Rasim Ocaqov təbiətcə qaraqabaq, başıaşağı adam idi, fikirli görkəmi vardı.
Onu həmişə barmaqlarının arasında siqaret nə isə düşünən görərdin. Özü heç vaxt ünsiyyətə can atmazdı.Amma elə ki, səni tanıdı məmuniyyətlə söhbət edərdi, cana yaxın biri idi.
Rasim 1933-cü ildə Şəkidə dünyaya gəlmişdi. Uşaqlıqdan foto ilə maraqlanmağa başladı. Həvəskar şəkillər çəksə də, arzusu geoloq olmaq idi. Bir dəfə Şəkiyə sənədli film çəkən qrup gəlir. Bu vaxt fotoqrafiya ilə ciddi məşğul olan Rasim peşəkarların necə işlədiklərini görmək üçün yanlarına gedir. Möcüzəli kino aləmi onu özünə elə çəkir ki, gənc fotoqraf bu sənəti dərindən öyrənməyi qərara alır. Orta məktəbi bitirdikdən sonra Moskvaya gedir. MÜDKİ-nun kinooperatorluq fakültəsində (1951-1956, B.Qolovnya və L.Kosmatovun emalatxanası) təhsil alır. 1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator kimi çalışmağa başlayır.
Çox filmlərdə operator kimi çalışıb. O cümlədən “Bir cənub şəhərində”, “Bizim küçə” filmləri onun kamerası ilə çəkilib. “Bir cənub şəhərində” filmini kino aləmində çox vaxt Eldar Quliyevin yox, Rasim Ocaqovun filmi hesab edirlər. O, bəzən heç rejissorla məsləhətləşmədən çəkilişləri aparır, sonradan bu kadrlara birgə tamaşa edəndə rejissorlar onun işinə qibtə edirdilər. “Əsl dost”, “Bizim küçə”, “Mən rəqs edəcəyəm”, “Sən niyə susursan?” və “Skripkanın sərgüzəşti” filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaratdı.
Bir gün Rasim Ocaqov hiss edir ki, onun içində aşıb-daşan yaradıcılıq istəyi kamera ilə kifayətlənmir. Rejissor kimi film çəkmək istəyir. Bu arzu ilə 1977-ci ildə M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirir.
İki il kino çəkmək arzusunu həyata keçirə bilməyib, ona film verməyiblər. Bir gün “Azərbaycanfilm”in rəhbəri onu çağırıb və deyib ki, sənə Moskvanın qəbul etmədiyi bir filmi yenidən işləmək üçün verirəm, bacarsan, rejissor olacaqsan, bacarmasan kino üzünə həsrət qalacaqsan. Beləliklə “Qatır Məmməd” filmi Rasim Ocaqova həvalə olunur. Rejissor artıq hazır bir filmi “söküb” yenidən “toxuyur”. Min bir əziyyətlə filmi yenidən ərsəyə gətirir. Moskva baxır və film nümayişə buraxılır.
O vaxtdan Rasim Ocaqovun rejissor yolu başlayır. “Onun böyük ürəyi” filmi Ocaqovun ilk sərbəst işi idi. 1958-ci ildə Bakı kinostudiyasında lentə alınmış bu filmdə Rasim Ocaqov həm də özünü psixoloji anların ustası kimi təsdiq etdi. Bu film Sumqayıt metallurqlarının həyatına həsr olunmuşdu. Filmə baxanda hiss edirsən ki, bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınıb. İnsanların od püskürən soba qarşısındakı gərgin anları, bəzən romantik məqamlarda geniş və orta planlardakı vəziyyətləri elə ustalıqla yaradılıb ki, tamaşaçı həqiqətən onun yaradıcılarının istedadına heyran qalır.
Orta məktəbdən tapıb bu filmdə Rəna roluna dəvət etdiyi Sveta Cavadovaya aşiq olması isə filmlərə ara verməyinə səbəb olur. Orta məktəbi qurtaran ərəfədə kinoya çəkilməsi ilə bu aləmin möcüzəliyinə vurulub ondan ayrılmayacağını zənn edən gənc qız özü də bilmirdi ki, gənc rejissor da ona vurulub və onu bu sahəyə gətirdiyi kimi də ayırmağa çalışacaq.
Bu sevgi onların evliliyi, Svetanın isə kinoya həmişəlik vida etməsi ilə sonuclanır. Rasim Ocaqov filmlərini çəkməklə məşğul olur və 1990-cı ildən “Ocaq” studiyasını yaradıb öz sevimli işini müstəqil davam etdirməyə başlayır.
“Tütək səsi”, “Özgə ömür”, “Park” “Təhminə”, “Bağlı qapı”, “Həm ticarət, həm ziyarət”, “Ölsəm, bağışla” filmləri Ocaqovun yaradıcılığının məhsuludur.
Səhhətindəki problemlərdən əziyyət çəksə də onu yıxan siqareti atmırdı. Deyirdi, onun hər qullabı beynimdə yaranan bir süjetdən çıxır.
Kinematoqrafçılar İttifaqında işləyəndə isə film çəkmirdi daha. Düşünürdü ki, kimsə, işi olmayan rejissor çəksin, onun artıq işi var və kifayət qədər də film çəkib. Özü deməsə də hamı bilir ki, Hacı İsmayılov, Fəxrəddin Manafov kimi bir çox sənətkarlar onun aktyor tapıntılarıdır. İndiyə qədər operator Kənan Məmmədov Rasim Ocaqov məktəbindən bəhrələndiyini deyir.
Sonuncu filmi “Otel otağı” oldu. Yenə insan mənəviyyatı, insanın iç dünyası filmin əsasını təşkil etdi. Hər filmin bütöv bir fikir, tutarlı söz olması Rasim Ocaqov yaradıcılığının məğzi idi.
Azərbaycanın (1967), Çeçen-İnquş Respublikasının əməkdar incəsənət xadimi (1964), xalq artisti (1982), Azərbaycanın (1980) və SSRİ-nin (1981) dövlət mükafatları laureatı Rasim Ocaqov 7 iyul 2006-cı ildə 73 yaşında ürək çatışmazlığından dünyasını dəyişdi.
azens.az