Sızanaqların müalicəsində xalq təbabəti üsulları

Sızanaqların müalicəsində xalq təbabəti üsulları

Qabaqcadan xəbərdar edirik ki, yalnız xalq təbabəti üsullarından istifadə etməklə sızanaqlardan qurtulmaq olmaz. Lakin bu üsullar onların müalicəsində yaxşı yardımçı ola bilərlər.
Bu vasitələri kifayət qədər uzun müddət ərzində (1 ay və daha artıq) istifadə etsəniz yaxşı nəticə ala bilərsiniz.
— 2 xörək qaşığı palıd qabığının üzərinə 2 stəkan su töküb yarım saat vam odda qapaqla örtüb qaynadırlar. Soyumuş palıd qabığı dəmləməsini səhər və axşam problemli dərinin silinməsində istifadə edirlər.
— 2 xörək qaşığı xırdalanmış dəmrovotu üzərinə 2 stəkan su əlavə edilərək 5 dəqiqə qaynadılır. Dəmləməni 2 saat saxladıqdan sonra süzün. Alınmış dəmləmə ilə iltihablaşmış sahələri gün ərzində bir neçə dəfə silin və yatmamışdan qabaq isə iltihablaşmış sahələrin üzərinə dəmləmədə isladılmış pambıq tampon qoyun.
— Hər biri 1 çay qaşığı olmaqla qurudulmuş çobanyastığı çiçəkləri, nanə yarpaqları və yaşıl çay götürərək, üzərinə bir stəkan qaynar su əlavə edib tam soyuyana qədər saxlayın. Alınmış bu dəmləmə ilə üzün problemli dərisini səhər və axşam silmək lazımdır.
— 1 xörək qaşığı qurudulmuş çobanyastığı çiçəklərinin üzərinə 1 stəkan qaynar su əlavə edib 10-15 dəqiqə dəmlədikdən sonra süzün. Bu dəmləmə ilə sızanaqların əmələ gəlməsinə daha çox məruz qalmış dəri sahələrinə ilıq şəkildə kompreslər qoyun.
— Aloye bitkisinin yarpaqlarının şirəsi sızanaqlara qarşı mübarizədə yaxşı kömək edir. Onun hazırlanması üçün aloye yarpaqları qaynamış su ilə yuyulub qurudulur və 10 gün müddətində qaranlıq sərin yerdə saxlanılır. Bundan sonra yarpaqları xırdalayın və şirəsini sıxın. Bu şirə ilə dərini hər gün silin.
— Sızanaqlarla mübarizədə bağayarpağının şirəsi də yaxşı kömək edir. Bunun üçün bitkinin yarpaqlarını xırdalayıb tənzif içərisinə yığıb şirəsini sıxın. Alınmış şirə ilə dərinin sızanaqlar olan sahələrini gün ərzində bir neçə dəfə silin.
— Dazıotu bitkisinin qurudulmuş çiçək və yarpaqlarından bir xörək qaşığı götürüb, üzərinə bir stəkan qaynar su əlavə edərək, 10-15 dəqiqə qaynadılır və süzülür. Hazırlanmış dəmləmə ilə üzünüzün sızanaqlı sahələrini silin.
— Çayağacının 100%-li efir yağını sadəcə olaraq sızanağın üzərinə nöqtə şəklində çəkin və sonra yumayın.
— Yağlı və üzərində qara civzələr olan dərini çiy balqabaq dilimi ilə silmək çox xeyirlidir.
— Qurudulub xırdalanmış adaçayı çiçəyindən 2 xörək qaşığı götürüb üzərinə bir stəkan qaynar su əlavə edin. 2 saatdan sonra dəmləməni süzün və üzərinə 1 çay qaşığı bal əlavə edin. Bu məlhəm ilə üz dərisini gündə 2 dəfə silin.
— 1 stəkan qaynadılmış ilıq suya 1 çay qaşığı kalendula bitkisinin spirtli məhlulu (aptekdə satılan) və 1 çay qaşığı da bal əlavə edərək qarışdırın. Pambıq tamponu alınmış qarışıqda isladaraq onu sızanaqlar olan sahələrin üzərində 20-30 dəqiqə saxlayın.
Xalq təbabəti vasitələrindən, adətən, mürəkkəb olmayan sızanaqlı səpgilərin müalicəsi üçün istifadə etmək olur.

Mənbə: saglamolun.az
Top