Təbiətdə mövcud olan canlı orqanizmlər təklikdə deyil, qrup halında yaşayır, müxtəlif təbii birliklər yaradırlar. Bu birliklərdə canlılar və onların əhatəsində olan amillər arasında bir çox qarşılıqlı əlaqələr mövcuddur. Bunlardan ən əhəmiyyətlisi qida əlaqələridir.
- Qida əlaqələri necə yaranır?
- Maddələrin cansız təbiətdən canlı təbiətə “axın”ını həyata keçirən hansı canlılardır?
- Onlar bu “axın”ı necə reallaşdırırlar?
- Bu canlıları necə qruplaşdırmaq olar?
Bəs necə olur ki, havada karbon qazının miqdarı nisbi sabit qalır?
Avtotrof bakteriyalar lazım olan üzvi maddələri qeyri-üzvi maddələrdən sintez edir. Bu bakteriyalar fototrof (fotosintezedici) və xemotrof (xemosintezedici) olmaqla iki qrupa bölünür. Fotosintezedici bakteriyalar yaşıl bitkilərdə olduğu kimi, fotosintez edərək üzvi maddələr sintez edir. Fotosintez edən bakteriyalar üçün də enerji mənbəyi Günəşdir. Lakin bunların malik olduqları xlorofil nə xromotoforda, nə də xloroplastda yerləşir. O, sərbəst surətdə sitoplazmada (qırmızı və yaşıl bakteriyalar) və fotosintezedici membran üzərində (sianobakterialar) yerləşir. Fotosintetik bakteriyaların işıq enerjisindən istifadə edərək üzvi maddə sintezetmə reaksiyaları:
Reaksiyalardan göründüyü kimi, bakteriyalann istifadə etdiyi hidrogen mənbəyi fərqlidir. Bu səbəbdən də onlar fotosintez edərkən hər zaman havaya sərbəst oksigen xaric etmir. Göy-yaşıl yosun adlandırılan sianobakteriyalar hüceyrələrində olan xlorofilin iştirakı ilə fotosintez prosesini həyata keçirir və sərbəst oksigen xaric edir. Bu canlılar öz qidalarını özləri hazırladıqlarından əksəriyyət canlıların yaşaya bilmədikləri üzvi maddələrlə çirklənmiş su hövzələrində də yaşayırlar.
Xemosintezedici bakteriyalar qeyri-üzvi maddələrdən üzvi maddələr sintez etmək üçün Günəş enerjisindən deyil, bəzi kimyəvi reaksiyalar zamanı ayrılan enerjidən istifadə edir. Xemosintezedici bakteriyalar (kükürd, dəmir, nitrifikasiya) qeyri-üzvi maddələrin oksidləşməsi zamanı ayrılan kimyəvi enerji hesabına üzvi maddə sintez edir.
Avtotrof heyvanlar. Birhüceyrəli heyvan olan yaşıl evqlenanın sitoplazmasında 20-dən çox xloroplast olur. Evqlenalar gündüzlər işıqlı yerlərə toplaşır. Bu zaman onların hüceyrələrində fotosintez prosesi baş verir. Bu proses koloniya halında yaşayan volvoks hüceyrələrində də həyata keçirilir.
Bitkilər. Bu aləmdə növlərin əksəriyyəti xlorofilə malik olduğu üçün üzvi maddə istehsalçısı hesab olunurlar. Bitkilər tərəfindən sintez olunmuş üzvi maddələr bütün canlıların qida mənbəyinin təməlini təşkil edir.
Bildiyiniz kimi, üzvi maddələrin sintezi, əsasən, gündüz həyata keçirilir. Gecələr isə bu proses dayanır. Yalnız xemosintezedici canlılar onu bütün gün ərzində həyata keçirirlər. Üzvi maddə istehsalçılarının ayırdıqları oksigen canlıların tənəffüsü üçün vacibdir.
Biosferdə üzvi maddə istehsalçılarının əksəriyyətini təşkil edən bitkilər həyatın davamı üçün əvəzsizdir. İnsanlar bitkiləri qorumaqla, əslində, öz gələcəklərinə təminat vermiş olurlar.
Müəllif: Nüşabə Məmmədova, Brilyant Həsənova,Könül Mahmudova,Leyla Fətiyeva
Mənbə: BİOLOGİYA — 10 Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Biologiya fənni üzrə DƏRSLİK