Kiçik tirlərin birləşdirilməsi

Kiçik tirlərin birləşdirilməsi

Çərçivə, stend və s. bu kimi oduncaq məmulatların hazırlanmasında kiçik tirləri uclarına yaxın yerlərdə uzununa və düzbucaq altında, ortasında isə yalnız düzbucaq altında birləşdirirlər. Bu zaman kiçik tirlərin birləşdiriləcək hissələri onların qalınlığının yarısı qədər kəsilir. Belə birləşmələr kiçik tirin qalınlığının yansına qədər kəsilmiş pilləli taxma adlanır. Kiçik tirin qalınlığının yarısına birləşmə
Kiçik tirlərin müxtəlif bucaqlar altında birləşdirilməsi az tətbiq olunur.
Kiçik tirlərin kəsilmiş hissələrini birləşdirdikdə alınan məmulatın qalınlığı, adətən, kiçik tirin öz qalınlığına bərabər olur.
Əgər kiçik tirlər düzbucaq altında birləşdirilirsə, onda kəsilən hissənin uzunluğu birləşdirilən detalın eninə bərabər olmalıdır. Künclərin birləşdirilməsi zamanı kiçik tirlərin uclarını birləşdiriləcək kiçik tirin səthi ilə bərabər səviyyədə mişarlamaq üçün detalların sonluğunu emal payının ölçüsü qədər uzun edirlər.
Kiçik tirlər uzununa birləşdirildikdə, onların kəsilmiş və kənara çıxan hissələri bərabər olmalıdır. Kəsilən hissələrin uzunluğunu kiçik tirin eninin 0,5—1,5 hissəsinə bərabər seçirlər.
Düzbucaq altında birləşdirilən kiçik tirlərin nişanlanması zamanı gələcək məmulatın uzunluğunu və enini xətkeşlə nişanlayır və dörd tərəfdən bucaqlığın köməyi ilə eninə nişanlama xətləri çəkirlər (şəkil a).
Reysmusun ayağını (1) kiçik tirin eninin tən ortasında yerləşdirir, paz (2) ilə qəlibə (3) birləşdirib, kənarlarda və başlıqlarda uzununa xətlər çəkirlər (şəkil b). Kəsiləcək hissələri X işarəsi ilə qeyd edirlər.
Kiçik tiri verstakın arxa sıxacında bərkidirlər.
Kiçik tirlərin taxma üsulu ilə birləşdirilməsi:

Kiçik tirdən liflərin uzununa  və eninə xırda dişli mişarla nişan xətlərinin yanını tam mişarlamadan oduncaq parçasına kəsim atılır.Kiçik tir kəsimlərinin iskənə ilə kəsilməsi
Əgər kiçik tirin ortasından oduncaq parçası kəsilirsə, onda pəstahı verstakın sıxacında etibarlı bərkidir və eninə mişarla kəsilən hissəni kiçik tirin qalınlığının yarısına qədər, aralarında 10-15 mm məsafə olmaqla mişarlayırlar.
Daha sonra hissələr xarrat iskənəsi ilə kəsilir.
Kəsilən sahələr iskənə və ya törpü ilə bir-birinə uyğunlaşana qədər (ara məsafəsi qalmayanadək) təmizlənir.Oduncaq parçasının mişarlanması
Birləşdiriləcək səthlərə yapışqan sürtülür və məmulat yığılır.
Birləşmələri əlavə olaraq mismar, şurup və ya taxta çivlə (şkantla) bərkitdikdə birləşmə daha möhkəm olur. Şkant yumru oduncaq millərə deyilir («şkant» fransız dilindən tərcümədə — yumru taxma zivanadır). Şkantlar üçün deşiklər açılır. Şkantlara yapışqan sürtülür və deşiklərə geydirirlər.
Yığılmış birləşmələri altlıq taxta ilə birlikdə sıxaclarla sıxırlar.
Bu zaman bucaqlıq ilə məmulatın ölçülərinə və kiçik tirlərin ölçülərinə nəzarət edirlər. Məmulatı yapışqan tam quruyana qədər sıxılmış vəziyyətdə saxlayırlar (24 saata qədər).
Detalların iki şkantın (mismarın, şurupun) köməyi ilə birləşdirilməsi zamanı kiçik tirin başlığından və kənarından diaqonal üzrə onun qalınlığından az olmayan məsafədə yerləşən birləşmələr daha möhkəm olur.
Yapışqan bərkidikdən sonra kiçik tirin kənara çıxan başlıqlarını xırda dişli mişarla mişarlayırlar.
Başlıqları qoparmamaq üçün məmulatın yapışdırılma yerlərini kənardan mərkəzə doğru rəndə ilə yonur, yeyə və ya cilalayıcı kağızla təmizləyirlər.


Müəllif: Natiq Axundov, Hümeyir Əhmədov,Fəridə Şərifova, Xuraman Səlimova
Mənbə: Texnologiya 6 Ümumtəhsil məktəblərinin 6- cı sinfi üçün Texnologiya fənni üzrə Dərslik
Top