Stress (ingiliscə stress - gərginlik) - güclü zədələyici amilin təsirindən törənib, orqanizmin həmin amilə qarşı müqavimət göstərməsinə və ya ona uyğunlaşmasına yönəlmiş mühafizə xarakterli qeyri-spesifik reaksiyalarının məcmusudur.
Stress anlayışının müəllifi, Kanada alimi H.Selye hipofiz - böyrəküstü vəzi sistemini orqanizmin hər hansı fövqəladə təsirlərə qarşı adaptasiyasını təmin edən mexanizm hesab edirdi.
Doğrudan da, ən müxtəlif xəstəliklər zamanı bir sıra oxşar qeyri-spesifik simptomlar müşahidə edilir.
Funksiyaların belə yenidənqurulması bütün orqanizmi əhatə edirsə, ümumi adaptasiya sindromu, yerli xarakter daşıyırsa, yerli adaptasiya sindromu adlanır.
Beləliklə, stressorlar, yəni fövqəladə qıcıqlar orqanizmdə ümumi adaptasiya sindromu və ya stress halı törədir ki, bunun da aşağıdakı mərhələləri vardır:
I. Həyəcan mərhələsi - stressorun təsiri altında adrenokortikotrop hormonun və bunun təsirindən kortikoidlərin sekresiyası artır.
Bu mərhələ 2 fazadan ibarətdir:
1) şok fazası - arterial təzyiq və bədən temperaturu azalır, kapillyarların keçiriciliyi artır, mərkəzi sinir sistemində depressiya qeyd edilir, dissimilyasiya prosesləri assimilyasiya proseslərindən üstün olur;
2) antişok fazası - pozulmuş tarazlığın bərpa edilməsinə yönəlmiş əks proseslər müşahidə edilir.
Şok əlamətləri üstün olduqda, orqanizm həyəcan mərhələsində məhv olur, antişok əlamətləri üstünlük təşkil etdikdə isə stressin sonrakı mərhələsi başlanır.
II. Rezistentlik (müqavimət) mərhələsi - qanda miqdarı artmış, kortikosteroidlər orqanizmin zədələyici təsirlərə qarşı müqavimətini artırır. Bu mərhələdə pozulmuş funksiyaların tam kompensasiyası və sağalma mümkündür.
III. Üzülmə mərhələsi - orqanizmin ehtiyat imkanları zəif olub, patogen amilin təsiri isə davam edirsə, rezistentlik itirilir, müxtəlif distrofik proseslər orqanizmin məhvinə səbəb olur.
Selye göstərir ki, hipofizin və böyrəküstü vəzilərin qabıq maddəsinin hormonları orqanizmi dəyişən xarici mühit şəraitinə uyğunlaşdırmaqla mühafizə funksiyasını yerinə yetirir. Lakin hormonların əmələ gəlməsinin və parçalanmasının pozulması, aralarındakı nisbətin dəyişilməsi ilə əlaqədar bəzi hallarda hormonlar özləri xəstəliyin törənməsi üçün zəmin yarada bilər. Selye orqanizmin sağlamlığının mühafizəsinə şərait yaradan dəyişiklikləri «eustress sindromu», patogen amilin təsirinin üstünlüyü ilə gedən prosesi isə «distress sindromu» adlandırmışdır. Distress sindromu nəticəsində yaranan xəstəliklərə Selye «adaptasiya xəstəlikləri» adı vermişdir. O, patogenezində uyğunlaşma proseslərinin pozulmasının mühüm yer tutduğu revmatizm, bronxial astma, böyrək, ürək-damar və bəzi dəri xəstəliklərini bu qrupa aid etmişdir. Həmin xəstəliklərin törəməsində xarici və daxili mühit şəraitinin dəyişilməsinin böyük rolu vardır.