Günəşin yerə təsiri

Günəşin yerə təsiri

Günəş Yerə hərtərəfli təsir edərək həm canlı, həm də cansız təbiətin mövcud olmasına şərait yaradır. Günəş işığı və istiliyinin Yer səthində qeyri-bərabər paylanması fəsillərin yaranmasına, iqlim qurşaqları və iqlim tiplərinin formalaşmasına səbəb olur. Günəş işığının təsiri ilə fotosintez prosesi baş verir. Günəş şüalarının Yer kürəsinə təsiri maddələr və enerji dövranını yaradır, Yerin ayrı-ayrı təbəqələrini əlaqələndirir.
Günəşdən kosmik fəzaya gələn şüaların, hissəciklərin, maqnit sahələrinin məcmusu günəş küləyi adlanır. Günəş küləyi 3-4 gün müddətinə, bəzən də daha tez Yer səthinə çatır. Günəş küləyi ilə Yerə gələn şüalara görünən günəş işığı, infraqırmızı və ultrabənövşəyi radiasiya daxildir. Günəşdən daim böyük miqdarda işıq və istilik enerjisi ayrılır.
Bunun səbəbi Günəşin əsas tərkib hissələri olan hidrogen və helium elementlərinin zəncirvarı çevrilmələri ilə müşayiət olunan nüvə reaksiyalarıdır.günəşin quruluşu
Günəşdə baş verən bütün fiziki dəyişikliklərin məcmusuna günəş fəallığı deyilir. Günəşin səthində temperaturun nisbətən aşağı olduğu hissələr Yerdən ləkələr kimi görünür və günəş ləkələri adlanır. Günəş fəallığı dövründə tez-tez partlayışlar baş verir, günəş ləkələri yox olur və yeniləri yaranır.
Günəş küləyinin qasırğa şəklində Yer atmosferinə daxil olması və Yerin maqnit sahəsi ilə qarşılıqlı təsiri nəticəsində maqnit qasırğaları yaranır. Maqnit qasırğaları bir neçə saatdan bir neçə gün müddətinə qədər davam edir. Bəşəriyyət tarixində indiyə qədər müşahidə olunan ən güclü maqnit qasırğası 1859-cu ildə baş vermişdir. Alimlər maqnit qasırğalarını proqnozlaşdırır, meteoroloqlar isə müntəzəm olaraq maqnit qasırğalarının baş verəcəyi haqqında əhaliyə xəbərdarlıq edirlər.
Maqnit qasırğaları həm də qütb parıltısının yaranmasına səbəb olur. Qütb parıltısı günəş küləyinin elektrik yüklü hissəciklərinin Yerin atmosferinin yuxarı hissəsi ilə toqquşması nəticəsində əmələ gəlir. Bu hadisə, əsasən, qütbətrafı enliklərdə atmosferin yuxarı qatlarından biri olan ionosfer qatında müşahidə edilir.
Günəş şüalarının insan orqanizminə mənfi təsirindən qorunmaq üçün yayda saat 1100−1700 arasında gün altında uzun müddət qalmamaq, çoxlu maye qəbul etmək, dəriyə müntəzəm olaraq gündən qoruyucu vasitələr çəkmək vacibdir.


Müəllif: Yaqub Qəribov, Oqtay Alxasov, Şərafət Hüseynli,Məhbubə Babayeva
Mənbə: Coğrafiya 10 Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Coğrafiya fənni üzrə DƏRSLİK
Top