Üzüm təbiətin yeganə nemətidir ki, ona xüsusi olaraq ampeloqrafiya elmi həsr edilib. Yunanca ampelos – üzüm, qrafo — yazıram deməkdir. Ampeloqrafiya üzüm, üzümün müxtəlif növ və sortları, onun xüsusiyyətlərinin ətraf mühit və insan amilinin təsirindən dəyişmə qanunauyğunluqlarını öyrənən elmdir. XIX əsrin əvvəllərindən bir elm kimi inkişaf etməyə başlayıb.
İlk dəfə ampeloqrafiya terminini 1661-ci ildə elmə gətirən polşalı təbiətşünas Filip Yakov Saks onun banisi hesab edilir. Ampeloqrafiyanın elmi əsasını ispan alimi Simon de Roxas Klemente işləyib.
Xüsusilə də xroniki xəstəliklərin müalicəsində üzüm və onun təzə sıxılmış şirəsindən istifadə ampelotepiya adlanır. Ampeloterapiya dietoterapiyanın bir hissəsi olub, həkimin təyinatı əsasında medikamentoz müalicə, dietoterapiya və ya klimatoterapiya ilə birgə tətbiq edilir.
Ampeloterapiya zamanı qidada müəyyən məhdudiyyətlərə yol vermək lazımdır. Daha yaxşı olar ki, müalicə müddətində kvas, şirin qazlı içkilər, hisə verilmiş, turşuya, duza qoyulmuş, çox yağlı məhsullar, çiy kələm, çuğundur və turp yeyilməsin. Həmçinin digər giləmeyvə, meyvə və göyərtilərin qəbulu dayandırılmalıdır. Ampeloterapiya prosedurlarına başlamazdan əvvəl xəstə dişlərin müalicə edilməsi məsləhətdir. Üzüm şirəsi içiləndən sonra ağız boşluğu su ilə yaxalanmalıdır.
Ampeloterapiyanın aparılma qaydası belədir: gündə 3 dəfə 400 qram üzüm yeyilir- onu üç hissəyə bölüb bir hissəsi səhər acqarına, ikinci hissə nahardan 2 saat əvvəl və üçüncü hissə nahardan 3 saat sonra yeyilir. Dördüncü həftəyə qədər üzümün gündəlik miqdarı artırılaraq 3 kiloqrama çatdırılır. Bundan sonra üzümün miqdarını hər qəbulda tədricən azaltmaq lazımdır, həkimlər həzm sistemində hər hansı narahatlığı olanların üzümün giləmeyvələrini yeməyi deyil, təzə sıxılmış şirəsini içməyi məsləhət görürlər.
Ampeloterapiya şəkərli diabet, mədənin xora xəstəliyi, xroniki vərəmin kəskinləşmə mərhələsi, piylənmə, hipertoniya və xroniki ishal zamanı aparılmır. Prosedur zamanı əsasən üzümün şasla, rislinq, semilyon, qaus, tağüzüm, ağ kişmiş və çeleki sortlarından istifadə edilir.
AzərTAc