Metal pəstahların kəsilməsi

Metal pəstahların kəsilməsi

Sort prokatdan olan pəstahları çilingər bıçqısı ilə kəsirlər (1). Sökülməyən çərçivə (2), bıçqı lövhəsi (4) və dəstək (6) bıçqının əsas detallarıdır.
Bıçqı lövhəsi alət poladından hazırlanmış, uclarında iki deşiyi olan nazik zolaqdır. Lövhənin bir və ya iki kənarında bir tərəfə meyillənmiş dişlər kəsilmişdir. Bıçqı lövhəsi çərçivəyə ştiftlərlə (7) bərkidilir və dartıcı qulaqlı qayka (1) ilə dartılır. Bərkildilmə zamanı dişlər dəstəyə əks istiqamətdə yönəlməlidir. Bıçqı lövhəsinin gərilməsi nə çox, nə də az olmamalıdır, çünki əks halda bu onun sınmasına səbəb ola bilər.
Pəstahı məngənədə möhkəm sıxır və lövhənin sürüşməməsi üçün kəsmə nöqtəsində yeyə ilə xırda mişar yeri açırlar. Kəsmə yerini 10-15 mm məngənənin dodaqlarından kənarda yerləşdirirlər.
Çilingər əl bıçqısı
İş zamanı düzgün iş vəziyyəti almaq və bıçqını hər iki əllə tutmaq lazımdır. Bıçqının irəli hərəkəti zamanı (işlək gediş) dişlər metalı kəsir, geriyə hərəkəti zamanı (boşuna gediş) isə dişlər metalı kəsmir. Buna görə də işlək gediş zamanı bıçqını pəstaha yüngül sıxmaq, boşuna gedişdə isə sıxmadan hərəkət etdirmək lazımdır.
Bıçqını pəstahın üzərində elə hərəkət etdirmək lazımdır ki, kəsmədə bıçqı lövhəsi bütünlüklə iştirak etsin. Bu zaman lövhənin dişləri eyni qədər yeyiləcək.
Bıçqı ilə iş
Metal zolağı ensiz tərəfindən kəsmək daha asandır. Belə ki, zolağın qalınlığı bıçqı lövhəsinin üç dişi arasındakı məsafədən az olmamalıdır, əks halda dişlər sına bilər. Əgər pəstahın qalınlığı bu məsafədən az olarsa, onda onu məngənəyə iki taxta kiçik tir arasında bərkidir və kiçik tirlərlə birlikdə kəsirlər.
Əgər pəstah daha böyük uzunluğa malik olarsa və çərçivə onun başlığına dirənərsə, onda bıçqı lövhəsini çərçivəyə nəzərən 90° döndərib işi davam etdirirlər.
Müəssisələrdə qalın metal lövhələri mexaniki bıçqıların, diskli və ya lentli mişarların, bıçaqlı cilalayıcı maşınların köməyi ilə kəsirlər.


Müəllif: Natiq Axundov, Hümeyir Əhmədov,Fəridə Şərifova, Xuraman Səlimova
Mənbə: Texnologiya 6 Ümumtəhsil məktəblərinin 6- cı sinfi üçün Texnologiya fənni üzrə Dərslik
Top