Şimal materiklərinin insan təsirinə daha çox məruz qalan təbii zonaları, əsasən, dəyişmişdir. Bu, əhalinin daha sıx məskunlaşdığı – Şərqi Çin, Qərbi Avropa, Dekan, Mərkəzi düzənliklər və ABŞ-ın Atlantiksahili ərazilərində müşahidə olunur. Təbii zonalardan meşә, meşә-çöl vә çöllәr, codyarpaqlı hәmişәyaşıl meşә vә kolluqlar, savanna, seyrәk vә musson meşәlәri daha çox mənimsənilmişdir. Bu, təbii zonaların yerləşdiyi ərazilərdə relyefin mənimsənilmə üçün yararlı, iqliminin əlverişli olması, torpaqların münbitliyi, ərazinin bioloji ehtiyatlarının zənginliyilə əlaqədardır. Bioloji ehtiyat – insanların istifadə edə biləcəyi bitki və canlı aləmə deyilir.
Bitki ehtiyatlarına oduncaq tədarük etmək üçün meşələr, biçənək və otlaqlar, göbələk və yosunlar və eyni zamanda, qida (qoz, fındıq və s.) və dərman (müalicə üçün bitki yarpaqları, kökləri və s.) məqsədilə istifadə olunan ağac və kollar daxildir. Avrasiyanın meşələrində bitən müalicəvi yabanı giləmeyvələr, Şimali Amerikada isə qayınağacından alınan şirə sənaye əhəmiyyətinə görə dünyada məşhurdur.
Canlı orqanizmlərə isə xəz və ov üçün nəzərdə tutulan heyvanlar, eləcə də, balıq və quşlar aiddir. Şimal materiklərinin meşələrində məskunlaşan qiymətli xəzə malik olan canlılar – sincab, gəlincik, su samuru, tülkü, dələ, dovşan və s. yüngül sənayedə mühüm xammal bazası rolunu oynayır. Meşələrdə ağac koğuşlarında olan yabanı arı balı qiymətli qida məhsulu olmaqla yanaşı, müalicəvi xüsusiyyətə malikdir. Bioloji ehtiyatlar tükənən, lakin bərpaolunan ehtiyat növüdür. Onlar ən qədim zamanlardan insanların istifadəsindədir. Əhalinin sayının artması adambaşına düşən bioloji ehtiyatların təmin olunmasında problemlərin yaranmasına gətirib çıxarır. Lakin bioehtiyatların miqdarını artırmaq və onları bərpa etmək mümkündür.
Çöl vә meşә çöllәr – mülayim iqlim qurşağının cənub hissəsində geniş yer tutan təbii zonadır. Avrasiyanın çölləri paralel istiqamətində Şərqı Avropa ölkələri, Rusiyanın cənubunu, Qazaxıstan, Monqolustan və Çinin şimalını əhatə edir. Şimali Amerikanın çölləri isə meridian istiqamətində ABŞ və Kanadanın mərkəzi hissəsində yerləşir. Çöl zonası bitkiçilik (xüsusilə də taxılçılıq) və heyvandarlığın (əsasən, maldarlıq) inkişafı üçün geniş imkanlara malikdir.
Codyarpaqlı hәmişәyaşıl meşә vә kolluqlar – Cənubi Avropanın Aralıq dənizi sahilləri və Şimali Amerikanın subtropik iqlim qurşağında Sakit okean sahilində yayılmışdır. Bu zonanın iqlimi əkinçilik, heyvandarlıq üçün əlverişlidir. İstisevən portağal, naringi, limon, feyxoa, zeytun, üzüm və s.-nin becərilməsi üçün imkan daha böyükdür.
Şimal materiklərinin musson meşәlәrinin yayıldığı şərq sahilləri əlverişli iqlim şəraitinə malikdir. Buranın iqlim şəraitinin əlverişliliyi əhalinin son dərəcə sıx məskunlaşması və təbii kompleksin tamamilə itməsi ilə nəticələnmişdir. Hazırda musson meşələrinin yayıldığı Çin, Yaponiya və bu kimi ölkələrdə meşələr çay, tərəvəz, qarğıdalı tarlaları ilə əvəz olunmuşdur. Bu ərazilər dünyanın ən mühüm çəltik zonalarındandır.
Savanna və seyrәk meşәlәrdәki qırmızı-qonur torpaqlar ilboyu əkinçilikdə istifadə edilir. Burada əkinçilik qış aylarında suvarma tələb edir. Şimali Amerikanın savannaları materikin cənubunda, nisbətən kiçik ərazini tutur. Avrasiyada isə Cənubi Asiya, Cənub-Şərqi Asiya regionunda savanna zonası geniş yayılmışdır. Buradakı ölkələrin əksəriyyətində əhalinin təbii artımı yüksək, iqtisadi inkişaf səviyyəsi nisbətən aşağıdır. Əhalinin çox hissəsi kənd təsərrüfatında çalışır. Onlar dünyanın mühüm pambıq, qəhvə, çəltik, çay, cut ixracatçılarıdır.
Ekvatorial meşәlәr zonası Şimali Amerikada yoxdur. Avrasiyanın cənub-şərqində bu zona əhali tərəfindən mənimsənilmişdir; burada çay, çəltik, tərəvəz becərilir. Ərazinin xarakterik bitkisi tәbii kauçukdur (heveya).
Şimal materiklərinin qütb səhralarından sonra ən az mənimsənilən ərazilərilərindən biri tropik səhralardır. Qütb səhralarının zəif mənimsənilməsinin səbəbləri ifrat rütubət, süxurların donmuş vəziyyətdə olması, bitkilərin becərilməsi üçün günəş istiliyinin çatışmazlığı sayılırsa, bu, tropik səhralarda əksinədir. Bu ərazilərdə rütubət çatışmır, günəş istiliyi isə daha çoxdur. Orada yemə daha az tələbkar, yunluq istiqamətli qoyunçuluq və dəvəçilik inkişaf etdirilir.
Mənbə: Coğrafiya – 9. Ümumtəhsil məktəbləri üçün dərslik.
Müəlliflər: Elbrus Əlizadə, Nərminə Seyfullayeva, İrkən Aktoprak, Yelena Şabanova