İncəsənətin, teatr və kinonun həyat üçün nə qədər vacib olduğunu hər birimiz yaxşı bilirik. Həyat hadisələrinin təfsilatı sənət adamlarının yaradıcılığında cilalanır, təhlil edilir. Bu mənada səhnəni, ekranı həyat məktəbi, sənətkarları isə peşəkar pedaqoq adlandırırıq.
Realist üslubda bənzərsiz, yaddaqalan ekran obrazlarına xarakterik cizgilər verən görkəmli aktyor, Xalq artisti Ağahüseyn Cavadov (1894-1981) da məsləyində kamil sənət anlayışı yaradan sənətkarlarımızdandır. Aktyorun böyük sevgi və şövqlə yaratdığı ekran obrazlarını xatırlayarkən ilk növbədə çöhrələrə təbəssüm qonur, komik, duzlu-məzəli rolları yada düşür. Bu isə A.Cavadovun peşəsinə olan hörmətinin və sevgisinin təzahürüdür ki, iştirak etdiyi filmlər bu gün də uğurlu ekran taleyini yaşamadadır.
Ömrünün böyük bir hissəsini sənətə həsr edən aktyor səhnəyə çıxanda bəlkə də gülüş ustası olacağını ağlına belə gətirməmişdi. Ancaq dövrünün tamaşaçısının gülüşə, ələlxüsus da qrotesk gülüşə ehtiyac duyduğunu dəqiq bilirdi. Buna görə də zəngin və məntiqli yaradıcılığı fonunda minlərlə insana mənalı gülüş bəxş edirdi. Elə bir gülüş ki, çöhrələrdə yaranan təbəssümlər, ucalan qəhqəhələr qeyri-normal xüsusiyyətləri qınayır, ictimai davranışları tənzimləyirdi.
A.Cavadovun teatr və kino fəaliyyətindəki komik obrazları mənalı gülüş zəminində şəxsiyyət tamlığına həsəd çəkdirən, yüksək mənəvi davranış qaydalarının zəruriliyini vurğulayan personajlardır.
Sənətə vurğunluq
Ağahüseyn Xəlil oğlu Cavadov 1894-cü il aprelin 22-də Bakıda anadan olub. Əvvəl mollaxanada oxuyub, 1919-cu ildə isə “Səadət” məktəbini bitirib. Gənclik illərindən sənətə maraq göstərib, müxtəlif tamaşalarda sözsüz və epizodik rollarda oynayıb. Onun peşəkar səhnə fəaliyyəti 1920-ci ildən başlayıb. Həmin ildə Azərbaycan Hərbi Komissarlığının Siyasi idarəsi tərəfindən təşkil edilən teatr bölməsinə daxil olan A.Cavadov 1921-ci ildə Bakı Türk Azad Tənqid -Təbliğ Teatrına dəvət olunub. 1925-ci ildə bu kollektiv “Türk İşçi Kəndli Teatrı”, 1927-ci ildən isə “Türk İşçi Teatrı” adlandırılıb. 1932-ci ildə Gəncəyə köçürülən teatr Dövlət İşçi Dram Teatrı kimi fəaliyyətini davam etdirib. A.Cavadov bu truppanın tərkibində maraqlı rollarda çıxış edib. 1938-ci ildə Musiqili Komediya Teatrına dəvət alan aktyor Lütfəli Abdullayev, Aliyə Terequlova, İbrahim Hüseynov və digər zəngin səhnə yaradıcılığı olan sənətkarlarla çiyin-çiyinə işləyib. 1942-ci ildən Akademik Dram Teatrının truppasına qatılıb. Ömrünün sonunadək bu teatrın səhnəsində rəngarəng, maraqlı obrazlar yaradıb.
Sənət yollarını zəngin mütaliəsi və çalışqanlığı ilə işıqlandıran aktyor hələ yaradıcılığının ilkin mərhələsindən komik rollarda çıxış edib. Obrazlara dolğun və yaddaqalımlı mizan verdiyindən kinorejissorların da diqqətindən yayınmayıb. Sənətkara 10-dan artıq filmdə irili-xırdalı rol həvalə olunub. Bu filmlər içərisində yaddaşlara yazdığı obrazlardan Rza (“Bəxtiyar”), Əbülfəz (“Görüş”), Piri oğlu (“Qızmar günəş altında”), falçı (“Bir qalanın sirri”), Əhməd (“Əhməd haradadır?”), baş vəzir (“Sehrli xalat”), Qaraşad (“Qərib cinlər diyarında”), İsmayıl baba (“Şərikli çörək”) və digərləri çoxlarımıza yaxşı tanışdır.
Teatrın səhnəsində dramatik və komik rollar ifa edən aktyor üçün kino obrazlarına xarakterik cizgilər tapmaq, tamaşaçıya sevdirmək o qədər də çətin olmadı. Çünki o, kamera qarşısında olduqca rahat və səmimi olur, rolların həyat mövqeyi və düşüncə tərzinə istinadən davranış qaydalarını dəqiq nizamlayırdı. Buna görə də vəziyyət və şəraitlə uzlaşan dolğun, real kino personajları ərsəyə gətirirdi. Məsələn, “Bəxtiyar” filmindəki Rza obrazı ilk görünüşdə sadə və avam təsiri bağışlasa da, aktyorun dəqiq ünvanlanmış bir neçə jesti onun hiyləgər və ətrafındakılara biganə xüsusiyyətini anons edir.
Rza pianinoda ifa edərkən notların yerini səhv salır və səhnədə çıxış edən artistləri nəzərə almadan, narahatlıq keçirmədən ifasını qaldığı yerdən davam etdirir. Digər bir kadrda isə səhnə paltarını geyinmək istəyən aktrisa ona xitabən “üzünüzü çevirin” desə də, Rzanın oğrun baxışları personajın xaraktersiz bir tipaj olduğunu isbatlayır. Bununla da Rzanın heç də saf və sadə prototip olmadığını, işindəki səriştəsizliyini və qohumu, klub müdiri Ağabalanın himayəsinə sığınan bacarıqsız, meşşan biri kimi görürük. Beləliklə də, mənfi xarakterli obrazların təfsirində cəmiyyətin tərəqqisini ləngidən personajlar gülüş və qınaq obyekti olaraq filmin leytmotivinə çevrilir.
Kiçik planda böyük məharət
Əsl sənətkar qüdrəti kiçik rolun mahiyyətini açmaq, obrazı hadisələrin aparıcı qüvvəsinə çevirməkdir. Bu mənada A.Cavadovun kino yaradıcılığı unudulmazdır. Aktyorun kiçik planlı, məzmunlu rollarından biri də “Görüş” kinokomediyasındakı Əbülfəz obrazıdır. Meşşan xarakterli tipajların prototipi olan Əbülfəz gününün çoxunu çayxanada keçirir, işinə məsuliyyətsiz yanaşır, özünü də haqlı sayır.
O, dostluqda da sadiq deyil və həyat məsələlərinin həllində olduqca acizdir. Kamili qabaqcıl pambıqçı kimi göstərmək üçün ona pambıq yığmaqda kömək edən Şıxəli və Əbülfəz ifşa olunduqlarında pambığı Kamil üçün yığdıqlarını etiraf edirlər, eyni zamanda Əbülfəz Şıxəlinin onu bu işə cəlb etdiyini asanlıqla söyləyir. Digər tərəfdən isə o, Kamilin əmək qabaqcılı olan Lala İzmayılovaya bəslədiyi sevgisini bildiyi halda, yenə də qıza olan (yersiz) hislərini bildirməyə çalışır. Qeyri-normal həyat anlayışına, yaşına, gülüşdoğuran davranışına görə ətrafdakıların tənqid hədəfinə çevrilən Əbülfəz cəmiyyət üçün yazıq simalı müftəxordur...
Aktyorun kino obrazları orijinallığına, koloritinə görə seçilir, baxılır, filmlərə uğur gətirirdi. Buna görə də korifey kinorejissorlarımızdan Ə.Atakişiyev, Ş.Mahmudbəyov, T.Tağızadə, L.Səfərov və başqaları onu böyük sevgi və inamla filmlərinə dəvət edirdilər. L.Səfərov aktyorun “Bəxtiyar” filmindəki uğurlu obrazından razı qaldığına görə onunla “Qızmar günəş altında” filmində işlədi. Həmin filmdəki Piri oğlu personajını yaxşı xatırlayırıq. Kiçik planlı bu obrazla Əbülfəz və Rzanın mənfi cəhətləri arasında müəyyən oxşarlıq olsa da, aktyor rolun xarakterik cizgilərini, hiyləgər xüsusiyyətlərini, davranış və düşüncə tərzini fərqli boyalarla daha qabarıq şəkildə təqdim edib.
Piri oğlu kolxoz sədri Niyaz Sərdarov qədər yeniliyə qarşıdır. O, çay təsərrüfatı ilə məşğul olan əmək qabaqcıllarının yarışmasına, qalib olmasına, su anbarının tikilməsinə, kənd adamlarının həyat şəraitinin yaxşılaşmasına heç bir köməklik göstərmir. İkiüzlü, yaltaq və yalançıdır. Sərdarovun himayədarı adlandıra biləcəyimiz bu personaj mənfi xarakterli olmasına baxmayaraq, haqlı mövqedəymiş kimi çıxışlar edir. Hətta Sərdarovun adından istifadə edərək insanlara göstərişlər də (tibb məntəqəsinin boşaldılması) verir. Piri oğlunun gülüşdoğuran xarakteri fonunda cəmiyyət üçün təhlükəli olan və xoşagəlməz hadisələrə səbəb ola biləcək cəhətlər nümayiş olunur. Bununla da aktyorun heyrətamiz yaradıcılığının təfsirində rolun mənfi cəhətlərini, cahil xüsusiyyətlərini qıcıqlanmadan, maraqla və gülərək seyr edirik, qınayırıq.
V.Belinskinin “Əsl bədii komediyanın əsasında dərin yumor durur” fikrindən çıxış edərək A.Cavadovun sənət peşəkarlığının sirrini gülüşə səbəb olan vacib nüansları önə çəkməsi, həyat faktı kimi çatdırması, mənfi xarakterli obrazların çirkin məqsədləri fonunda nümunəvi insanların varlığına şükür etdirməsində görürük. Filmdə kolxozçuların iclasında Piri oğlunun Sərdarova yaltaqlanan çıxışını dinləyirik. Çıxışı anlamayan kolxoz sədri Piri oğlunun sözlərinin yanlış olduğuna əsəbiləşir və ona susub oturmasını əmr edir. Piri oğlu isə ani olaraq Sərdarovun öz səs tonunda əmrə müntəzir olduğunu yaltaqcasına təsdiqləyir. Kiçik planda təqdim olunan obraz filmin məzmununu və rejissor ideyasını tamamlayır. Aktyor peşəkar təqdimatla inkişafa təkan verən personajların (həkim Zeynalovun, Eldarın, Nərminənin və s.) həyat mövqelərini öz mənfi rolu ilə önə çəkmiş olur.
“Komediyada həyat bizə ona görə olduğu kimi göstərilir ki, biz həyatın necə olmalı olduğunu aşkar görə bilək”, deyirlər. A.Cavadovun dəqiq xarakterizə etdiyi və subyektiv münasibət bildirdiyi komik rollarının təfsirində də insanlığın, nəcib xüsusiyyətlərin həyat üçün vacib olduğu vurğulanır. Məzmunlu və məntiqli sənət təqdimatına görə də ziyalı sənətkar mövqeyi sevilir, alqışlanır.
Peşəkarlığına və sənətə olan hörmətinə, sevgisinə görə 1938-ci ildə Xalq artisti fəxri adına layiq görülən A.Cavadovun az, amma yaddaqalan kino obrazları haqqında çox danışmaq mümkündür. Aktyorun digər filmlərdə yaratdığı dramatik rolları da koloritinə və peşəkarlığına görə bütövlükdə filmlərin ümumi ideyasını təbliğ və təmsil edir.