinə yayılmışdır. Üzvi süxurların toplanması və torpaq örtüyünün yaranması baş vermişdir. Bu mərhələnin sonunda insan yaranmışdır.
  3. Müasir (antropogen) mərhələ — 40 min il bundan əvvəl — “ağıllı insan”ın (homo sapiens) yaranması və onun təbii mühitə təsirinin artması ilə başlanmışdır. Bu mərhələdə coğrafi təbəqə insanın təsərrüfat fəaliyyəti nəticəsində dəyişmiş, ekoloji problemlər yaranmışdır.
Coğrafi təbəqənin fasiləsiz inkişafının 2 ən mühüm xüsusiyyəti vardır:
a) coğrafi təbəqədə inkişafın mənbəyi Günəş enerjisi və Yerin daxili enerjisidir;
b) coğrafi təbəqədə maddələrin ümumi dövranı prosesi baş verir.
Təbiətdə suyun, havanın, üzvi maddələrin, süxurların, qazların və s. maddələrin dövranı baş verir. Məhz bunun nəticəsində coğrafi təbəqənin fasiləsiz inkişafı və yenilənməsi təmin olunur.

Müəllif: Yaqub Qəribov, Oqtay Alxasov, Şərafət Hüseynli,Məhbubə Babayeva
Mənbə: Coğrafiya 10 Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Coğrafiya fənni üzrə DƏRSLİK
Top