Hərdən fikirləşirəm ki, dilimiz, mədəniyyətimiz, tariximiz bir-birinə çox yaxın olan Azərbaycanı və azərbaycanlıları nə zaman tanıdım, nə zaman sevdim görəsən? Lap məktəb çağlarımda… xatirimdən heç çıxmır ki… Bütün Krım tatarları kimi mənim atam və anam da Özbəkistana sürgün olunmuşlardan idilər. Buralarda yurd qurub yaşadığımız yerlərdə — axıska türkləri, azərbaycanlılar da bizimlə eyni taleni yaşayan qonşularımız idilər.
Bu məhəllələrdə böyüyən biz balaca qızcığazlar bir-birimizin dilində danışmağa nə zaman başladığımızı, əslində heç birimiz xatırlamırdıq. Eləcə, körpə uşaqlar ikən bir-birimizlə ünsiyyət quraraq, «lahana şorbası, xingəl, bazlama, bacı, əmi, dayı, xala” kimi sözləri nə vaxt anlamağa başladığımızın da fərqində deyildik. Mən də həmin sözləri o zamandan mənimsəməyə başlamışdım.
Bilmirəm, kimlərdənsə eşitmişdim ki, axıskalılar Azərbaycandan gəliblər.Bunu yalnız mən deyil, hamı belə qəbul edirdi. Axıskalı türklərin əksəriyyəti bizim yaşadığımız „Savay” pambıqçılıq sovxozunun 7-ci bölüyündə yaşayırdılar, burada həmin məhəlləyə nədənsə, “Bakı” da deyirdilər. Doğrusunu deyim ki, axıska türklərinin Azərbaycandan deyil, Gürcüstandan sürgün olunduqlarını çox uzun illər sonra bildim.
Bu gün bizim uşaqların hər birinin baş vurduğu internetimiz də yox idi, kommunikasiya belə inkişaf etməmişdi. Hətta məhəlləmizdə kimsənin evində televizor belə yox idi, bizim ən böyük əyləncəmiz və boş vaxtlarında dincəldiyimiz yer kənd klubu idi. Bu kluba da ona görə gedirdik ki, orada Hindistan filmləri — »Avara”,«Cənab 420”, „Sanqam”, Mənim adım kloundur” göstərilirdi. Və təbii ki, hamımızın ən sevimli aktyoru da Rac Kapur idi. İlini tam xatırlamıram, lakin o günü heç vaxt unutmadım. Gecə-gündüz pambıq tarlalarında traktor sürən atam, bir axşam evimizə “Aelita” televizorunu gətirdi. Taleyin qismətinə baxın ki, bu televizor da Bakının radiozavodunda istehsal olunmuşdu! Bu, bizi ikiqat sevindirmişdi. Lampalı, qara-ağ rəngli möcüzə evimizin yuxarı başına keçirildi, ən yüksək yerdə, üstündə bəyaz örtük, düz 20 il həmin küncdə dayandı, yerini dəyişdirmədik. O televizor ilə ömrümüzə „Arşın mal alan”, “Qaynana”, „Ögey ana” kimi filmlər gəldi, filmdə işlədilən ana dilimizə uyğun sözlər ana-atalarımızın Vətən həsrəti ilə yanan ürəklərinə sanki su çiləyirdi, Vətənin qəlblərdə açdığı həsrət yaralarına məlhəm olurdu.
Bu seyr etdiklərimizin arasında Üzeyir Hacıbəyovun “Arşın mal alan”ı, sözüz ki, birinci yerdə idi!Həm böyüklər, həm də kiçiklər bu filmləri əzbərdən bilsələr də, təkrar-təkrar baxar, Rəşid Behbudovun səsindən doymazdılar. Adətən belə filmləri rus və yaxud da özbək dilində nümayiş etdirirdilər, bizlər isə onu azərbaycan dilində seyr etmək arzusu ilə yaşadıq. Film rus və özbək dilinə tərcümə edilsə də, filimdəki mahnılar azərbaycan dilində səslənər və ruhumuza yayılardı, biz sanki öz milli krım-tatar mahnılarımızı eşidərdik.
Beləcə, həm hind filmlərindən, həm „Arşın mal alan” filmi ilə bizə doğmalaşan baş qəhrəman Rac Kapur və Rəşid Behbudovun tanışlıqları və münasibətləri haqqında əfsanəyə bənzər hekayətlər yaranırdı. Böyük Vətən Müharibəsi başladığına görə, 12 yaşında həm atadan, həm anadan yetim qalan atam bir hərif belə tanımasa da, hər iki qəhrəman haqqında bizə elə maraqlı hekayətlər danışardı ki… Fikirləşirdik ki, kişi görəsən bu əfsanələri haradan eşidib? “Rac Kapur SSRİ-yə gələndə, „mənim filmlərimdəki mahnılarımı ifa edən o Rəşid Behbudovu göstərin mənə” – deyibmiş” söhbətlərini atam neçə dəfələrlə danışmışdı və bu söhbətləri təkrarlamaqdan yorulmazdı. “İkisi görüşəndə, Rəşid Behbudov SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Stalin mükafatının laureatı, Azərbaycan SSR Dövlət Mükafatının sahibi”- deyərək özünü təqdim edir. Rac Kapur isə gülümsəyərək sadəcə „Hindistanın tanınmış milliyoneri” deyir. Amma Rəşid Behbudovun səsinin incəliyinə, ustalığına yüksək dəyər verərək, “Məndən yaxşı oxuyursan!” deyir” – hekayətini atam hər dəfə bizə, qonaqlarına, qonşulara danışanda, biz də onun keçirdiyi qürur hissini paylaşar, bu sevinc biz uşaqlara da sirayət edər, biz də onun kimi gülümsünərdik.
Uşaqlığımın ən güclü təəssüratlarından biri də daha bir Azərbaycan filmi idi – „Ögey ana”.Bu film ekranlara çıxanda, mən hələ doğulmamışdım. Sürgünlüyümüzün ilk illərində bir çox Krım-tatar anaları balalarını ölümdən xilas etmək üçün, özləri yeyib-içməmiş və buna səbəb olan xəstəlikdən və aclıqdan ölmüşdülər. Və çox Krım-tatar balaları anasız qalıb, ögey ana əlində böyüdülər. Bəzi ögey analar insaflı çıxdılar, o yetim uşaqları bağrına basıb, öz balaları kimi böyütdülər, ögeyliklərini heç duydurmadılar. Uşaqlar da onları öz anaları bildilər. Buna görə də Krım tatarları içərisində Dilarə, İsmayıl, Arif, Fatma adları daha çox yayılmağa başladı. İnsanlar evlərində dünyaya gələn uşaqlarına həmin adları verdilər. Çünki “Ögey ana” filmindən nümunə götürüb, onu həyat tərzinə çevirmişdilər. Bu film bizim xarakterimizə çox yaxın idi.
Bəs „Qaynana” filmi?! Hər bir millətin xalq yaradıcılığında, mili adət-ənənəsində yer alan, barəsində əfsanə, məsəl, lətifələr yaranan qaynana-gəlin münasibətlərini quran rejissor Məcid Şamxalovun əsəri. Və bu münasibətləri mahir ustalıqla oynayan baş rolun ifaçısı, unudulmaz və təkrarolunmaz aktrisa Nəsibə Zeynalova. Heç bir kimsəni, əsasən də, kasıb və fağır ailədən olan gəlini Sevdanı bəyənməyən Cənnət xanıma (biz onu “Ögey ana” filmindən tanıyırdıq) heç kim gəlin ola bilmədi.
Krım-tatarlarının bir atalar sözü var: „Dinsizin öhdəsindən imansız gələr”. Bu atalar sözündə deyildiyi kimi, Cənnət xanımın da öhdəsindən, müasir, lakin varlı ailədən olan Afət gəlir. Bu gülməli, lakin eyni zamanda da ibrətamiz komediya bir çox gəlin-qayınanalara öz münasibətlərini dəyişdirməyə sözün əsil mənasında kömək oldu, dağılmaqda olan ailələri fəlakətdən qurtardı.
Onu demək istəyirəm ki, mən bu Azərbaycan filmləri ilə böyüdüm, həyat dərslərimi, sədaqət, sevgi, mərhəmət hisslərini o filmlərdən öyrəndim. Və həm də bu filmlər Azərbaycanın ulu mədəniyyətinə, sənətkarlığına ömrüm boyu sevgimi və marağımı artırdı.
Müəllif : Zera Bekirova “Yani Dunya” qəzetinin baş redaktoru Krım-tatarı dilindən tərcümə etdi: Aida Eyvazlı
Mənbə : artkaspi.az