Qapını açmaq üçün azacıq da olsa cəsarət lazımdır. Ən doğma, hər gün açdığın qapıya çatdıqda da bir qədər ayrı atmosferdəsən, bir addımla çox fərqli -ya rahat, ya da məcburi gəlməli olduğun məkana daxil olacaqsan. Üstündə “Satılır” yazılan qapılar isə yiyəsinin ayrılıq nisgili, alıcının yenini sevmə məcburiyyətidir. Qapı- ədəbiyyatımızın, folklorumuzun simvollarından, tez-tez adı çəkilən elementlərindəndir. Nağıllarda padşahın da, kəndlinin də oğlu 40-cı qapıda tərəddüd edir. Amma o qapı hər zaman açılır. Arxasında ölüm də olsa, “Min bir gecə” nağıllarındakı kimi yatağında qıvrılıb yatan gözəl də olsa o qapı hər zaman açılır. Bəlkə də qapını açmayanlar da olub, amma onlar haqqında nağıllar yazılmayıb. Qəhrəmanlar cəsarətlidir. Qapını açanlar cəsarətlidir. Tərəddüdsüz yaşayanlar cəsarətlidir.
40-cı qapı sirrlidir, ondan əvvəlki 39 qapı isə məhz sonuncu qapıya hazırlıqdır, getdikcə artan həyəcan isə sonluğun əslində kulminasiya olmasının xəbərçisidir… Tərəddüdlərə son qoymaq üçün 40-cı qapı vasitədir, bəhanədir, şansdır. Ona qarşı düzgün davranmasan cəzalanacaqsan, divin canı elə şüşədə qalacaq, ya da gözəl bir qız qapı arxasında səni gözləyərək qarıya çevriləcək. Kino ədəbiyyat deyil, Tarkovskinin dediyi kimi ədəbiyyatın xarabalıqları arasında ucaldılmış saraydır. Rejissor Elçin Musaoğlunun “40-cı qapı”sı elə gözəl saraylardan biridir. son illərdə Azərbaycanda ən uğurlu filmlərdəndir.
Film 2009-cu ildə “Ritm Prodakşn” tərəfindən çəkilmişdir. İndiyə qədər beynəlxalq festivallarda 10-dan çox əsas mükafat qazanmış, müxtəlif nominasiyalar üzrə qalib olmuşdur. Bunların arasında Hyustonda (ABŞ) keçirilən 42-ci Beynəlxalq Kinofestivalında “Ən yaxşı xarici film” nominasiyası üzrə qızıl mükafat, ABŞ-ın Beynəlxalq Tiburon Film festivalının əsas bölməsində müsabiqədə İtaliya kino rejissoru Federiko Fellini adına mükafat, “New York Eurasian Film Festival”da “Ən yaxşı ssenari” nominasiyasında mükafat və digər dünya miqyaslı festivalların adını çəkmək olar. \Fillmdə Qara Qarayevin musiqilərindən istifadə olunmuşdur. İlk baxışı elə 2009-cu ilin 25 fevralında Səməd Vurğun adına Rus Dram Teatrında olan filmin böyük premyerası 2010-cu Heydər Əliyev adına Sarayda olsa da, ondan sonra heç bir kinoteatr, telekanal dünya arenasında yetərincə uğur qazanmış “40-cı qapı”nı nümayiş etdirmək məsuliyyətini boynuna götürməmiş, müxtəlif obyektiv və subyektiv səbəblərdən əsaslar və bəhanələr gətirmişlər.
Filmin adını iki cür yozmaq olar. Abşerondan 40 kilometr uzaqda yerləşən qəsəbə ilə bağlı olan filmin adı həm də seçim etmək-40-cı qapi qarşısında xeyiri ya şəri seçmək anlamındadır. 14 yaşlı Rüstəm (Həsən Səfərov) sovet dövrünün süqut etdiyi dövrdə atasının ölümündən sonra evin kişisi olmaq məcburiyyətindədir. Leyla (Gülər Nəbiyeva) isə ərinin yoxluğunu hiss elətdirməməkdə acizdir. Oğlunun işləməsinə, dərslərini axsatmasına laqeyd qala bilmir. Sualtı qayıqda işləyən qardaşından telefon zəngi gələcəyinə də ümidi itirərək ərindən yadigar qalan xalçanı satmaq məcburiyyətindədir. Ana və oğulun psixoloji durumu eyni dərəcədə deyil. Leyla ərinin ölümündən sarsılıb, çörək pulu qazanmaq üçün şorgöz Surxaydan iş istəyir, amma burda kişilik instinktiylə, “atasının adını batmağa” qoymayan Rüstəmlə üzbəüz gəlmək məcburiyyətində qalması filmin ən dramatik səhnələrindəndir. Xalça elementi ilə rejissor filmdə Azərbaycan adət-ənənəsinə də yer ayırmış olur.
Ədəbiyyatımızda bu tip təkrar səhnəyə Mir Cəlalın “Bir gəncin manifesti”ndə də rast gəlmək mümkündür. Rüstəm anasını inandırmağa çalışır ki, o, artıq işləyə bilər. Gizlicə şəhərə gedərək maşın yuyur. Həm də onun kimi küçə ticarətinin qurbanı olan uşaqlar kimi kiməsə “haqq vermək” istəmir. Rüstəmin azadlığı, sərbəstliyi daha çox önəmsəməsi ona baha başa gəlsə də, atasızlığın acısı qarşısında mənliyini qoruyaraq əyilməməsiylə seyrçinin rəğbətinin qazanır, üzünə bağlı olan qapıları öz daxili tərəddüdləri və cəsarətiylə açır. Film lazım olduğundan çox az məbləğə, 200 min manata çəkilib. Amma 14 yaşlı aktyorun özünü və rejissoru çətinə salmadan inandırıcı oyunu filmin yorucu olmasının qarşısını alır.
Filmin rejissoru və ssenaristi Elçin Musaoğlu filmdə qonşuların kiçik portretlərini yaradıb. Fatma xala (Elmira Şabanova) onun evinə telefonla danışmaq üçün gələn Leyladan sanki utanır, axı Leyla ərinin ölüm xəbərini onun evindəki telefondan eşitmişdi, hər dəfə qardaşından zəng gəlməsi ümidiylə onun evinə gəlsə də, xalçasını satmaq məcburiyyətindədir. Amma Fatma xalanın xarakteri Rüstəmdə olduğu kimi, seyrçi üçün də şübhəlidir. Ana və oğlunun hər dəfə həyət qapısından çıxanda qapını ümidsiz şəkildə çırpmasına (yenə qapı!) Fatma xalanı hiddətlənir, yoxsa üzülür, bilinmir. Ən azından Rüstəm ona inansaydı seyrçidə də şübhə qalmazdı. Digər qonşu şorgöz Surxay (Adil Zeynalov) xalçanı satmaq üçün Leyladan alsa da, qarajda sərib hanısa pozğun qadınla onun üstündə sevişmək istəyir. Ancaq Rüstəm həm atasının xatirəsini xilas etmək, həm də Surxaydan heyfini çıxmaq üçün qarajın qapısını çöldən bağlayır.
Qapı arasından əlini uzadan Surxayın yaltaqcasına açarı istəməsi, 40-cı qapıdan çıxan divin şahzadənin əlindəki şüşədəki canını qurtarmaq üçün etdiyi hiylələrə bənzəyir. Yenə qapı, yenə qəhrəman, yenə cəsarət… Qonşular arasında Sabir dayı (Rafiq Əzimov) daha parlaq və aydın xarakterdir. Rüstəmin “atasından xəbərsiz” Ediklə (Rövşən Ağayev) dostluğundan narahatdır, Rüstəmin atasını hörmətlə anır, əlindən kömək gəlmədiyi üçün səmimi acizliyini bildirir. Bütün bu gərginlik arasında Rüstəm Ediklə dostluq etsə də, yolunu azmır, normal gələcək düşünür. Nağara, Edikin dediyi kimi desək, dumbul alıb peşə sahibi olmaq istəyir.
Kasıb filmin qəhrəımanlarının dünyası, daxili aləmləri zəngindir. Rüstəm Edikin həbs olunmasından sonra onun kor qardaşını evinə gətirir. Elçin Musaoğlunun Edik surəti cəmiyyətə, dövrə istehzadır. Avaradır, oğrudur, evində haqqında heç kəsin bilmədiyi kor qardaşı var. Onun qayğısına qalan Edik tipikləşdirilmiş obrazdır. Ata-anasını itirən, ya da 18 yaşdan uşaq evlərindən çıxarılanlar xeyiri yoxsa şəri seçir? Rüstəmlər, Ediklər, maşın yuyan digər uşaqlar küçə uşaqlarının eyni məhrumiyyətlərlə başlayan, lakin bəxtdənmi deyim, şansdanmı, yoxsa ağıllarının fərqli inkişafındanmı müxtəlif məcralara axan həyatları kasıb “40-cı qapı”da həqiqət güzgüsü kimi təqdim olunur…
… Sonuncu qapıya yaxınlaşırıq. 40-cı qapı… Bundan sonrası, davamı bizim o qapının qarşısında aciz durmağımızdan, ya da qapı səddini keçəcəyimizdən asılıdır. Qapının arxasında yatmış gözəl yox, divdir, qaranlığa aparan yoldur.
Filmdə qəhrəmanımızın küçədə söykəndiyi dirəkdə yanıb-sönən işıq çaşqınlığımızdır. O həmişə eyni ampluadadır-yanır, sönür, yanır, sönür, yanır…
Rüstəm bəlkə də onunla eyni taleyi yaşayan, amma fərqli yolu seçən, onun qarşısını kəsərək döyən uşaqlardan qisas almaq niyyətindədir.
Bıçaq… 40-cı qapı… Cəsarət… İşıq… Tərəddüdlər…
Seyrçi son ana qədər Rüstəmin əlində bıçaq dalıyca qaçdığı uşağı öldürüb-öldürməyəcəyini bilmir. Sonda hər ikisi bağlı qapı qarşısında yorulub pilləkənlərə sərilirlər. Rüstəm isə tərəddüd edir. Öldürmək və ya div olan qapını açmaq qaranlığa aparan yoldur. Amma qəhrəmanlar hər zaman qapını açmalıdırlar. Yoxsa onlar haqqında nağıl yazılmaz…