Tarixə qovuşan, unudulmaqda olan peşələr

Tarixə qovuşan, unudulmaqda olan peşələr

Zaman keçdikcə, texnika təkmilləşdikcə artıq bir çox sənət və peşə sahələri öz aktuallığını itirərək, tarixə qovuşub. Bir vaxtların ən önəmli tələbatı olan bu sahələr haqqında indi demək olar ki, gənc nəsil ümumiyyyətlə xəbərsizdir.
Maraqlıdır, əvvəllər böyük ehtiyac duyulan, indi isə adı unudulmaqda olan peşələr hansılardır?
Qırçı - Ələxsus ötən əsrin ortaları və sonları insanlar evlərinin üstünü qırlatmağa xüsusi önəm verirdilər. Çünki qırlanmış ev yayda istidən, payızda yağışdan qorunmaq üçün əla vasitə idi.
qədim telefonlar
Telefonçu - Əvvəllər telefonçu funksiyasını daşıyan şəxslər olmasa, heç kimlə əlaqə saxlamaq mümkün olmazdı. Belə ki, danışmaq istədiyiniz şəxslə əlaqə yaratmaq üçün mütləq telefonçu xanımların, bəylərin səsini eşitməli, yardımını almağa məcbur idiniz. Artıq ötən əsrin 90-cı illərin sonundan məsələn, «Alo, Bakıyla danışın» deyən telefonçular tarixə qovuşdu. İndi isə demək olar ki, balaca uşaqların da əlində telefon var və əlavə vasitəçiyə gərək duyulmadan istənilən nöqtədə, istənilən adamla çox rahat şəkildə danışa bilirik.
Liftçi - Bu sənət sahəsi əvvələr məsuliyyətli peşələrdən hesab olnub. İnsanlara bu mərtəbədən o mərtəbəyə qalxmaqda yardımçı olan liftçilər eyni zamanda, liftin təmizliyinə də nəzarət etməli idilər. Hətta bəzi hallarda ev sahibləri evlərinin açarını belə bu vəzifəni daşıyan şəxslərə rahatlıqla etibar edə bilirdilər.
qədimdə yazı makinası
Makinaçı - İllər öncə demək olar ki, bütün dünyada makinaçı sənəti geniş yayılmışdı. Bütün idarə, elmi müəssisələrdə mütləq şəkildə makinaçılara ehtiyac yaranırdı. Xüsusən də, nəşriyyatlarda, mətbuatda makinaçıların rolu əvəzsiz idi. Makinaçılar tez, baxmadan yazmaq üçün sanki yarışa girirdilər. İndi isə çox nadir hallarda yazı makinası arxasında çalışana rast gəlmək mümkündür. İndi yazı makinalarını noutbuklar, kompüterlər əvəz edir.
Poçtalyon
Poçtalyon - Xüsusilə ötən əsrin ortaları övladlarını, sevgililərini əsgərliyə yola salan insanlar poçtalyonlardan məktub gözləyir, onlara qarşı xüsusi rəğbət hissi bəsləyirdilər. Hətta poçtalyonlara mahnılar, şeirlər də yazılıb. Məsələn, “Ana və poçtalyon” şeirini orta nəsil arasında bilməyən demək olar ki, yoxdur. Bu gün isə e-mail, internet ressusları vasitəsilə insanlar bir-biri ilə əlaqə saxlayır, məktublaşırlar, yəni poçtalyona ehtiyac qalmır.
Dəyirmançı - Texnika müasirləşdikcə, su dəyirmanlarına da maraq azalıb. Halbuki su dəyirmanı keyfiyyətli un istehsalı edir. Su dəyirmanının unu keyfiyyətinə görə digər unlardan xeyli fərqlənir.
Pinəçi
Pinəçi - Ölməkdə olan peşələrdən biri də pinəçilikdir. Əvvəllər toya, bayrama hazırlaşan şəxslər mütləq yolunu pinəçidən salıb ayaqqabılarını bu şəxslərə etibar edərdilər. İndi isə demək olar ki, hər nöqtədə rast gəlinən və hazır məhsullar satan ayaqqabı mağazalarına daha çox önəm verirlər.
Misgərlik - Ucuz başa gələn şüşə, saxsı, çuqun, dəmir qablar ortalığa çıxan vaxtdan mis məmulatları da, misgərlik sənəti də sıradan çıxıb. Bu gün çox az hallarda misgərlik sənəti ilə məşğul olan sənətkarlar var.
“Foks ustası” - Yəqin ki, “Şərikli çörək” filmindəki fotoaparata oxşayan cihazla uşaqlara  “Baden-Badenin mavi gecələri”; “Fransız xalqı keyf eləyir” deyərək mənzərə göstərən obraz yadınızdadır. Ötən əsrin ortaları bu cür “foks ustaları”nı  balaca uşaqlar xüsusilə sevirdi. Kiçik aparatda müxtəlif dünya mənzərələrini təqdim edən belə şəxslərə böyüklər də az maraq göstərməyib. Zamanla televiziya formalaşdıqca, artıq bu foks ustalarına demək olar ki, rast gəlinmədi.


Mənbə: modern.az
Top