Kommersiya-komediya filmləri

Kommersiya-komediya filmləri

Sosializm rejiminin maraqlı tapıntılarından biri də ŞHK - Şən və Hazırcavablar Klubu idi. Ali təhsil məktəblərinin tələbələrindən və əksəriyyəti oğlanlardan ibarət olan bir qrup gənc komandalarda birləşərək bir-biri ilə hazırcavablıqda yarışır. Eyni zamanda rəqs edir, xalq arasında məşhurlaşmış mahnıların sözlərini dəyişərək yeni variantda oxuyurlar.
Daha çox 70-ci illərdə populyarlaşmağa başlayan bu janrın nümayəndələri - ŞHK-çılar səhnədən, heç kimin xətrinə dəymədən küçədə, qonşuda, oxuduqları, işlədikləri müəssisələrdə rastlaşdıqları nöqsanları da yüngül yumorla cəmiyyətin diqqətinə çatdırırdılar. Deyilənə görə, hətta idarə rəhbərləri, institut müəllimləri, xüsusilə də aşkarlıq illərində onların dilinə düşməkdən bərk qorxurlarmış.
Bütün sosialist ölkələrində olduğu kimi, Azərbaycanda da belə bir klub yaradılmışdı. Əsası hazırda Moskvada yaşayan keçmiş bakılı rejissor Yuli Qusman tərəfindən qoyulmuş «Bakılı oğlanlar» («Parni iz Baku») Şən və Hazırcavablar komandası dəfələrlə Moskva festivallarında qalib gəlmişdi. Amma... Məqsədimiz ŞHK-nın tarixini danışmaq deyil.
Keçmiş ittifaq dağılandan sonra onun bir çox törəmələri kimi, ŞHK da öz aktuallığını və kəsərini itirdi. «Bakılı oğlanlar»da yaşlandılar, ağırlaşdılar, hərəsi bir tərəfə dağıldı. Amma ŞHK-vari zarafatlar, qısa, lakonik yumor hələ də aktualdır. Bu gün televiziya kanallarımızdakı əksər yumoristik verilişlər, məhz, həmin ŞHK zarafatları üzərində qurulur. Üstəlik bir neçə ildir ki, həmin yumor televiziyanın balaca ekranından bəyaz pərdəyə köçüb. Bir-birinin ardınca «Məhəllə-1,2», «Qaz», «Adam ol», «Toy», «İnterpapa», «Hərənin öz payı, üstəgəl tayı» və s. filmlər çəkilib. Hətta Üzeyir Hacıbəyovun məşhur «O olmasın, bu olsun» operettası yeni, müasir variantda tamaşaçılara təqdim olunub.
Yuxarıda adları sadalanan filmlərə tamaşaçını cəlb edən nə idi? Axı, bu filmlər nə texniki, nə də dramaturji səviyyə baxımından C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında istehsal olunan ekran əsərlərindən üstün deyildilər.
Amma onlar dövrün tələbini, nəbzini tuta bilmişdilər.
Birinci: Bu filmlərdə rejissor faktoru yox idi. Rejissor formal xarakter daşıyırdı.
İkincisi: Bütün ssenari, hadisələr bir və ya iki nəfərə - filmin ulduzuna (larına) hesablanırdı. Bütün hadisələr onun (onların) ətrafında cərəyan edirdi.
Üçüncüsü: Barəsində danışdığımız ulduzlar ekranda birdən-birə, məsələn, İncəsənət Universitetinin dram və kino, musiqili komediya və ya estrada aktyoru fakültələrini bitirən kimi peyda olmurdular. Bu mərhələyə qədər onlar özəl televiziya kanallarında çox uzun bir yol keçmişdilər. Tamaşaçı Heydər Əliyev Sarayının böyük zalını bir neçə gün dalbadal məhz öz sevimlilərinə - Rafael İsgəndərova, Coşqun Rəhimova, Fərda Xudaverdiyevə, keçmiş ŞHK-çılar Tahir və Cabir İmanovlara görə doldururdular. Və bu proses hələ də eyni ssenari üzrə davam edir.
Dördüncüsü: Bu filmlər ciddi kino ilə rəqabət aparmaq fikrindən çox uzaqdırlar. Onlar sadəcə «İnterpapa» filminin premyerasında rejissor Namiq Ağayevin dediyi kimi: «peşəkar kino ilə şit filmlərin sərhəddində dayanan film yaratmaq istəyirlər». Vəssalam.


Beşinci və sonuncu: Filmlərin yaradıcıları ancaq və ancaq komediya janrına müraciət edirlər. Çünki bugünkü cəmiyyətimizin ağır sosial durumunda, problemlər içində yaşayan insanı yalnız ya yüksək dərəcədə ekstremal filmlər, ya da yüngül, düşündürməyən yumora köklənmiş komediyalar sakitləşdirə bilər.
«İnterpapa», «Məşədi İbad - 94», «Məhəllə -1,2» filmləri Azərbaycan kinosunda yaranması labüd və keçilməsi gərəkən mərhələ idi. Ən azından ona görə bu filmlərin hamısı maraqlı bir həqiqəti üzə çıxartdı. Məlum oldu ki, Azərbaycan kinosu gəlir gətirmək imkanına malikdir və sən demə, hamının təkidlə iddia etdiyi kimi, bizim tamaşaçı kinodan üz çevirməyib. Məmnuniyyətlə yeni filmə baxmaq istəyir. Sadəcə onun marağını, tələbatını ödəmək lazımdır. İndi növbə ciddi kinonundur.

Müəllif: Aygün
Mənbə: Mədəniyyət qəzeti

Top