Qısametrajlı filmlər: ənənə və yeniliklər

Qısametrajlı filmlər: ənənə və yeniliklər

Dünyanın mədəniyyət tarixində əvəzsiz rola malik kinematoqrafiyanın yaranması qısametrajlı filmlərin istehsalı ilə başlanıb. Bu filmlərdə zaman məhdudiyyəti ilə yanaşı, personaj sayı və cərəyan edən hadisələrin əhatə dairəsi də məhduddur.
Zaman ötdükcə, kino özünün inkişaf mərhələlərini keçdikcə qısametrajlı filmlər tammetrajlı filmlərlə əvəzləndi. Bununla belə, qısametrajlı filmlər heç də tamamilə sıradan çıxmadı, əksinə, özünə yeni meydan qazandı. İndi dünyada qısametrajlı filmlərlə bağlı müxtəlif müsabiqələr, festivallar da keçirilməkdədir.
Azərbaycan kinosunda da qısametrajlı filmlərin müəyyən ənənəsi var. Ötən əsrin 30-cu illərindən başlayaraq “Dostlar”, “Rəqs edən qurbağalar”, “Kazbek”, “Liftçi qız”, “Qaraca qız”, “Afroditanın qolları”, “Dəvətnamə”, “Dairə”, “Boş yer”, “Yapon və yaponiyalı” və s. filmlər çəkilib. Daha sonra “Debüt” qısametrajlı filmlər studiyasının fəaliyyəti ilə qısametrajlı film çəkilişi kinomuzda ənənə halını alıb. Son illərdə çəkilən qısa filmlərə Şamil Əliyevin “Təsadüfi görüş”, Asif Rüstəmovun “Ev”, Əli İsa Cabbarovun “Düyün”, Samir Kərimoğlunun “Qanadlarıma sığal çək”, Fariz Əhmədov və İsmayıl Məmmədovun “Qocalar”, Elməddin Alıyev və Xəyyam Abdullayevin “Nəfəs”, “Koramal” və s. nümunə göstərmək olar.
Azərbaycanda qısametrajlı filmlər ənənəsindən danışan kinorejissor Şamil Əliyevin sözlərinə görə, bu filmlərdə professionallıq, yeni estetik axtarışlar mütləq olmalıdır: «Bu gün çəkilən qısametrajlı filmlərə yüksək parametrlərlə yanaşanda müəyyən büdrəmələrin şahidi olursan. Bir neçə film istisna olmaqla, bizim filmlərin ssenari və dramaturgiyasında çox mühüm problemlər var. Bu problem bütün dünyada da mövcuddur”.

Qısametrajlı filmlərin əsasında dramaturji cəhətdən güclü ssenarilər durur. Bu filmlərin mövzusu da müxtəlifdir, adətən, “underground”dan tutmuş sevgi, insan hüquqları və s. səpkili mövzularda çəkilən filmlər festivallarda daha çox cəlbedici olur. Filmin qazandığı tamaşaçı auditoriyası keyfiyyətli ssenaridən birbaşa asılıdır. 3-4 dəqiqə ərzində özündə bəşəri ideyaları əks etdirən filmlərə bu gün qonşu dövlətlər - İran və Türkiyə kinematoqrafiyasında da rast gəlmək olar. Adətən belə qısa filmlərin mərkəzində kosmopolit dildə danışan insan, onun duyğuları, ideyaları qabardıldığı halda bizdə bu ənənə bir qədər dəyişir. Belə ki, filmlərimizdə daha çox millilik, mental dəyərlər, kolorit ön plana çəkilir. Təbii ki, bu da əcnəbi tamaşaçını filmi izləmə usandırır. Əminliklə deyə bilərəm ki, bu günün müasir tamaşaçısına heç bir mental çərçivələrə sığmayan, özündə bəşəri duyğuları ifadə etməyi bacaran filmlər maraqlıdır.

Dram
Dil: Azərbaycan dili
Ölkə: Azərbaycan
İstehsalçı qurum: "Debüt" Studiyası
Filmin növü: Qısametrajlı Bədii Film
Rəng: Rəngli
Vaxt: 26,5 dəq.
İl: 1999
Film çəkilən yerlər: Bakı
Film üzərində işləyənlər
Ssenari müəllifi : Nərminə Quliyeva
Quruluşçu rejissor : Şamil Əliyev
Quruluşçu operator : Kənan Məmmədov
Quruluşçu rəssam : Rafiz İsmayılov
Bəstəkar : Rauf Əliyev
Səs operatoru : Nataliya Nuriyeva

Rollarda
Fuad Poladov-Murad
Sənubər İsgəndərli-Tamara
Ələkbər Hüseynov

Bu gün kino aləmində qısametrajlı filmlərin çəkilməsinə böyük maraq var. Həm tamaşaçı, həm də rejissor üçün maraqlı olan bu filmlərin «art-video» deyilən forması da mövcuddur. 3-5 dəqiqə, hətta 30 saniyə ərzində inanılmaz, tamaşaçını heyrətə gətirəcək ideyanı ifadə etmək rejissordan çox böyük bacarıq tələb edən məsələdir. Bu baxımdan bizim filmlərimiz dünyada məşhur olan bu ənənədən bir qədər kənarda qalıb. Bizdə qısa filmlər 20-50 dəqiqə arasında dəyişdiyi halda, yuxarıda adını çəkdiyim qonşu ölkələr, o cümlədən Avropa ölkələrində zamanı bir az da məhdudlaşdıraraq 3-5 dəqiqə ərzində əsas ideyanı verməyə çalışırlar. Ümumiyyətlə, bizim qısa filmlərdə areal genişliyi, zaman hədsizliyi və s. bu kimi məqamlar tamaşaçını filmin ideyasından bir qədər uzaqlaşdırıb fikir yayğınlığı, dolaşıqlıq yaradır. Avropa qısametrajlı filmlərində başqa parametrlərə üstünlük verilir. Belə ki, İran, Gürcüstan, Türkiyə qısametrajlı filmlərinə nəzər salsaq burada mövzu-ideya qabarıqlığı üstün olduğu halda, Avropada bu, texniki keyfiyyətlə əvəzlənir. Yəni bu filmlərdə daha çox ideyanın ön plana çıxması məsələsi yox, operator, rəssam, vizual effektlər və s. üstünlük təşkil edir.

Beləliklə, qısametrajlı filmlər rejissor üçün eksperiment, tammetrajlı filmlərə nərdivan rolunu oynamaqla yanaşı, həm də böyük bacarıq, estetik, fərqli yanaşma tərzi tələb edən kinematoqrafiya sahəsidir. İstər peşəkar, istər bu sahədə yeni olan gənc rejissor belə kortəbii şəkildə yox, sırf özünü bu filmlərə hazır görüb qısametrajlı filmə müraciət etməlidir. Yalnız bu zaman peşəkar kinodan danışmaq mümkündür. Necə deyərlər, meydan sözünü deyə bilənlərindir.

Müəllif: Yeganə CANSAİL
Mənbə: Mədəniyyət qəzeti

Top