"O olmasın, bu olsun" filmindəki təhriflər

"O olmasın, bu olsun" filmindəki təhriflər

Yersiz müdaxilə

O olmasın, bu olsunAbbas Zamanov- Filoloq, EA-nın müxbir üzvü (1983)
Xalqımızın sevimli bəstəkarı Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” musiqili komediyasının yarım əsrə yaxın səhnə ömrü vardır. İllər keçdikcə o öz təravətini itirmir, əksinə, getdikcə gəncləşir, tamaşaçılar tərəfindən daha səmimi qarşılanır. Komediyanın müvəffəqiyyətinə səbəb onun ürəkləri dilləndirən nikbin musiqisi, xalq müdrikliyindən doğan mənalı satirası və oynaq dramatik konfliktidir.

Azərbaycan kinostudiyasının klassik operettamızın bu ölməz sənət əsərini ekranda canlandırmaq təşəbbüsü, heç şübhəsiz ki, təqdirəlayiq bir addımdır. Hazırda respublikamızın şəhər və kəndlərində nümayiş etdirilən “O olmasın, bu olsun” musiqili kinokomediyasının (ssenari müəllifi S. Rəhman, quruluşçu rejissor H. Seyidzadə, baş operator Ə. A. Atakişiyevdir) bəzi müvəffəqiyyətli cəhətlərilə yanaşı, mübahisəyə və tamaşaçıların etirazına səbəb olan ciddi nöqsanları vardır ki, onların haqqında mətbuat səhifələrində danışmaq, müzakirə açmaq lazımdır.

“O olmasın, bu olsun” filmində keçmiş həyatımızın maraqlı lövhələri, bir sıra aktyorların (xüsusən xalq artistləri B. Şəkinskaya və A. Gəraybəylinin) öz rollarını məharətlə oynaması, ayrı-ayrı kadrların və epizodların çəkilməsində operatorun həssaslığı və s. kimi müvəffəqiyyətli cəhətləri ilə birlikdə ciddi bədii qüsurları vardır ki, onların üzərində ətraflı dayanmaq lazım və vacibdir.

Məlumdur ki, hər hansı bir romanın yaxud dramın, opera və ya operettanın ekrana çıxarılması onun ikinci doğuluşudur. Kino sənətinin özünəməxsus xüsusiyyətləri, təsvir və ifadə vasitələri olmasına baxmayaraq, ikinci doğuluş birincinin əsas mahiyyətini özündə saxlamalı və daha qabarıq şəkildə təzahür etdirməlidir. Buna görədir ki, geniş oxucu və tamaşaçı kütlələrinin rəğbətini qazanan məşhur bir sənət əsərini ekran üçün yenidən işləyərkən, son dərəcə həssas davranmaq, kinonun spesifikasından doğan əlavələr və ixtisarlar edərkən, ehtiyatlı olmaq, əsər müəllifinin fikir və niyyətlərini saxlamağa, tamaşaçılara daha aydın şəkildə çatdırmağa çalışmaq lazımdır.

“O olmasın, bu olsun” filmində tamaşaçıların etirazına səbəb olan başlıca qüsur ondan ibarətdir ki, filmin yaradıcıları Ü. Hacıbəyovun komediyasını ekran üçün yenidən işləyərkən, yuxarıda dediyimiz prinsipi pozaraq, materiala qayğı və məhəbbətlə yanaşmamış, yersiz müdaxilə, əlavə və ixtisarlarla əsərin səviyyəsini həm ideya, həm də bədii cəhətdən aşağı salmış, komediyanın əsas ruhunu təhrif etmişlər. Məsələn, komediyada olmayan, sonra əlavə edilmiş primitiv əhvalatlar – bazarda qoçuların davası, Rüstəm bəyin evində qonaqların qalmaqalı, hamamda verilən çirkin naturalist səhnə və i. a. kimə lazım idi? Yalnız gülüş üçün, mənasız hırıltı üçün əlavə edilmiş, bu münasibətsiz əhvalatlar ancaq bir şeyin – zövqsüzlüyün və bədii təxəyyülün kasıblığının nəticəsidir. Bu əhvalatlar filmdə o qədər şit, o qədər hay-küylə verilmişdir ki, komediyanın əsasını təşkil edən ictimai motivlər kölgədə qalır.
   

Filmdə komediyaya əlavə edilən yersiz epizodlardan biri də “Molla Nəsrəddin” redaksiyasının göstərilməsidir. Film başlanarkən titrdəki yazıdan öyrənirik ki, əhvalatlar 1910-cu ildə Bakıda vaqe olur. Məlumdur ki, bu zaman “Molla Nəsrəddin” jurnalının redaksiyası Tbilisi şəhərində idi. Belə olduqda “Molla Nəsrəddin” jurnalı redaksiyasının Bakıda verilməsi tarixi təhrif etmək deməkdir. Hələ bu bir tərəfə qalsın, redaksiyanın göstərilməsini özü də son dərəcə məntiqsiz və əsas məzmun xəttindən uzaqdır. Mədəniyyətimizin müxtəlif sahələrində tarixi izlər buraxmış altı böyük sənətkarı: C. Məmmədquluzadə, M. Ə. Sabir, Ə. Haqverdiyev, Ü. Hacıbəyov, H. Ərəblinski və Ə. Əzimzadəni “Molla Nəsrəddin” jurnalının redaksiyasında görürük. Bu təsadüfi epizod hadisələrlə üzvi surətdə bağlanmadığından, nəinki filmin yaradıcılarının fikrini – mütərəqqi adamların mühitini göstərmək arzusunu ifadə etmir, hətta epizodda iştirak edənlərin çoxunun kim olduğu tamaşaçı üçün naməlum qalır. Böyük şəxsiyyətlərimizin bu planda əsərə daxil edilməsi bədii cəhətdən əsaslandırılmadığı üçün ciddi etiraz doğurur. Hadisələrin sonrakı inkişafında Cəlil Məmmədquluzadə, Gülnazı qaçırtmaq üçün Sərvərin düzəltdiyi kələyin iştirakçısı kimi göstərildikdə isə bizim etirazımız qəzəbə çevrilir.

Filmdə o zamankı Bakının son dərəcə geri qalmış, mədəniyyətdən uzaq, qabaqcıl və inkişaf etmiş sənaye və mədəniyyət mərkəzinə qətiyyən oxşamayan qaranlıq bir mühit kimi göstərilməsi də tamaşaçılar narazı salır.

Musiqili komediyanı ekranlaşdırmaq sahəsində studiya “Arşın mal alan” filmini çəkmək kimi yaxşı təcrübəyə malikdir. Bu filmdə də komediyanın ilk variantında olmayan əlavələr vardır. Ancaq bu əlavələr əsərə elə ustalıqla daxil edilmişdir ki, süjet xəttinin inkişafı ilə bilavasitə qaynayıb-qarışır və onu tamamlayır. Təəssüf ki, studiya özünün bu yaxşı təcrübəsindən “O olmasın, bu olsun” filmini yaradarkən istifadə edə bilməmişdir.
-Qızım, səni ərə verim?  -Yox, dədə, qurbanın olum. 

Təəccüblü burasıdır ki, etiraz doğuran yersiz əlavələrin heç biri studiyanın bədii şurası, həmçinin respublikanın mədəniyyət nazirliyi tərəfindən qəbul edilmiş ədəbi ssenaridə yoxdur. Bu əməliyyat rejissor ssenarisində aparılmışdır.

Mövcud olan qaydaya görə, təsdiq edilmiş ssenari şərti mətn deyil, gələcək film üçün əsasdır. Bəs onda nə üçün studiyanın rəhbərliyi və mədəniyyət nazirliyi qəbul edib möhür vurduqları ssenarinin üzərində bu qədər dəyişiklik aparılmasına yol vermişdir? Nə üçün ssenari müəllifi yazıçı Sabit Rəhman bu əməliyyatla razılaşmışdır? Bu cəhət bizim üçün aydın deyildir.

Filmin aktyor oyununa, xarakterləri açılmasına gəldikdə, demək lazımdır ki, burada da vəziyyət pisdir. Komediya müəllifinin amansız tənqid hədəfi olan Məşədi İbad obrazını götürək. Ü. Hacıbəyov təsvir etdiyi Məşədi İbad eybəcər, düşkün, mənəvi cəhətdən yaramaz və xəsis bir qocadır. Bütün varlığı ilə gülünc olan bu eybəcər insan eyni zamanda qadın azadlığının qəddar düşmənidir. Komediyanın bir yerində o, məhv etdiyi arvadlara vermiş olduğu əzab-işgəncələri iftixarla nağıl etməklə özünün bu xüsusiyyətini aydın bir şəkildə büruzə verir. Məşədi İbadın xarakterini açmaq üçün müəllifin ustalıqla işlətdiyi bu satirik priyom, nədənsə, filmdə ixtisar olunmuşdur.

Ə.AgayevFilmdə tamaşaçıya təqdim edilən Məşədi İbad “O olmasın, bu olsun” komediyasından tanıdığımız Məşədi İbad deyildir. Yuxarıda saydığımız keyfiyyətlərin çoxu onda yoxdur. O, ortayaşlı, səliqəli geyinmiş, gümrah bir şəxsdir. Komediyadakı Məşədi İbadın qəpiyi çıxanda canı çıxır, Gülnazı ələ keçirmək üçün o, lotulara pul verməli olduqda əzab çəkir, sanki ətini kasıb atır. Filmdəki Məşədi İbad isə cibinin ağzını açıb “gəl, apar” deyir və buna görə də nisbətən “nəcib” görünür. Demək, filmdəki Məşədi İbad bir obraz olaraq natamam və zəifdir. Bunun təqsiri rolu ifa edən aktyorda deyildir. Biz inanırıq ki, respublikanın xalq artisti Ə. Ağayev Məşədi İbad obrazını yaratmaq üçün səylə çalışmışdır. Günah rolun yanlış traktovkasındadır. Bəla burasındadır ki, rejissor necə çalmışsa, aktyor da elə oynamışdır.

Filmdə əsas rolları ifa edənlərdən A. Mirzəquliyevin (Sərvər) və T. Gözəlovanın (Gülnaz) oyunları zahirən pis görünmür. Lakin onların yaratdığı obrazların düşdüyü vəziyyət tamaşaçıya çox da dərin təsir bağışlaya bilmir. Çünki bu obrazlarda aktyor oyunu üçün ən vacib olan iki cəhət – ürək və cazibə yoxdur.

Filmdə mühüm bir xətt də vardır ki, onun haqqında danışmamaq olmaz. Bu, burjua ziyalıları xəttidir.

Millət adından bol-bol nitqlər irad edən, əslində isə millətlə heç bir əlaqəsi olmayan boşboğaz ziyalılar uzun müddət mollanəsrəddinçilərin əsas tənqid hədəflərindən biri olmuşlar. Onların obrazını dramaturgiyada ilk dəfə Ü. Hacıbəyov kəşf etmişdir. O, “O olmasın, bu olsun” əsərində yaratdığı Rza bəy, Həsən bəy, Həsənqulu bəy surətlərində bir tərəfdən o vaxt Azərbaycana soxulan yabançı təsirləri, digər tərəfdən təbəqələşməni və simasızlığı açıb göstərmişdir. Filmdə xalq artistləri İ. Osmanlının (Rza bəy), M. Mərdanovun (Həsənqulu bəy) və əməkdar artist İ. Əfəndiyevin (Həsən bəy) yaratdığı obrazlardan şikayətlənmək olmaz. Onların ifasında zamanın prinsipsiz ziyalıları tam amansızlıqla ifşa edilir. Lakin filmdə bir-birini təqib edən şit qalmaqallar bu xəttin ictimai xarakterinin tamaşaçıya çatmasına mane olur.
 

Filmin musiqi redaksiyası haqqında ətraflı danışmaq, qəti fikir yeritmək mütəxəssislərin borcudur. Biz isə hamının asanlıqla başa düşdüyü bir həqiqəti deməyi lazım bilirik: filmin yaradıcıları komediyanın mətninə yersiz müdaxilələr etməklə kifayətlənməyib, onun musiqisinə də müdaxilə etmişlər. Bundan komediya heç bir şey qazanmamışdır, əksinə, itirmişdir.

Təəssüflə qeyd etmək lazımdır ki, müxtəlif “müdaxilə” və “fantaziyaların” nəticəsində “O olmasın, bu olsun” filmi son dərəcə zəif çıxdığı üçün tamaşaçıları məyus etmişdir.

Deyirlər ki, “Arşın mal alan” ekran üçün hazırlanarkən, onun da mətninə və musiqisinə “müdaxilə” edilibmiş. Ü. Hacıbəyov bunu bildikdə mütəəssir olaraq demişdir: “Mənim övladım yoxdur, mənim hər bir əsərim mənim övladımdır. Nə üçün onun başına bu işi açıbsınız?”

Böyük bəstəkarın bu sözlərini “O olmasın, bu olsun” filminin yaradıcıları eşitməmiş olmazlar. Bəstəkarın bu sözlərindən sağlığında çıxarılan nəticə indi də çıxarılmalı idi.

Top