Antarktidanın təbiəti

Antarktidanın təbiəti

Antarktika (yunan “anti” – “əks” deməkdir) – yəni Yer kürəsinin Şimal qütbü ətrafının – Arktikanın əksi mənasındadır. Antarktida – üç yarımkürədə yerləşən, sahəsi 14 milyon km2 olan, üç okeanın suları ilə əhatələnən cənub materikidir. Materik bütün coğrafi uzunluqlarda yerləşir, onun sahilləri hər tərəfdən şimala istiqamətlənmişdir ki, bu da onun coğrafi mövqeyi ilə əlaqədardır.

Antarktida – cənub materiklərinin əvvəllər daxil olduğu Hondvananın tərkib hissəsidir. Materik eyniadlı litosfer tavasında yerləşir, qərb tərəfdən And dağlarının davamı kimi Sakit okeanın “Odlu həlqə”sinə daxildir. Antarktidada hələ də vulkanik proseslər (burada fəaliyyətdə olan Erebus vulkanı püskürür) davam edir. Materikin buzaltı relyefi (sıra dağlar, platolar, çökəkliklər və s.) mürəkkəbdir.

Antarktidanın buz örtüyü. Antarktidanın mərkəzi hissəsi maksimum qalınlığı 4500 m-ə çatan qalın buz qatı ilə örtülüdür. Yer kürəsində mövcud olan buz örtüyünün 90%-i buradadır. Antarktidada buz örtüyünün tarixi 20 milyon ildən artıqdır. Buz örtüyü günbəzi xatırladır. Onun qalınlığı Cənub qütbü ətrafında maksimuma çatır, kənarlara doğru isə nazikləşir və sahilboyunda nəhəng aysberqlər yaradır. Materikin buz örtüyü şirin su ehtiyatıdır, lakin bu ehtiyatlardan istifadə olunmur. Aysberq – suda üzən buz dağıdır. Onun 2/3 hissəsi suyun altında olur.

Antarktidanın mineral ehtiyatları. Antarktida mineral ehtiyatlarla zəngindir. Bura təkcə maqmatik süxurlarda rast gəlinən faydalı qazıntılarla deyil, həm də üzvi mənşəli çökmə süxurlarda mövcud olan daş kömür, neft, təbii qaz ehtiyatları ilə də zəngindir.

Antarktidanın iqlimi. Antarktida materikini “Yerin soyuducusu” adlandırırlar. Burada dünyanın ən soyuq ərazisi yerləşir. Materikin daxili hissəsində iqlim daha sərtdir. Yayda (yanvarda) –30°C, qışda (iyulda) –89,2°C “Vostok” stansiyasında) müşahidə olunmuşdur. 2013-cü ildə isə yapon stansiyasında –91,2°C qeydə alınmışdır. Yayda materikin səthi günəşdən kifayət qədər istilik alır, lakin qar və buz örtüyü günəş istiliyini əks etdirərək geri qaytarır və ərazi qızmır. Materikin mərkəzi ilə sahilləri arasında kəskin təzyiq fərqi vardır. Cənub qütbündən 60° c.en-ə doğru əsən cənub-şərq küləklərinin sürəti saniyədə 65 m-ə bərabər olur və onlar buz hissəcikləri ilə müşayiət edilir.

Antarktidanın üzvi alәmi. Bütün materiklər arasında üzvi aləminə görə ən kasıb materikdir. Sahilboyunda buz örtüyü arasında yerləşən Antarktida vahələrində mamır, şibyə və ibtidai yosun istisna olmaqla materikdə bitki örtüyü yoxdur. Bu ərazilərin daimi sakini pinqivinlərdir. Sahilboyu sularda mavi balina, kaşalot və s.-yə rast gəlinir. Bu ərazilərdə sular planktonlarla zəngindir.

Antarktidaya dair 1 dekabr 1959-cu ildə imzalanan və 23 iyun 1961-ci ildən qüvvəyə minən konvensiyaya görə, materik heç bir dövlətə məxsus deyildir. Ondan yalnız elmi fəaliyyət üçün üstifadə oluna bilər. Antarktida daimi əhalisi olmayan materikdir. Burada ABŞ, Rusiya Federasiyası, Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya,Yaponiya və digər ölkələrin elmi tədqiqat stansiyalarında müvəqqəti işləyən ixtisaslı kadrlar yaşayır. Son illərdə materik turistlərin diqqətini cəlb etməyə başlamışdır. Hazırda Antarktidaya ildə 6000-dən çox turist gəlir.

Mənbə: Coğrafiya – 9. Ümumtəhsil məktəbləri üçün dərslik.
Müəlliflər: Elbrus Əlizadə, Nərminə Seyfullayeva, İrkən Aktoprak, Yelena Şabanova

Top