Uşaqların sevimlisi “Ələkbər əmi”

Uşaqların sevimlisi “Ələkbər əmi”

Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, “Humay” və “Qızıl Dərviş” mükafatları laureatı, uzun müddət Azərbaycan Dövlət Televiziyasında uşaq verilişlərinin aparıcısı olmuş mərhum Əməkdar artist, uşaqların sevimlisi “Ələkbər əmi” kimi tanınmış aktyor Ələkbər Hüseynov 7 iyul 1961-ci ildə Bakıda anadan olub. 1978-1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (İndiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra, o, 1988-ci ildə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi çalışıb. Teatrın səhnəsində Əbdürrəhim bəy Haqverdiyevin “Pəri-cadu” əsərində Qurban, H.X.Andersenin “Bülbül” nağılında Nağılçı və Çin imperatoru, N.Bədəlovun “Qara rəngin nağılı”nda Aydın, R.Əlizadənin “Tıq-tıq xanım”ında dirijor, Qoca və Müğənni, A.Ostrovskinin “Qar qız”ında Lel, R.Əlizadənin “Keçəlin toyu”nda Keçəl rollarını oynayıb.



Ə.Hüseynovun səhnələşdirdiyi “Səadət quşu” və “Möcüzəli tamaşa” pyeslərini Azərbaycan Dövlət Kukla Teatrının rus bölməsində də tamaşaya hazırlanıb. Aktyor “Keçəlin toyu” tamaşasındakı Keçəl rolu ilə İstanbulda, “Bülbül” tamaşası ilə İranda, Türkmənistanda keçirilən beynəlxalq festivalların laureatı olub. 

2006-cı ildə Ələkbər Hüseynov Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin olunub. 
2007-ci ildə Polşanın “Təbəssüm Ordeni” mükafatına layiq görülüb.



Ələkbər Hüseynov 2 avqust 2007-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. O, Hepatit C xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, o, teleaparıcı Şərqiyyə Hüseynovanın xalası oğlu idi.



 portal.azertag.az
Top