Azərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli filmlərin əsas obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olmalarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil.
“Azərbaycan kinosunun əcnəbi qəhrəmanları” adlı rubrikasında oxuculara milli filmlərimizdə əsas rolların ifaçıları olmuş xarici aktyor və aktrisalar haqqında məlumatın təqdimatına davam edir.
1966-cı ildə «Azərbaycanfilm” Kinostudiyasında istehsal olunmuş “Qaraca qız” bədii filmini, yəqin ki, yaxşı xatırlayırsınız. Yazıçı Süleyman Sani Axundovun əsəri əsasında ekranlaşdılrılan bu filmdə bir neçə əcnəbi aktyor yer alıb.
Onlardan biri də filmdə qaraçı Yusif rolunun ifaçısıdır. Bu aktyorun özü də elə qaraçıdır. Söhbət
Oleq Xabalovdan gedir.
Oleq Timofeyeviç Xabalov 1933-cü il aprelin 21-də anadan olub. 1958-ci ildə Şimali Osetiyadakı Şukin adına Ali teatr məktəbini bitirib. Bundan sonra isə Rusiya Teatr İncəsənəti İnstitutunun rejissorluq fakultəsindən məzun olur.
Oleq Xabalov Moskvadakı “Romen” Qaraçı Teatrında aktyor və rejissor kimi fəaliyət göstərib. O, rejissor olaraq Jan Lui Ronkoroninin “Kişilər bazar günü”, İvan Rom-Lebedevin “Yolda”, Nikolay Çerkaşinin “Gitarasız tabor”, V. Rayskinin “Ovsunlar” və Roman Sonçevin “Qayıdış” tamaşalarını səhnələşdirib.
Onun quruluş verdiyi “Dövlət evində söhbət” adlı tamaşa isə xüsusilə böyük uğur qazanıb. Tamaşada rejissor olmaqla bərabər, Oleq Xabalov həm də Stanislav Rodionovun “Kriminal istedad” povestinin motivlərini də yenidən işləyib. Ümumiyətlə, teatr fəaliyətinin sonrakı dövründə Oleq Xabalov bir çox rollarda “Trianalı Karmen”də Xose Qarsiya, ”Qaraçı”da Budulay, ”Gilasın rəngi”ndə Monti, “Başçı”da Ujvo rolunu ifa edib.
Yaradıcılığını sonuncu nümunələri olan “Qaraçı Afrikadada qaraçıdır” (1996) və “Tabor oteli” (2001) tamaşalarında həm aktyor, həm quruluşçu rejissor və həm də dramaturq kimi çalışıb. Onun sonuncu işi “Qaratoxmaqların kralı” adlı tamaşa olub.
Oleq Xabalovun filmoqrafiyasına gəldikdə isə 35 filmdə yer alan aktyor “Tabor göylərə gedir”, “Minotavrı ziyarət etmək”, “Qaraçı” və “Budulayın dönüşü” kimi filmlərlə tamaşaçıların rəğbətini qazanıb. Kino və teatr xidmətlərinə görə, aktyor 1994-cü ildə Rusiyanın əməkdar artisti, Şimali Osetiyanın xalq artisti fəxri adlarını qazanıb.
Qaraçı aktyor Oleq Xabalov Azərbaycanda “Qaraca qız” filmindən başqa daha bir neçə ekran əsərinə çəkilib. O, “Möcüzələr adası”nda Kamran (1963), “Sən niyə susursan?”da Nəcəf (1966), “Yaşamaq gözəldir, qardaşım”da İsmayıl (1966), “Ulduzlar sönmür”də Çotay (1971) rollarını canlandırıb.
“Sən niyə susursan?” filminin rejissoru Həsən Seyidbəyli öz filmlərinə əcnəbi aktyorları dəvət edəndə onların xarici görünüşünün azərbaycanlılara uyğun olmasına fikir verirmiş. Oleq Xabalov da məhz buna görə seçilib. Güclü zahiri görkəmi ilə davranışı bir-birinə uyğun gələn aktyorun ifası rejissoru qane edib.
Oleq Xabalov 2013-cü il mayın 1-də 81 yaşında Moskvada vəfat edib.