Oduncağın tədarükü və mişar materiallarının istehsalı

Oduncağın tədarükü və mişar materiallarının istehsalı

Ağac emalı sənayesi mişar materiallarının, plitələrin, oduncaq məmulatlarının hazırlanması ilə məşğul olur. Ağac emalı sənayesində mişarçılar, çərçivəçilər, dəzgahçılar, xarratlar, dülgərlər və s. kimi peşə sahibləri işləyir.
Hər böyüyən ağac öz ətrafında bitki və heyvan aləminin qarşılıqlı əlaqədə inkişaf etdiyi mikroiqlim yaradır.
Ağaclar bizim nəfəs aldığımız oksigeni hasil edir və karbon qazını udur. Təbiətdə məhv olan ağacların sayı əkilənlərdən artıqdır. Saysız-hesabsız ağac kəsilir və meşə yanğınları zamanı məhv olur. Elə bu səbəbdən meşələrin bərpa edilməsi öhdəmizə düşən ən mühüm işlərdən biridir.
Tikintidə istifadə etmək və müxtəlif məmulatlar hazırlamaq üçün növündən asılı olaraq 80—120 yaş arası ağaclardan oduncaq tədarük edilir. Belə oduncaq meşə təsərrüfatı mütəxəssisləri tərəfindən yetişmiş oduncaq kimi müəyyənləşdirilir.Qol-budağı təmizlənmiş ağacın eninə mişarlanması nəticəsində alman meşə materialları
Ağacqıranlar ağacları əl elektrik mühərrikli və benzinmühərrikli mişarlarla və yaxud kəsdiyi ağacları digərlərini korlamadan lazımi istiqamətdə aşıran meşəqıran maşınların köməyi ilə mişarlayırlar.
Beləliklə, kök və budaqlardan təmizlənərək kəsilmiş ağac gövdələri, yəni qol-budağı təmizlənmiş ağac materialı əldə edilir.
Qol-budağı təmizlənmiş ağacları eninə mişarlayıb şalban, tir, kötük əldə etmək üçün yük maşınları və ya ağacdaşıyanlarla emal müəssisələrinə daşıyırlar.
Benzinmühərrikli mişarın quruluş sxemini və iş prinsipini nəzərdən keçirək. Benzinmühərrikli mişarlar öz quruluşuna görə mexanikləşdirilmiş əl alətlərinə aid olub, daxiliyanma mühərrikləri ilə hərəkətə gətirilirlər.
Benzinmühərrikli mişarın quruluşunun sadə olması onun etibarlılığının göstəricisi olub, çətin şəraitdə müntəzəm işləməsini təmin edir.
Oduncaqdan hazırlanan və onun təbii quruluşunu qoruyab saxlayan bütün materiallara meşə materialları deyilir. Şalbanlardan binaların divarları üçün tirlər, müxtəlif taxta konstruksiyalar hazırlayır, mişar materialları əldə edirlər.
Karandaş, xizək, yonulmuş şpon hazırlanması üçün nəzərdə tutulmuş, uzunluğu 2—4 m olan meşə materialı tir adlanır.
Lay-lay kəsilmiş şponun hazırlanması üçün nəzərdə tutulmuş, uzunluğu 2 m-ə qədər olan qısa meşə materialı kötük adlanır. Şpon təbəqələrini bir-birinə yapışdıraraq faner alırlar.
Oduncağı ştabellərdə nizamla yığılmış vəziyyətdə saxlayırlar.
Meşə materiallarının ölçmək üçün alətlər
a) ölçmə çəngəli; b) ölçən dəmir bənd; c) metrə və ya ölçmə reykası
 
Meşə materiallarının diametrini metrə, ölçmə çəngəli  və ya ölçən dəmir bəndlə ölçürlər.
En kəsiyi çox zaman ovalşəkilli olduğu üçün D1 və D2 diametrlərini şalbanın baş hissələrində qarşılıqlı perpendikulyar istiqamətlərdə ölçürlər. Sonra hesablayıb orta diametri tapırlar:
D=(D1+D2):2. Şalbanın uzunluğunu rulet, ölçmə reykası və ya metrə ilə ölçürlər.
Şalbanın diametri və uzunluğuna görə onun həcmini hesablayırlar. İstehsalatda meşə materiallarının həcmini onların təpə diametri və uzunluğundan asılı olaraq xüsusi cədvəllərlə daha dəqiq müəyyənləşdirirlər.
Meşə materiallarının əsas həcmi ağackəsən dəzgahlarla əldə edilir.
Ağackəsən dəzgah şaquli bərkidilmiş zolaqlı mişar dəsti  olan kəsici çərçivədən  ibarətdir.
Yuxarı-aşağı və şaquli hərəkətli mexanizmi olan mişarlama çərçivəsi elektrik mühərriki tərəfindən hərəkət etdirilir. Bu, şalbanın mişarlanma texnologiyasıdır.
Ağackəsən dəzgahın önündə və arxasında şalbanı  gətirən ötürücü vallar bərkidilmişdir. Daima fırlanan vallar kələ-kötür səthə malikdir.
Ağackəsən dəzgahda alınan əsas mişar materialları taxta və tirlərdir. Taxtalar kənarları kəsilmiş və kəsilməmiş, yəni kənarından mişarlanmış şəkildə buraxılır.


Müəllif: Natiq Axundov, Hümeyir Əhmədov,Fəridə Şərifova, Xuraman Səlimova
Mənbə: Texnologiya 6 Ümumtəhsil məktəblərinin 6- cı sinfi üçün Texnologiya fənni üzrə Dərslik
Top