Sanitar-texniki avadanlıqların sadə təmiri

Sanitar-texniki avadanlıqların sadə təmiri

Hər mənzildə və məktəbdə su kranı və suötürücüdən ibarət olan sanitar-texniki avadanlıqları mövcuddur. Nasazlıqlar ən çox bu hissələrdə yaranır.
Su kranını və ya suötürücünü necə təmir etmək olar?
Su kranını və ya suötürücünü təmir etmək üçün onların quruluşunu bilmək və hissələrini bir-birindən fərqləndirməyi bacarmaq lazımdır. Şəkil 1-də sadə su kranının quruluşu göstərilmişdir. Kran başlığını saat əqrəbi istiqamətində fırlatdıqda, şpindel  burulub gövdənin  içinə daxil olur, ara qatı olan şayba ilə  deşik (yuva) bağlanır və krandan su gəlmir. Şpindellə gövdə arasında sıxlaşdıncı qay- ka  mövcuddur.
Hazırda suyun soyuq, isti və ya ilıq verilməsi üçünSu kranıxüsusi qurğulardan — suqarışdırıcı kranlardan geniş istifadə edilir. Müxtəlif təyinatlı suqarışdırıcı kranlar istehsal edilir — əlüzyuyanlar üçün (mərkəzi), vanna və əlüzyuyanlar üçün (ümumi) və s. Suqarışdırıcı kranlar su ilə daim təmasda olduğu üçün onların metal hissələri latundan, tuncdan, kran başlıqları plastik kütlədən, sıxıcı ara qatları rezindən, dəridən, plastik kütlədən, keramikadan və s. hazırlanır.
Su kranının hissələri:
1— kran başlığı;
2— şpindel;
3— sıxlaşdırıcı qayka;
4— gövdə;
5— şayba və ara qat;
6— vint;
7— yuva
Ventilli başlıq suqarışdırıcı kranın tərkib hissələrindən biridir. O, suyun hərəkətini tənzimləmək üçün nəzərdə tutulan bağlayıcı qurğudur Suötürücü kranda olduğu kimi, suqarışdırıcı kranın da başlığını saat əqrəbi istiqamətində fırlatdıqda ara qat suqarışdırıcının gövdəsindəki su axan deşiyə sıxılır və gələn suyu bağlayır.
Suqarışdırıcının iş zamanı ortaya çıxan nasazlıqları:
1. Ventil başlığı açıq qaldığı zaman su kran başlığından şpindellə axır.
Bu nasazlığı aradan qaldırmaq üçün  qaykanı saat əqrəbi istiqamətində möhkəm sıxmaq lazımdır. Əgər bu kömək etməsə, qaykanı tam açıb nazik vintaçanla köhnə kipkəci şpindellə  gövdənin  arasında olan deşikdən çıxartmaq lazımdır. Bundan sonra şpindelə bir neçə qat yağ hopdurulmuş kətan və ya çətənə lifi dolamaq, sonra qayka ilə kipkəci sıxaraq gövdəyə bağlamaq lazımdır. Şpindelin rahat fırlanmasını kran başlığı ilə yoxlayırlar. Həmçinin köhnə kipkəci çıxarıb, yenisi ilə əvəz etmək də olar.
2. Ventil bağlı olduğu halda, krandan su axır və ya onu açdıqda suqarışdırıcı kran uğuldayır və titrəyir.
Bu nasazlığı aradan qaldırmaq üçün ilk növbədə, yaşayış yerinin su təchizatı sisteminə gələn soyuq və isti suyun qarşısını bağlayıcı ventillərlə alırlar. Sonra suyun tam kəsildiyinə əmin olmaq üçün kran başlığını saat əqrəbi istiqamətində fırladıb, ventil başlığını açırlar. Kran başlığını bağlayan vinti açıb, onu çıxarırlar, daha sonra ventil başlığı gövdəsini açar ilə çıxarıb, ara qatı yenisi ilə əvəz edirlər.
Əgər qapaq ara qatla şpindeldən düşürsə, şpindeli gövdədən fırladıb açmaq, qapağı çıxarmaq və zəif çəkic zərbələri ilə şpindelin ucundan deşik yerinə vuraraq deşiyin diametrini azaltmaq, sonra isə döyəcləmə vasitəsilə qapağı şpindelin deşiyinə taxıb kernerlə deşiyi yastılamaq lazımdır.
3. Kran başlığını axıra qədər bağlamaq olmur, su daim püskürüb axır.
Bu nasazlığı aradan qaldırmaq üçün ventil başlığını dəyişmək lazımdır. Bunun səbəbi şpindeldə və ya gövdədə yivin dağılmasıdır.
Mənzillərdə su qovşağının təmiri ilə bağlı işləri sanitar-texniki işlər üzrə çilingərlər yerinə yetirir. Onlar əlüzyuyanların, vannaların, unitazların (ayaqyolu çanağı) və s. sanitar-texniki avadanlığın təmiri və quraşdırılması ilə məşğul olurlar. Bu işlə məşğul olan insanlar çertyojla işləməyi bacarmalı, çilingər alətlərindən düzgün istifadə etməyin və nasazlığı aradan qaldırmağın yollarını bilməlidirlər.
SANTEXNİKA İŞLƏRİNİN YERİNƏ YETİRİLMƏ QAYDALARI
1. Sanitar texniki avadanlığın təmirinə başlamazdan əvvəl mütləq suyu bağlamaq lazımdır.
2. Ventil başlıqlarını yastıağız kəlbətinlə çıxarmaq olmaz, çünki ventilin səthi zədələnə bilər.
3. Yivi qırmamaq üçün kranın və ventil başlığının detallarını ehtiyatla, əymədən burub çıxartmaq lazımdır.
4. Sanitar texniki avadanlığın təmirindən sonra suötürücü sistemə suyun verilmə ventilinin sınmaması üçün onu tələsmədən açmaq lazımdır. Yalnız təmir edilmiş avadanlıqdan suyun axmamasına əmin olub, onu tam açmaq olar.



Müəllif: Natiq Axundov, Hümeyir Əhmədov,Fəridə Şərifova, Xuraman Səlimova
Mənbə: Texnologiya 6 Ümumtəhsil məktəblərinin 6- cı sinfi üçün Texnologiya fənni üzrə Dərslik
Top