Stress nə deməkdir? İnsanın gündəlik həyatında qarşılaşdığı maddi və mənəvi problemlər qarşısında acizliyi və ya gözlənilməyən, fərdin gücü çatmayan gərginliklərin yaşanılması onun daxili tarazlığının pozulmasına - stresin yaranmasına səbəb olur. Belə olan halda insan hər hansı bir vəziyyətdən çıxış yolunu tapmaqda acizlik çəkir və nəticədə səhhətində ciddi problemlərlə üzləşir. Stress bəzən özündən asılı olmayan səbəblər üzündən də yaranır. Məsələn, müharibə şəraitində yaşayan, faciə ilə üzləşən insanlar yaşından asılı olmayaraq stresin ən ağır forması ilə üzləşdilər. Onların yaddaşında yaşadıqları faciələr, başlarına gələn müsibətlər daim canlanacaq və ömürləri boyu onlara əzab verəcək, incidəcək.
Stresin nisbətən yüngül, "həzm olunan" formaları işdə və ya ailədə yaranan çətinliklərlə bağlı da meydana çıxır. Bəzən yaşından asılı olmayaraq uşaqlar da heç kimə aça bilmədikləri problemləri ilə də stresə məruz qala bilərlər. Saatlarla qəddar süjetli filmlərə tamaşa etmək, internetdən aralanmamaq stresə keçən nevroz xəstəliyinin yaranmasına səbəb olur.
Hadisələr nəzarətdən çıxanda, situasiya idarə olunmayanda insan buraxdığı səhvlərin əsirinə çevrilir, vəziyyətdən çıxış yolunu axtarmaqda acizlik çəkir. Bu vəziyyətdə insanın ruhu fiziki bədəninə sığışmır, rahatlığını itirir, onu öz məngənəsində boğan çətinliklərin quluna çevirir. Bunun arxasınca insult, infarkt və ya ciddi əsəb pozuntuları ilə müşayiət olunan digər xəstəliklər yaranır. Eyni zamanda, unutmayaq ki, müasir dünyada baş verən qlobal ekoloji fəlakətlər və iqtisadi tənəzzül də insanların sağlıq durumuna mənfi təsir edir. Əlbəttə, belə hallarda həkimə müraciət etmək, yaranmış problemləri vaxtında aradan qaldırmaq lazımdır.
Lakin hər bir insan yaşından, vəzifəsindən və ictimai mövqeyindən asılı olmayaraq streslə bağlı ümumi biliklərdən faydalanmalı, çətinlikləri sərbəst aşmaq gücünə qadir olmalıdır. Bəziləri hər hansı problem baş verən kimi əl-ayağa düşür, narahat olur ki, görən bu nədən baş verir. Əslində, vəziyyəti araşdıranda görəcəksiniz ki, çətinliyin səbəbi buraxdığınız səhvlərlə bağlıdır. İnsanın birinci vəzifəsi maneələri aşmaq, çətinlikləri dəf etməkdir. İslam fəlsəfəsində ən dəyərli məqamlardan biri insanın dünyada əsas missiyasının bütün fəlsəfələrdən və dinlərdən fərqli izahı ilə bağlıdır. Dünya bizim üçün əyləncə kimi yaradılmayıb və hər bir fərd aktiv həyat mövqeyindən çıxış etməli, çalışmalıdır: "Biz sizi yaratdıq və çəkə bildiyiniz qədər yüklə yüklədik".
Həyatınızda nə baş verirsə-versin, nə olursa-olsun, bunu bəla kimi, sizə çəkə bildiyinizdən artıq yüklənən cəza kimi qəbul etmək olmaz. Ən çətin məqamda belə gülümsəməyi bacarmaq və heç olmasa özünüzə "Mən bu sınaqlardan uğurla keçməliyəm" deməyiniz və bir də buna inanmağınız vacibdir.
Çalışın ki, ruhunuzla ətrafınız arasında harmoniya yaradasınız. Evinizə, ailənizə, vətəninizə, insanlara sevgi bəsləyin. Biz bir-birimizə arxalananda, güvənəndə və bu birliyi içimizdə, əməlimizdə yaşadanda güclü oluruq. Ailədə çəkişmələr olanda, kollektivdə ümumi maraqlar qrup maraqları qarşısında dəyərdən düşəndə və nəhayət, insan özü konkret məqamda hansı dəqiq addımları atacağını bilməyəndə stress qalib gələ bilər. Ona görə də daim yaxşılıqlara can atmaq, əsəbləri və ətrafla ünsiyyəti qorumaq vacibdir. Düzgün qidanın seçilməsi, vacib məqamlarda dietin gözlənilməsi də stresin qarşısını müəyyən qədər alır. Artıq çəki də insanı aciz salır, iradəsini zəiflədir, bir çox xəstəliklərin baş qaldırmasına səbəb olur. Maşın yollarından uzaqda, təmiz havada, gözəl parklarda və yaşıllıqlar içində gəzinti, dənizdə və ya hovuzda üzmək əsəblərə toxtaqlıq gətirir, orqanizmdə maddələr mübadiləsinin düzgün getməsinə kömək edir.
Sağlam bədəndə sağlam ruh olar. Onda yaranmış çətinliklərin mahiyyətini və mənbəyini düzgün qiymətləndirməyi, çıxış yollarını asanlıqla tapmağı və sinirləri vaxtında sakitləşdirməyi bacarırsan. Bir də gərək heç kimin pisliyini istəməyəsən. Xəbislikdən uzaq olasan. Yaxşılıqlar etmək və başqalarına da yaxşılıqlar arzulamaq, kin-küdurət bəsləməmək, hər çətinlikdə düşmən axtarmamaq da stresləri özünüzdən uzaq etməkdə sizə yardımçı ola bilər.
Müəllif: Bahadur İMANQULİYEV
Mənbə: "Azərbaycan"
UPD. Alman alimləri heyvanlar üzərində apardıqları təcrübə nəticəsində müəyyən ediblər ki, həyatın erkən cağlarında yaşanan stress orqanizmdə genlərin işini dəyişdirir və bu, canlıların sonrakı həyatında, rəftarında aradan qalxmayan mənfi izlər buraxır.
Təcrübə zamanı alimlər yeni doğulmuş siçanları ilk 10 gün ərzində sutkada 3 saat analarından ayırıblar. Heyvanlar analarından ayrılsalar da, elə rejim seçilib ki, onların qidalanmasında problem yaşanmasın. Ayrılıq dövründə siçovullar ac qalmayıb. Bununla belə, canlılar analarından ayrıldıqları üçün stress keçiriblər və həyəcan onlarda molekulyar səviyyədə dəyişiklik törədib. Həyatlarının cəmi ilk 10 gününü analarından 3 saat ayrı keçirən canlılar eksperimentin sonrakı dövründə, hətta iki il sonra belə növbəti stress anlarına digərlərinə - körpə ikən psixoloji travma almayan yaşıdlarına nisbətən daha ağrılı, ağır reaksiya veriblər. Onlarda hətta yaddaş zəifliyi də müşahidə olunub.
"Nature Neuroscience" jurnalında dərc edilmiş elmi təcrübənin müəlliflərinin rəyinə görə, alınan nəticələri insanlara da şamil etmək mümkündür.