Həyat yenə öz sərt üzünü göstərmişdi. Bir uşağın yaşaya biləcəyi ən böyük dərdi yaşatmışdı. Yetim qalmışdı İsmayıl. İsti ana qucağına, ana nəvazişinə ehtiyac duyduğu yaşda...
Amma bu balaca oğlan həyatın bu sərtliyinə yenilmir. Ögey ananın doğmalığını qəbul etməklə, qalib gəlir. Bu, İsmayılın yetimliyə qarşı bir fəryadı olur.
İllər ötür. Balaca İsmayıl böyüyür. Bölük komandiri İsmayıl Hüseynova çevrilir. Torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda mərdliklə vuruşur, əsir düşür. Bu isə İsmayılın düşmənlərə, haqsızlıqlara qarşı bir fəryadı olur...
Əslində onun bütün həyatı mübarizələrlə keçir. Hələ uşaq yaşlarından başlayaraq. Əvvəl həyat mübarizəsi, sonra sənət, ən sonda isə yaşam… O, bircə sonuncu mübarizəsindən qalib çıxa bilmir. Vaxtsız ölümə uduzur.
Elə onu Azərbaycan xalqına Ceyhun Mirzəyev olaraq tanıdıb sevdirən də məhz bu mübarizələr olur. Əvvəl balaca İsmayılın həyatın sərt üzünə-yetimliyə qarşı mübarizəsi, illər sonra isə doğma torpaqlarını viran qoya düşmənlərinə qarşı fəryadı.
Hər iki obraz əslində Ceyhun Mirzəyevin özü idi. Yaşantıları, həyatı idi… Ceyhun da balaca İsmayılın taleyinə bənzər bir tale yaşamışdı. Hər iki uşağın həyatında xeyli oxşar cəhətlər vardı. Birinci növbədə elə yetimlik...
Ceyhun 1946-cı il aprelin 9-da Bakıda anadan olsa da, əsli Qarabağdandır. Nənəsi Şuşadan, babası isə Ağdamın Abdal-Gülablı kəndindən idi. Ceyhunun atası Cəmil Mirzəyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində çalışırdı. “Qırmızı Döyüş Bayrağı” ordeninin (Orden Boyevoqo Krasnoqo Znameni) ilk sahibiydi. Hazırda Rusiya Tarixi Muzeyində saxlanılan bu ordeni “Qanun naminə” filmində gənc prokurorun yaxasında görmüşük.
O, 3 yaşında atadan yetim qalır...
Ceyhunun anası Marqarita xanım Cəmil Mirzəyevin ikinci həyat yoldaşı olub. Birinci həyat yoldaşı ilə 17 il evli qalsalar da, övladları dünyaya gəlmir. Ailəsinin israrına baxmayaraq, Cəmil Mirzəyev bu problemə görə çox sevdiyi xanımından əsla ayrılmır. Ancaq evliliklərinin 17-ci ilində yoldaşı dünyasını dəyişir. Yalnız bundan sonra Cəmil bəy başqa bir xanımla ailə qurmaq fikrilə razılaşır. Və iki il sonra artıq 48 yaşında ikinci dəfə ailə qurur – Ceyhunun anası ilə. Bu, gürcü Marqarita xanımın da ikinci nikahı idi. Birinci həyat yoldaşı İbrahim Məmmədəliyevdən (akademik Yusif Məmmmədəliyevin qardaşı) isə bir qızı vardı. Xoşbəxtlikdən, bu nikahdan Cəmil Mirzəyevin oğlu dünyaya gəlir. İlk və tək doğma övladı. Ceyhun doğulanda “ögey bacısının” artıq 7 yaşı vardı. Cəmil bəy o qıza da öz övladı kimi baxır, onu oğlundan ayırmırdı. Hər iki uşağı öz doğma balası kimi böyütməyə çalışırdı. Amma bu, Cəmil Mirzəyevə qismət olmur. Hətta gözünün ağı-qarası bircə oğlunun məktəbə getməyini belə görə bilmir. Qəfil əcəl onun bütün arzularını gözündə qoyur. İllərdir həsrətində olduğu övlad sevincini heç üç il də dada bilmir. Ceyhun 3 yaşında atadan yetim qalır. Elə bu vaxtdan da onun mübarizəsi başlayır. Birinci elə yetimliyə qarşı...
Yaşının üstünə yaş calandıqca Ceyhun atasının yoxluğunu duymağa başlayır. Sonra isə dərk etməyə. O zaman Ceyhun artıq bir məktəbliydi. Və hələ yaşının az olmasına baxmayaraq, məktəbin ən fəal şagirdlərindən biri kimi tanınırdı. Yaxşı nitqi, şeir demək bacarığı vardı. Məhz bu qabiliyyətinə görə də tez-tez AzTV-nin uşaq verilişlərində iştirakçı, aparıcı kimi çəkilirdi. Elə bu verilişlər Ceyhunun sənət taleyini müəyyənləşdirir. Onu “Görüş” filmində Şıxəlinin oğlu rolunda oynamağa dəvət edirlər. Bu, 9 yaşlı Ceyhunun peşəkar kinoda ilk işi olur. 3 ildən sonra o, yenidən ekrana çıxır. “Ögey ana” filmində İsmayıl rolu ilə. Bu rolla 12 yaşlı Ceyhun Mirzəyev uşaq obrazı yaradan bir şəxs kimi çevriliş edir. Birdən-birə minlərlə tamaşaçının qəlbinə yol açır, sevilir. SSRi-də uşaq rolunun ən istedadlı ifaçısı kimi qəbul olunur. Məhz bu film Ceyhun Mirzəyevi Azərbaycan kinosunun əfsanəvi qəhrəmanlarından birinə çevirir. Bununla da Ceyhun Mirzəyevin tək sənət yox, elə həyat mübarizəsi də başlayır. Filmlərdən aldığı qonorarla ailəsini – anasını və özündən 7 yaş böyük “ögey bacı”sını dolandırmağa, maddi cəhətdən təmin etməyə çalışır. O yaş və dövr üçün Ceyhunun qazandığı pul da yaxşı məbləğ sayılırdı...
“Ögey ana” filmindən sonra sənətdə Ceyhuna “yaşıl işıq” yanır. “Əsl dost” (1959), “Matteo falkone” (1960), “Qara qağayı” (1962-ci ildə Rusiyada çəkilib), “Yenilməz batalyon” (1965), “Qanun naminə” (1968) “Dəli Kür” (1969), “Bakıda küləklər əsir” (1974), “Yol əhvalatı” (1980), “Qanlı zəmi” (1985), “Lətifə” (1989) də daxil olmaqla 25-ə qədər filmdə müxtəlif obrazlar yaradır.
Ceyhun sənətə aktyorluqla başlasa da, rejissorluğa da böyük həvəsi vardı. Elə buna görə də İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirmişdi. Moskvada təcrübə keçib qayıdandan sonra isə “Mozalan”da bədii rəhbər işləyirdi. Burada o rejissor kimi 100-dən çox süjet çəkmişdi. Üstəlik, bədii rəhbər çalışdığı müddətdə bir çox istedadlı gənclərə orada işləməyə şərait yaratmışdı. Məsələn, elə Film Fondunun rəhbəri Cəmil Quliyev məhz Ceyhun Mirzəyevin dəvəti və dəstəyi ilə “Mozalan”da 20-yə yaxın süjet çəkib.
“Ceyhun onu son anda görüb əlilə itələyib yıxılmasaydı, ip boğazını üzərdi”
Görkəmli aktyorun rejissor kimi ilk işi “Bəyin oğurlanması” filmi olub. Və məhz Ceyhun Vaqif Mustafayevi də o filmə rejissor olaraq cəlb edib. Hər bir azərbaycanlının bu gün də sevərək izlədiyi bu ekran əsərində səslənən deyimlərin çoxunu əzbər bilirik. Ceyhunun rejissor kimi növbəti işi “İşarəni dənizdən gözləyin” filmidir. Əsasını real faktların təşkil etdiyi filmdə Azərbaycanda sovet hakimiyyəti qurulması uğrunda aparılan mübarizədən danışılır. Onun növbəti mübarizəsi isə “Fəryad” filmində olur. Bu, Ceyhun Mirzəyevin aktyor və rejissor kimi axırıncı işi olaraq tarixə düşür. “Fəryad” onun torpaqlarımızı işğal edən düşmənlərə, haqsızlıqlara qarşı son fəryadı idi...
Filmin operatoru Kənan Məmmədov deyir ki, “Fəryad” filmi 1993-cü ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Amma “İnkişaf” Banklararası Mərkəzi Səhmdar Bankının vəsaiti ilə çəkilib: “Biz ilk olaraq filmin harada çəkiləcəyi barədə çox düşündük. Bu, mühüm bir məsələ idi. sonra Ceyhunla belə qərara gəldik ki, çəkilişlər sərt havada aparılmalıdır. Çünki Qarabağ savaşından bəhs edən filmi yayda, otun-çiçəyin arasında çəkmək düzgün olmazdı. Filmin bütün natura çəkilişləri Goranboyda Murov dağın ətəyində, Zeyvə, Qaraçinar, Ağcakənddə keçdi. Onda döyüşlər təzəcə başa çatmışdı. Biz ora yanvarda ezam olunduq və çox kəskin hava şəraitinə baxmayaraq, 15 günə natura çəkilişlərini bitirdik. Düzdür, təşkilati problemlər vardı. Məsələn, ordu, patron, avtomat lazım idi, onları çətinliklə əldə edirdik. Amma mənəvi çətinliklər daha çox idi. Hamımız daxilən çox böyük iztirablar keçirirdik. Xüsusən də Ceyhun çox əzab çəkirdi. Torpaqlarımızın işğalı ona pis təsir etmişdi”.
Kənan Məmmədov çəkilişlər zamanı baş verən bəzi hadisələri də xatırlayır: “Filmdə bir səhnə var – balaca qızın zorlanma xəbərini eşidən İsmayıl bunu kimin elədiyini başa düşür. Səngərin arası ilə qaça-qaça gəlib ermənilərin mövqeyinə çatır və bu alçaqlığı edən ermənini öldürür. Bu səhnəni hərəkətlə çəkirdim. Kamera maşında idi. Ceyhun ağacların arasında qaçdığı müddətdə maşın da paralel olaraq gedirdi. Birdən Ceyhun qeyri-adi bir hərəkət etdi və yıxıldı. Demə, Ceyhun qaçdığı yerdə bir ağacdan o biri ağaca çox nazik, amma poladdan bir sim çəkilmişdi. Kim bunu eləmişdi bilmirik. Amma təbii ki, əvvəlcədən olunmuşdu. Ceyhun onu son anda görüb əlilə itələyib yıxılmasaydı, ip boğazını üzərdi. Çox sarsıldıq o anda. Əli kəsilmişdi, həkimə aparıb yardım etdik.
Bir də o səhnədə qaçan zaman çaydan keçir. Qış ayı, dağdan gələn su, adamın barmağını da kəsirdi. Mən etiraz edirdim ki, o səhnədə kaskadyor, dubl aktyoru çəkilsin. Amma Ceyhun razı olmadı, özü çəkildi. Ondan sonra da təbii ki, özünü pis hiss etdi. Ümumiyyətlə, bu film Ceyhuna mənən xeyli təsir etdi, ürəyi tap gətirmədi. Filmi tez hazırlayıb qurtarmaq istəyirdi, tələsirdi elə bil. Bəlkə də ürəyinə nəsə dammışdı. Amma çox təəssüf ki, tam olaraq başa çatdıra bilmədi. Filmin qaralama montajı bitəndə Ceyhun rəhmətə getdi. Özü də montajı birlikdə edirdik. Mənsiz eləməzdi. Deyirdi, “sən bütün materialı məndən yaxşı bilirsən...”. Filmin birinci variantı başa çatandan sonra Ceyhunu itirdik. Nə öz rolunu səsləndirə bildi, nə də filmi gördü”.
“Ceyhun da bu şəxsi münasibətlərin qurbanına çevrilmişdi”
Aktyorun həyat yoldaşı, Ümumrusiya Azərbaycanlıları Konqresinin Pyatiqorskdakı təmsilçisi, baş ədliyyə müşaviri Lidiya Mirzəyeva Ceyhunla ilk görüşlərini xatırlayır. Onda yetərincə tanınan aktyorun 18, Lidiyanın 17 yaşı vardı. Moskvada görüşmüşdülər: “Bizi məktəbdən aparmışdılar. Orda olduğumuz zaman eşitdik ki, Azərbaycandan artistlər də burdadır. Onda Ceyhun ancaq ekrandan tanıyırdım, yetərincə məşhur idi. Amma ilk dəfə canlı şəkildə onları Bakıya yola salanda gördüm. Ceyhun bizi restorana dəvət etdi. Sonradan bildim ki, son pulunu da o qonaqlıqda xərcləyib. Bir-birimizə telefon nömrələrimizi verdik və ayrıldıq. Mən Bakıya qayıdandan sonra bir dəfə mənə zəng vurdu, görüş təklif etdi. Mən də razı olmadım, onu bir az acıladım. Bu, bizim son danışığımız oldu”.
Amma bu, əsl son olmur. Tale onları yenidən qovuşdurur. Düz 8 ildən sonra. Bu dəfə Ceyhun qətiyyən vaz keçmək fikrində deyildi. Odur ki, həyatının daha bir mübarizəsinə — sevgi mübarizəsinə başlayır. Hər gün Lidiyanın iş yerinə gəlir, pəncərəni döyüb otağa bir gül atır və gedir. Nəhayət, sevdiyi qızın könlünü alır və onunla ailə qurmasına razı sala bilir. Beləliklə, Ceyhun və Lidiya 1973-cü ildə ailə qururlar və Cəmalə adlı bir qızları dünyaya gəlir: “Bəzən məndən soruşurdular ki, niyə elə bir uşaq? Deyirdim, bir niyə? Mənim iki uşağım var — Ceyhun və Cəmalə. Ceyhun doğrudan da uşaq kimiydi. Tez sınırdı, inciyirdi…
Evlənəndən sonra içkini azaltdı. Düzdür, ondan qabaq da içki aludəsi deyildi. Amma heç içmirdi demək də düzgün olmazdı. Yeyib-içməyi, gəzməyi, geyinməyi çox sevirdi. O qədər ürəyiyumşaq, kövrək adam idi ki… Ehtiyacı olan hamıya əl tuturdu, kömək edirdi. “Mozalan”da işlədiyi müddətdə nə qədər gənci işlə təmin etdi. Haqsızlığa dözə bilmirdi. Ona qarşı xeyli haqsızlıqlar da olmuşdu. Bir müddət yaradıcılığında fasilə yarandı. Kinostudiyada ona iş vermirdilər, ssenarilərini qəbul etmirdilər. Bunun da səbəbi kinostudiyanın o vaxtkı direktoru Adil İsgəndərovla Ceyhunun əmisi Seymur Mirzəyevin arasında yaşanan problem idi. Seymur Mirzəyev əvvəl Moskvadakı “Romen”, sonra Mayakovski, Yermolov teatrlarının icraçı direktoru olmuşdu. Onların arasında nəsə şəxsi problemləri vardı. Ceyhun da bu şəxsi münasibətlərin qurbanına çevrilmişdi, əziyyət çəkirdi. Amma Ceyhun kimi bir insanı incitmək olmazdı axı. Mən ona təskinlik verməyə çalışırdım. Ona qarşı bir haqsızlıq da fəxri ad verilməməsiydi. Düzdür, Ceyhunun heç bir fəxri adı yoxdur, amma o, sözün əsl mənasında xalqın artistidir. Xalq onu sevir. O da xalqını çox sevirdi. Film çəkəndə aldığı qonorardan xəbəri də olmurdu, pul onu maraqlanmırdı. Deyirdi, “bu film xalqa lazımdır, gələcək nəsillərə miras qalmalıdır”. O, çox təmiz insan olub, xalqa xidməti qarşısında heç nə ummayıb, güdməyib. Bütün filmlərinə canla, ürəklə yanaşıb”.
“Vaqif Mustafayev “Fəryad”ı ekrana buraxmaq istəmirdi”
Lidiya xanım deyir ki, həyat yoldaşının ən böyük arzusu “Fəryad” filmini ekranlara çıxarmaq olub. O, bu günü səbirsizliklə gözləyib. Lakin qəfil əcəl buna imkan verməyib: ““Fəryad” ekrana çıxanda Ceyhun artıq rəhmətə getmişdi. Filmi nümayiş etdirmək üçün xeyli problemlərlə üzləşdim. Ssenari müəllifi Vaqif Mustafayev filmi ekrana buraxmaq istəmirdi. Səbəbini dəqiqliklə bilmirəm. Ya öz adına çıxarmaq istəyirdi, ya da başqa ölkəyə satmaq. Hətta filmdə dəyişikliklər də etmək niyyətindəydi. Ona görə də 5-6 ay filmi üzə çıxarmadılar. Xeyli mübahisələr oldu. Nəhayət, əlacsız qalıb mərhum Heydər Əliyevə teleqram göndərdim. Yalnız onun tapşırığından sonra Ceyhunun bu filmi işıq üzü gördü, xalqa göstərildi. Bu, Ceyhunun son əsəri oldu. O, bu filminə — “Fəryad”a bütün ürəyini qoymuşdu. Elə ona görə də ürəyi tab gətirməyib, partladı”.
Həyat yoldaşı danışır ki, “Fəryad” filminin çəkilişlərindən sonra Ceyhun Mirzəyev mikro insult keçirdi. Amma iki həftəlik müalicədən sonra yenidən filmin işlərini davam etdirməyə başladı. Özü də tələsərək. Filmi tez başa çatdırıb ekranlara çıxarmaq arzusundaydı. Var gücüylə, əzmlə çalışırdı. Amma bu dəfə gücü çatmır və həyat, yaşam uğrunda mübarizəsini yarı yolda dayandırır. 1993-cü il martın 5-də (47 yaşının tamamına 1 ay qalmış) Ceyhun Mirzəyevin ürəyi partlayır: “Həmin gün telestudiyaya getmişdi. Onun özü, “Fəryad” filmi haqqında veriliş hazırlanırdı. Elə oradaca vəziyyəti pisləşdi. Diktor Hicran onu maşına qoyub tez evə gətirdi. İçəri girəndə ürəyini tutmuşdu, dözülməz dərəcədə güclü ağrısı vardı. Tez uzatdıq, təcili yardım çağırdıq. Əsirdi, titrəyirdi deyə ayağını isti suya qoydum. Yenə xeyri olmadı. O anda qızımız Cəmaləni görmək istədi. Cəmaləyə baxdı və gözlərini yumdu. Biz elə bildik yuxulayıb. Amma təcili yardım gəlib dedi ki, bayaqdan canını tapşırıb…
Ceyhunun baxışı, gülümsəməsi hələ də gözümün qarşısındadır. Harda olsam da, onun ölüm və doğum günlərində mütləq Bakıya gəlirəm, məzarını ziyarət edirəm, gül qoyuram. Bilirəm ki, məni gözləyir...