Məmulatların konstruksiya edilməsi. Düzbucaqlı və müxtəlif formalı detalların çertyoju

Məmulatların konstruksiya edilməsi. Düzbucaqlı və müxtəlif formalı detalların çertyoju

Konstruksiyaetmə — məmulat hazırlanmasının ən vacib başlanğıc mərhələsidir (konstruksiya — latın dilindən tərcümədə «quruluş» deməkdir). Adətən, konstruksiyaetməni məmulatın xəyali təsəvvüründən başlayır, daha sonra onun eskizini, texniki rəsmini və çertyojunu işləyərək yaradıcı əmək sərf etməklə həmin xəyali təsəvvürləri gerçəkləşdirirlər.
Sonra lazımi materialları seçir və məmulatın təcrübi nümunəsini hazırlayırlar. Onun möhkəmliyini və ya işləmə qabiliyyətini yoxlayır, qüsurları aradan qaldırmaq şərtilə məmulatı mükəmməl nəticə alana qədər təkmilləşdirirlər.
Konstruktor (quruluşçu), adətən, məmulat üçün bir neçə variant düşünür. Konstruksiyaetmədə variantların çoxluğunu «variativlik» adlandırırlar. Variativlik məmulatın dizaynına, onun quruluşuna və xarici görünüşünə xas olan cəhətdir («dizayn» ingilis dilindən tərcümədə fikir, layihə, təsvir deməkdir).
Konstruksiya edilən məmulat möhkəm, etibarlı, az xərc aparan və texnoloji olmalıdır.
Hazırlanmasına mümkün qədər az vaxt, maddi vəsait, əmək və material sərf olunan məmulatlar texnoloji hesab olunur. Möhkəm məmulat dağılmadan ona verilən yükü qəbul edir. Müəyyən olunmuş istismar müddəti ərzində dayanmadan işləyən məmulat etibarlı hesab olunur. Qənaətli məmulat ucuz başa gəlir və istismar zamanı əlavə xərc tələb etmir.
Bütün bu vacib olan xüsusiyyətlər məmulatın keyfiyyətli olması deməkdir. Keyfiyyətli məmulat işlədilmədə etibarlı və rahatdır.
Oduncaq emalında ən geniş yayılmış detallar düzbucaqlı və en kəsiyi dairəvi (fırlanma oxu olan) silindr və konus şəklində olanlardır.
Stol və stulların oturacaqları, yeşiklərin divarları düzbucaqlı formadadır. Bellərin, taxta çəkiclərin, xəkəndazların və yeyələrin dəstəkləri, stol və stulların dairəvi ayaqları və s. detallar silindrik və konusşəkilli detallardır.
Bu məmulatların bir çoxunu məktəb emalatxanalarında hazırlamaq olar. Məmulatların hazırlanması üzrə işi eskizin, texniki rəsmin və çertyojun yerinə yetirilməsindən başlayırlar.
Nümunə kimi bucaqlığın yığma çertyojunu nəzərdən keçirək.
Bucaqlıq 90°-lik bucaq altında bir-birinə yapışqanla dəqiq yapışdırılmış  tərpənməz dayaqdan  və xətkeşdən  ibarətdir. Bucaqlığın dayağının baş hissəsində yuva var və xətkeş  həmin yuvaya geydirilib yapışdırılır.
Bucağlığın yığılma çertyoju
Yığma çertyojunda məmulatın quruluşunu təyin edən görüntülər təsvir olunur.
Bucaqlığın yığma çertyoju üçün iki görüntünün olması kifayət edir: əsas (şəkil 3, a) və soldan görünüş (şəkil 3, b).
Yığma çertyojunun aşağı sağ küncündə əsas yazı yerləşdirilir (şəkil 3, c). Əsas yazıda məmulatın yığılması üçün lazım gələn ölçülər göstərilir. Bucaqlıq üçün qabarit ölçülər: 150, 200 və 30 mm-dir. 1 və 2 detallarının dəqiq 90°-lik bucaq altında birləşdirilməsinə nəzarət etmək lazımdır.
Əsas yazımn üst tərəfində və ya ayrı vərəqlərdə yığma çertyojun spesifikasiyası yerləşdirilir (şəkil 3, c). Onu cədvəl şəklində tərtib edirlər. Cədvəldə məmulatın bütün detalları sadalanır, detalların adları, sayı və materialı qeyd edilir. Yığma çertyojunun oxunması zamanı əvvəlcə əsas yazının məzmunu, məmulatın adı və təsvirinin miqyası, sonra isə məmulatın təyinatı və iş prinsipi öyrənilir.
Spesifikasiya üzrə detalların adı və onların hazırlandığı materiallar müəyyənləşdirilir. Detallar yığma çertyojunun bütün görüntülərində tapılır, məmulatın forma və konstruksiyası, həmçinin detalların birləşdirilmə üsulları və onların yığılma ardıcıllığı müəyyənləşdirilir.
Yığma çertyojunun oxunmasını əsas yazının və spesifikasiyanın məzmununun öyrənilməsindən başlayırlar.


Müəllif: Natiq Axundov, Hümeyir Əhmədov,Fəridə Şərifova, Xuraman Səlimova
Mənbə: Texnologiya 6 Ümumtəhsil məktəblərinin 6- cı sinfi üçün Texnologiya fənni üzrə Dərslik
Top