Meyvə ağaclarının əkilməsi və meyvələrin saxlanma texnologiyası

Meyvə ağaclarının əkilməsi və meyvələrin saxlanma texnologiyası

Meyvə ağaclarının əkilməsini düzgün həyata keçirmək üçün müəyyən edilmiş qaydalara riayət etmək lazımdır.
Əkiləcək ağac növlərini müəyyənləşdirmək və onların inkişafına təsir edən şəraiti təyin etmək üçün belə bir fakt nəzərə alınmalıdır ki, ağacların bir çoxu bar gətirmir və buna görə də bəzi sahələrdə bir dəfəyə bir neçə ağac növü əkmək lazımdır.
Ağacların əkilməsini yaz və ya payız fəsillərində həyata keçirmək olar. Yaz fəslində bu müddət beş həftə müəyyən olunmuşdur (torpağın donu açılandan etibarən), payızda isə yarpaqların saralmağa başlamasından şaxtalar düşənə qədər olan (sərt şaxtaya təqribən 15-20 gün qalmış) üç ay müddətində ağac əkini ilə məşğul olmaq olar. meyvələr
Torpağın əkinə düzgün hazırlanması uzunmüddətli bol məhsulun alınmasına kömək edən amildir, ona görə də bu işə ağac əkimindən bir qədər əvvəl başlamaq lazımdır. Bunun üçün mütləq torpağı yumşaltmaq, alaq otlarını təmizləmək, ağaclar əkiləcək yerləri nişanlamaq, çalalar qazmaq və nəzərdə tutulmuş yerlərə payacıqlar çalmaq lazımdır.
Kök sisteminin normal inkişaf etməsi və tinglərin yeni şəraitə uyğunlaşması üçün çalaların arasında müəyyən məsafə qoymaq vacibdir: albalı və gilas ağacları arasında məsafə 2 metrdən, alma, armud kimi böyük ağaclar arasında isə təxminən 5 metrdən az olmamalıdır. Ağacların yaxşı inkişaf etməsi və uzun müddət bar verməsi üçün çalaların dərinliyi ən azı yarım metr olmalıdır.
Əvvəlcə basdırılacaq tingi əkinə hazırlamaq lazımdır. Əgər siz tingi təzəcə qazıb çıxartmamısınızsa və sadəcə, yerini dəyişirsinizsə, onda onu 1-2 gün suda islatmaq yaxşı olar. Belə olduqda tinglərin rütubət ehtiyatı bərpa olunur. Bundan başqa, hazırda əkilən tinglərin bitməsinə və boy atmasına kömək edən çoxlu sayda vasitələr satılır. Onların üzərində işlətmə üsulları və saxlama müddəti göstərilmişdir. Belə vasitələrdən ən sadəsi və ucuzu natrium-qumatdır. O, təbii mənşəli vasitədir. Tinglərin kökünü natrium-qumat məhlulunda saxlayıb, sonra əksəniz, uğurlu nəticə əldə edərsiniz.
 
Meyvə ağacının tingini əkməzdən əvvəl nəzərdən keçirmək, kök və çətir ətrafında məhv olmuş və zədələnmiş hissələri kəsib atmaq, qısa müddətə köklər qurumasın deyə, əkiləcək tingi çürüntü əlavə olunmuş torpağa və ya gilli horraya salmaq lazımdır.
Meyvə ağaclarının əkilməsini payanın köməyi ilə və payasız həyata keçirmək olar.
Payanı torpağa tingi əkməmişdən əvvəl də çala bilərsiniz.
Qazdığınız çalanın dibinə mütləq yumşaq torpaq təpəciyi tökün. Yaxşı olar ki, ağac əkmək üçün çalanı bır neçə gün əvvəl hazırlayasınız.
Bar verən ağacı çox dərin əkmək lazım deyil. Çünki bu zaman tingin boy atması çətinləşir və bitki məhv olur. Az dərinlikdə əkilmə zamanı da bitkinin kökləri quruyur. Yəni ağacı onun şitillikdə inkişaf etdiyi dərinliyə əkmək lazımdır. Bu dərinliyi onun qabığının rənginə görə asanlıqla müəyyən etmək olar. Tinglərin torpaqda olan hissəsi bir qədər açıq rəngdə olur.
Meyvə ağacı əkildikdən sonra çaladakı torpağın oturması baş verəcək. Torpaq oturacaq və ting 4 sm-ə qədər dərinə düşəcək. Buna görə də kökun boğazını bir qədər qaldırmaq lazımdır. Ağacın əkilməsini iki nəfər həyata keçirir. Onlardan biri tingi tutur, onu yerləşdirir, köklərini düzəldir. Köklər arasında boşluqların əmələ gəlməməsi üçün torpaq topalarının xırdalanmasına nəzarət edir. İkinci isə əkilmə çalasına torpaq səpir.
Çalaya 20—25 sm hündürlükdə torpaq səpildikdən sonra ayaqla sıxlaşdırılır. Bunu çox ehtiyatla etmək lazımdır. Meyvə ağacı tinglərinin çalasının dövrəsində ondan bir qədər böyük çuxur qazılır. Torpağın rütubətindən və yağışın yağıb-yağmamasından asılı olmayaraq, ağac əkiləndə suvarma aparılmalıdır. Bu, nəinki rütubəti artırır, həm də köklərin torpaqla yaxşı əlaqəyə girməsinə xidmət edir. Çuxura hər tərəfdən bərabər ölçüdə, 2—3 vedrədən az olmamaq şərtilə su tökülür. Əgər hər tərəfdən eyni miqdarda su içməzsə, onda torpaq eyni qaydada oturmaz.
Suvarmadan sonra çuxuru düzəltmək və torpağın üstünü çürüntüsü olan mulçalanmış* materialla 6-8 sm qalınlıqda örtmək lazımdır. Bu çürüntülü materialı saralıb tökülmüş yarpaqlarla əvəz etmək də olar. Əgər əlinizin altında heç bir şey yoxdursa, onda çalanın üstünə quru məhsuldar torpaq səpin. Bu yolla torpaqda qabığın əmələ gəlməsinin qarşısı alınar.
 
Külək cavan ağac tingini laxlada bilər. Bu isə köklərin qırılmasına, əkilmənin şaquliliyinin pozulmasına gətirib çıxardar. Güclü külək zamanı ting, hətta məhv ola bilər. Buna görə də tingi payaya bağlamaq lazımdır. Paya elə hündürlükdə olmalıdır ki, onun təpəsi çətirə və budaqlara toxunmasın. Tingi payaya iki yerdən — çətirin altından və torpaqdan 20 sm yuxarıda bağlayırlar. Bağlama yumşaq materialla, səkkiz formasında, çox bərk sıxmamaq şərti ilə yerinə yetirilir.
Yayın ortalarında torpaqoturarsa, bağlama yenidən düzəldilməli, bir qədər sıxılmalıdır. Əgər ağac əyridirsə, onda bağlamanın sayını artırmaq lazımdır.
Ağacların əkilməsi təcrübə və bir az da bilik tələb edir. Buna görə də tələsməyin və torpağın xüsusiyyətlərini, mikroiqlimi, ağacların boyatma tezliyini və onların hündürlüyünü nəzərə alın. Belə olduqda əkdiyiniz ağaclar yaxşı bitəcək və tez boy atacaq.
Payız-qış aylarında şəhər evləri şəraitində təzə meyvələri, məsələn, almanı uzun müddət necə saxlamaq olar?
Almaları uzun müddət saf və təzə saxlamaq üçün onları qliserin məhlulu hopdurulmuş parça ilə silmək lazımdır.
Üzərinə təmiz oduncaq kəpəyi və ya yonqarı tökülən, eləcə də hər biri ayrı-ayrılıqda kağıza bükülən almalar da uzun müddət keyfiyyətli qala bilir.
Bir vedrə soyuq suya 2 stəkan duz qatıb almaları bu suda islatmaq olar.
Bundan başqa, almaları uzun müddət saxlamaq üçün onları azacıq yetişməmiş dərmək lazımdır.
Bir çox alma növlərinin uzun müddət saxlanılması üçün soyuducu kameralardan istifadə olunur. Almaları soyuduculara yerləşdirməzdən əvvəl onları silməyə dəyməz — meyvələrin qabığı onları korlanmaqdan qoruyan xüsusi təbəqə ilə örtülmüşdür.
Dərilmə zamanı zədəsi olmayan orta ölçülü, yetişmiş meyvələr saxlamaq üçün daha yararlıdır.


Müəllif: Natiq Axundov, Hümeyir Əhmədov,Fəridə Şərifova, Xuraman Səlimova
Mənbə: Texnologiya 6 Ümumtəhsil məktəblərinin 6- cı sinfi üçün Texnologiya fənni üzrə Dərslik
Top