Akasiyanın şəfaverici gücü

Akasiyanın şəfaverici gücü

Gözəl gülləri ilə göz oxşayan, ətirli qoxusu ilə əhvalımızı yaxşılaşdıran bu ağac əsl şəfa mənbəyidir.

Akasiya bir çox ölkələrin rəsmi müalicəvi bitkilərinin siyahısına daxil edilib. Akasiyanın hər bir hissəsi (qabığı, gülləri, yarpaqları) müalicəvi təsirlərə malikdir. Çiçəklənən akasiyanın nektarı nadir qiymətli maddələrlə zəngindir, akasiya balı isə ən dadlı və faydalı bal növüdür.

Ağ akasiyanın güllərinin dəmləməsi varikoz zamanı çox təsirli müalicəvi vasitə sayılır. Tərkibində rutin maddəsi olduğuna görə akasiya dəmləməsi damarların divarlarını möhkəmləndirir, onların elastikliyini artırır. Dəmləməni hazırlamaq üçün 2 x.q. təzə akasiya gülləri 1 stəkan isti suda 30 dəqiqə ərzində dəmlənilir və süzülür. Dəmləmədə parça isladın və genişlənmiş damar hissələrinə qoyub yarım saat saxlayın.

Bitki həmçinin hərarətsalan və bəlğəmgətirici təsirə malikdir. Tənəffüs sistemi xəstəlikləri zamanı bu bitki əsl təbii dərmandır — nəfəs yollarını selikdən və mikroblardan təmizləyir, iltihabı azaldır, nəfəsalmanı asanlaşdırır. Bronxit zamanı 1 x.q. təzə akasiya gülləri 1 stəkan isti suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür və içilir.

Bu dəmləmə həmçinin yüksək təzyiqi aşağı salır. Sidikqovucu təsirə malik olan akasiya böyrəkləri təmizləyir və iltihabı azaldır. Akasiya əhvalı yaxşılaşdırmaq, stressi və depressiyanı azaltmaq xüsusiyyətlərinə malikdir. Bunun üçün akasiyadan hazırlanmış çay istifadə olunur (1 ç.q. akasiya + 1 fincan isti su).

Diqqət! Nəzərə almaq lazımdır ki, aksiyanın tərkibində alkaloidlər var ki, bu maddələr güclü zəhərlənməyə səbəb ola bilər. Bu səbəbdən akasiya dəmləmələrini daxilə çoxlu miqdarda və uzun müddət ərzində qəbul etmək olmaz.

saglamolun.az
Top