Elektrik mühərrikləri

Elektrik mühərrikləri

Elektrik mühərrikləri icraedici mexanizmlərdə avtomatlaşdırılmış qurğuları hərəkətə gətirmək üçün istifadə edilir.
İstehsalatda və məişətdə elektrik mühərrikləri dəzgahları, mexanizmləri, tramvayları, trolleybusları, elektrovozları, cihazları, oyuncaqları və s. hərəkətə gətirir. Mühərriklərin başqa növləri (buxarla işləyən, daxiliyanma mühərrikləri) ilə müqayisədə elektrik mühərriklərinin çox üstünlükləri var. Elektrik mühərrikinin əsas üstünlüyü, onun faydalı iş əmsalının yüksək olmasıdır. İşləyərkən onlar zəhərli qazlar, tüstü və buxar buraxmır, yanacaq və su ehtiyatına ehtiyac duymur, istənilən yerdə (divarda, tramvay və trolleybusun döşəməsi altında, maqnitofonun gövdəsində və s.) quraşdırıla bilirlər. Kollektorlu mühərrikin iş prinsipi
Elektrik mühərriki nədir?
Elektrik mühərriki elektrik enerjisini mexaniki enerjiyə çevirən elektrik maşınıdır.
Elektrik mühərrikləri aşağıdakı əlamətlərinə görə təsnif edilir: fırlanan maqnit sahəsinin alınma üsuluna görə (kollektorlu — kollektorsuz), istifadə olunan cərəyanın növünə görə (sabit, dəyişən), fazaların miqdarına (bir və ya üçfazalı) və gücünə görə.
İstehsalatda və məişətdə ən geniş istifadə olunan kollektorlu elektrik mühərrikləridir. Kollektorlu mühərriklər elektrik enerjisini mexaniki enerjiyə çevirdiyi kimi mexaniki enerjini də elektrik enerjisinə çevirə bilər. Deməli, o həm mühərrik kimi, həm də generator kimi işləyə bilər.
Kollektorlu elektrik mühərrikinin iş prinsipi necədir?
Fizika qanunlarına əsaslanaraq demək olar ki, maqnit sahəsində olan naqilə elektrik cərəyanı buraxdıqda ona cərəyan ətrafında yaranan maqnit sahəsi ilə sabit maqnit sahəsində yaranan qarşılıqlı qüvvə təsir etməyə başlayacaq. Maqnit sahəsində cərəyanlı naqilə təsir edən qüvvənin istiqaməti sol əl qaydası ilə təyin edilir. Sol əl elə tutulur ki, maqnit sahəsinin qüvvə xətləri ovcumuza daxil olmaqla dörd barmaq cərəyanın istiqamətinə yönəlsin, bu zaman 90° açılmış baş barmaq naqilə təsir edən qüvvənin istiqamətini göstərir.
Cərəyan keçən naqilin maqnit qütbləri arasında davamlı hərəkətini təmin etmək üçün onu çərçivə şəklinə salırlar. Bu çərçivənin hər iki tərəfinə maqnit eyni anda, amma əks istiqamətlərdə təsir göstərəcək: çərçivənin bir tərəfini cəzb edəcək, digər tərəfini itələyəcək. Yarım dövrdən sonra çərçivə dayanacaq. Çərçivənin eyni istiqamətdə hərəkətini təmin etmək üçün isə həmin an oradakı cərəyanın istiqamətini kollektorlu mühərrikdəyişmək, daha dəqiq desək, mənbədən cərəyan götürən naqillərin uclarının yerini dəyişmək lazım gələcək. Bu, kollektorlu mühərrikin işinin əsasıdır.
Çərçivədə cərəyanın istiqamətinin avtomatik dəyişdirilməsi üçün xüsusi dəyişdirici açar — kollektor  quraşdırılıb. O, iki yarımdairəvi kontakt lövhədən ibarətdir. Çərçivənin hər çıxışı ayrıca yarımdairəyə lehimlənib.
Kollektora iki elastiki metal lövhə (fırçalar) sıxılıb ki, bu lövhələr də enerji mənbəyinə naqillər vasitəsilə qoşulub.
Kollektorlu mühərrikin quruluşunu nəzərdən keçirək
Elektrik mühərrikinin hərəkətsiz hissəsi statordur. O daimi maqnit sahəsi yaradır. Quruluş etibarı ilə stator sabit maqnit şəkildə və ya sarğıları  və nüvəsi  olan elektromaqnit şəkildə ola bilər. Elektrik mühərrikinin fırlanan hissəsi olan rotor (val)  lövbərdən  və kollektordan  ibarətdir. Lövbər isə öz növbəsində nüvədən və sarğıdan  ibarətdir.
Mühərrikin lövbərində bir neçə sarğı olduğundan, kollektor iki deyil, çoxlu sayda bir-birindən və mühərrikin valından təcrid edilmiş yarımdairələrdən ibarətdir
Kollektor lövbərin valında  möhkəm bərkidilib. Lövbərin hərəkəti vala ondan isə istehlakçının işçi orqanlarına ötürülür.
Val statorun arxa  və ön  qapaqlarına preslənmiş diyircəkli yastıqlarda  fırlanır. Elektrik mühərrikinin soyuması qanadı  vala birləşdirilmiş ventilyatorun köməyi ilə həyata keçir.

Müəllif: Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva
Mənbə: İnformatika 11 — Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün İnformatika fənni üzrə DƏRSLİK
Top