Keçmişdə ev xanımlarının bir boxçası olardı, orda müxtəlif meyvə, yarpaq, kök qurularından ibarət bir ev apteki olardı, indi belə apteklər rayonlarımızda, kəndlərimizdə hələ də var.
Belə müalicənin heç bir ziyanlı tərəfi olmur və olduqca ucuz başa gəlir. Boxçanızı zənginləşdirmək üçün bir neçə reseptlər deyim:
- Alma yeyən zaman qabıqlarını atmayın, ən keyfiyyətli sirkə alma qabığından alınmış sirkədir. Almanı yeyən zaman tumu ilə birlikdə yeyin, alma tumunda zəngin yod və xərçəng əleyhinə təsir göstərən maddələr vardır.
- Şaftalı yarpağı görən zaman toplayıb kölgədə qurudun, bunu bərabər miqdarda gavalı yarpağı qurusu ilə qarışdırıb öd durğunluğunda dəmləyib yeməkdən əvvəl içə bilərsiniz.
- Albalı ağacının uc hissəsindəki zoğlarından yığıb qurudun qışda soyuqdəymə əleyhinə ən təsirli vasitədir. Gilasdan mürəbbə bişirən zaman saplaqlarını atmayın, gilas saplağı yaxşı sidikqovucu kimi həm böyrəkləri və sidik yollarını iltihabdan təmizləyir, həm də insanı arıqladır, bunun üçün sadəcə dəmləyib içmək lazımdır.
- Heyva yarpağı dəmləməsi də soyuqdəymələrdə və öskürəkdə faydalıdır, bunun üçün heyvanın tumlarından da istifadə edə bilərsiniz. Belə ki heyva yeyən zaman tumlar çıxarılıb qurudulur və südlə dəmlənilib içilir. Heyva tumunu yarım çay qaşığı bir stəkan soyuq suya atın, bir gün gözləyin və mədə yarası, qastrit və öskürəklərdə yeməkdən əvvəl için.
- Söyüd yarpağı qurusu revmatizmalarda dəmləmə formasında içilir.
- Çiyələk mürəbbəsi bişirəndə saplaqları atmayın, kölgədə qurudun beləki qaraciyər xəstəliklərində dəmlənilib içilir və qaraciyər mənşəli köpmələri aradan qaldırır.
- Şabalıd meyvəsinin qabıqlarının dəmləməsi böyrək daşlarını tökür və prosatit əleyhinə təsir edir, bunun üçün 2 xörək qaşığı 3 stəkan suda dəmlənilib gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içmək lazımdır.
- Fındıq yarpağı dəmləməsi pozulmuş qan dövranını bərpa edir. Əgər sizin əlləriniz və ayaqlarınız həmişə soyuq olursa bu dəmləməyə bal əlavə edin, gündə 3 dəfə 1 stəkan için.
- Qoz yeyən zaman arakəsməsini atmayın yığıb qəhvəüyüdəndə üyüdün və 100 qramı yarım kilo bal ilə qarışdırıb məcun hazırlayın. Bu məcundan gündə 2 dəfə 1 çay qaşığı 1 stəkan suda qarışdırıb için bu yod çatışmazlığını aradan qaldırır, beyin damarlarını açır və beyinin qidalanmasını yaxşılaşdırır. Qoz yarpaqlarını görəndə cavan yarpaqlardan yığıb qurudun bunu vitaminsizlik vaxtı dəmləyib bal əlavə edib özünüz və uşaqlarınız içə bilərsiniz. Qurudulmuş qoz yarpaqlarını qəhvəüyüdəndə toz formasına salın, xına ilə qarışdırın və saçınıza qoyun, bu zaman saçlarınız şabalıdı rəngə boyanacaqdır.
- Nar yeyən zaman qabığını atmayın, nar qabığını qurudun və 1 çay qaşığı 1 stəkan suda 5 dəq. qaynadıb bal əlavə edin və ishallar zamanı içilməsi əvəzolunmazdır. Nar qabığının dəmləməsi ilə qarqara edən zaman ağız yaraları sağalır və damağı bərkidir.
- Əzgil saplağı dəmləməsi qanlı ishalı aradan qaldırır.
- Təzyiqiniz və şəkəriniz varsa, hər gün zeytun yarpağı dəmləməsi için.
- Bazarlarda soğan satanlar soğanın qabıqlarını soyub atırlar, soğan qabığını 2 litr suda 15 dəqiqə dəmləyin babasil xəstələri olanlar gündə 1 dəfə yarım saat bu dəmləmənin içində otursunlar.
- Kələmin ən vitaminli yeri atılan qabıqlarıdır.
- Limonlu çay içəndə limonun qabığını soyub sonra çaya atın, qabıqları qurudub saxlayın, limon qabığı köpmələrdə və həzimsizlikdə çay kimi dəmlənilib içilir.
Mənbə: Fizulihuseynov.com