Divar kağızlarının çəkilmə texnologiyası. Divar və tavanların rənglənməsi

Divar kağızlarının çəkilmə texnologiyası. Divar və tavanların rənglənməsi

İstənilən mənzilin gözəlliyi, əsasən, onun divarlarının tərtibatından asılıdır
Mənzilin interyerini çox əmək və vəsait sərfetmədən, yalnız divar kağızlarını dəyişməklə, gözəlləşdirmək olar.
Divar kağızları zövqlə seçilmiş mənzildə yaşamaq rahat və zövqvericidir.
Divar kağızlarının hansı növləri var?
Müasir inşaat bazarı alıcılaramüxtəlifnövdə divar kağızları təklif edir: kağız əsaslı, velür, tekstil, şüşəlifli, vinil və s. Divar kağızlarının rəng və forma müxtəlifliyi insanı valeh edir. Divar kağızı mənzilin xarakterinə uyğun seçilməlidir, otağın və bütün mənzilin ümumi ahənginə cavab verməlidir. Divar kağızının çəkilməsi üçün alət və tərtibatlar
Divar kağızlarının çəkilməsi ilə əlaqədar işlərin yerinə yetirilməsi üçün şəkil 1-də göstərilən alət və tərtibatlar lazımdır.
Divar kağızlarının çəkilmə texnologiyası necədir?
Divar kağızının çəkilmə texnologiyası:
• Divarın uzunluğu ölçülür. Divar kağızından aşağı və yuxarı hissələrdən bir qədər (3-4 sm) əlavə buraxmaqla ölçüyə uyğun hissə kəsilir.
• Nümunə üzrə digər hissələr də kəsilir. Kağızları düzəltmək üçün rulonlar əks istiqamətlərdə burulur.
• Divara süngərli mütəkkə ilə yapışqan çəkilir.
• İş pəncərə kənarından və yaxud küncdən başlanır. İlk hissə yapışdırılır. Hündürlüyə şaqul vasitəsilə nəzarət edilir. Rulonlar tədricən açılır və yapışdırılır. Divar kağızı plastik mala ilə divara sıxılır.
• Tavan və döşəmə haşiyələrinin xətti üzrə divar kağızı kəsilir. Bu ərazilərdə kağızı altdan yapışdırmaq üçün süngərli mütəkkədən deyil, kiçik fırçadan istifadə edilir. Sonra digər kəsilmiş hissələr yapışdırılır.
• Qapılar yerləşən sahədə tavandan qapının başına qədər məsafə ölçülür, bu ölçüdə divar kağızı kəsilib yapışdırılır. Kağızın kənarları sonradan qapı çərçivəsi ilə örtülür.
• Elektrik açarları və şəbəkələri olan yerdə kağız hissəsinin üzərində kəsik aparılır, sonra bıçaqla artıq hissələr kəsilib götürülür. Kəsiklərin kənarı sonradan şəbəkə qapaqları ilə örtülür.
Divarların rənglənməsi texnologiyası nədən ibarətdir?
Rəngləmədən qabaq alətlər nəzərdən keçirilir. Fırçalar və süngərli mütəkkələr təmiz olmalıdır. Onların üzərində əvvəlki boyanın qalıqları qalmamalıdır. Fırçalar qopmuş tüklərdən təmizlənməlidir. Yoxsa onlar rəngləmə səthinə yapışıb qalar. Fırçalar soyuq suda 20-30 dəqiqə isladılmalıdır. Canına su yığmış və şişmiş fırça işlənmədən öncə silkələnməli və quru əsgi ilə silinməlidir
Yalnız bunlardan sonra rəngləməyə başlamaq olar. Əvvəlcə rəngsaz skotçunun köməyi ilə rənglənən səthin sərhədləri qeyd edilir. Sonra pəncərə və qapı qutuları, tavana bitişik səthlər örtülür. Boya rənglənən səthin perimetri boyunca 5-10 sm enində çəkilir, yuxarı-aşağı, sağa-sola hərəkətlə sürtülür. Sonra divarın qalan hissəsi süngərli mütəkkə ilə rənglənir.
Altlığa boya tökülür, süngərli mütəkkə boyaya batırılır. Sonra altlığın kələ-kötür səthi üzərində hərəkət etdirilən süngərli mütəkkədən artıq boya süzülür. Rəngləmə W-şəkilli hərəkətlə yuxarı-aşağı olmaqla aparılır. Hər qat digərini 3-4 sm örtür. Belə rəglənən divar düz və hamar səthə malik olur.


Müəllif: Natik Axundov, Hümeyir Əhmədov, Fəridə Şərifova
Mənbə: Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün TEXNOLOGİYA fənni üzrə DƏRSLİK
Top