Uşaqlıq boynu eroziyası qadın cinsiyyət sistemi xəstəlikləri arasında ən yayılmış pozulmadan biri sayılır.
Eroziya mütləq müalicə olunmalıdır. Məsələ burasındadır ki, uzun müddət ərzində mövcud olan uşaqlıq boynu eroziyası uşaqlıq boynu xərçənginə səbəb ola bilər.
Eroziya uzun müddət ərzində heç bir simptom verməyə bilər. Bu səbəbdən qadının 1 ildə 2 dəfə olmaqla profilaktik ginekoloji müayinələrindən keçməsi olduqca vacibdir.
Qadında eroziya aşkar olunduqda, xəstəliyin mərhələsindən, qadının yaşından və s. amillərdən asılı olaraq ona mütləq müalicə təyin olunmalıdır.
Müalicə zamanı xalq təbabəti üsullarının istifadəsi də çox yaxşı nəticə verə bilər. Bu vasitələri yalnız həkim təyin etməlidir. Özünüz özünüzü müalicə etməyin!
Beləliklə, uşaqlıq boynu eroziyası zamanı bu kimi xalq təbabəti üsulları istifadə oluna bilər:
— Çaytikanı yağı eroziya zamanı çox uğurla istifadə olunur. Bu yağın yüksək yarasağaldan xüsusiyyətləri var. Çaytikanı yağı uşaqlıq yolunun selikli qişasını qıcıqlandırmır, tam ziyansızdır və hətta hamilə qadınlarda istifadə oluna bilər.
Steril pambıq tampon çaytikanı yağına batırılır və əvvəlcədən dərin yuyulmuş (çobanyastığı və ya kalendula dəmləməsi istifadə oluna bilər) uşaqlıq yoluna qoyulur. 12 saatdan sonra tampon çıxardılır. Müalicə 2 həftə ərzində davam edə bilər.
— Digər çox təsirli vasitə mumiyodur. Mumiyo dağlardan yığılan təbii balzamdır. Bu balzam çox yüksək antiseptik, yarasağaldan, iltihab və bakteriya əleyhinə xüsusiyyətlərinə malikdir.
Müalicə zamanı 2,5 qr mumiyo 100 ml qaynanmış isti suda həll olunur. Bu məhlulda steril pambıq tampon isladılır, gecə yatmazdan qabaq əvvəlcədən dərin yuyulmuş (çobanyastığı və ya kalendula dəmləməsi istifadə oluna bilər) uşaqlıq yoluna qoyulur və səhər çıxardılır. Müalicə kursu — 10 gün.
— Təbii bal, bildiyimiz kimi, min bir dərdin dərmanıdır. Baldan eroziyanın müalicəsində də istifadə olunur. Steril pambıq tampon duru bala batırılır və gecə yatmazdan əvvəl uşaqlıq yoluna yeridilir (bundan əvvəl uşaqlıq yolunu dərin yumaq lazımdır). Səhər tampon çıxardılır. Müalicə 10-14 gün davam edə bilər.
— Propolisin (arı yapışqanı) çox güclü yarasağaldan, iltihab və mikrobəleyhinə xüsusiyyətləri var. 1 çay qaşığı propolis 100 ml qaynar suda 30 dəqiqə ərzində dəmlənilir. Daha sonra steril pambıq tampon bu dəmləmədə isladılır və əvvəlcədən yuyulmuş (çobanyastığı və ya kalendula dəmləməsi istifadə oluna bilər) uşaqlıq yoluna qoyulur. Müalicə kursu — 10 gün. Müalicə daha uzun müddət ərzində davam edə bilər.
— Çobanyastığı «qadın» otlardan biri sayılır. Çobanyastığı dəmləmələri bir çox qadın cinsiyyət sistemi iltihabları zamanı istifadə olunur. Eroziya zamanı da bu vasitədən istifadə oluna bilər. 2 xörək qaşığı çobanyastığı 1 stəkan qaynar suda dəmlənilir və yaxşı süzülür. Bu dəmləmə ilə qadın uşaqlıq yolunu yumalıdır.
— Eroziya zamanı kalendula dəmləmələrdən də istifadə olunur.
saglamolun.az