Planetin ən varlı insanlarından biri, Berkshire Hathaway-in sədri Uorren Baffet öz vəsaitlərini yerbəyer edərkən sırf qadınlara xas üsullardan istifadə etmişdir.
Baffet bazarı sanki "hiss edir", əlverişli şərait yetişən kimi vəsaitlərini qoyur və xeyli gəlir götürür. Halbuki, başqaları böyük miqdarda pullar xərcləyərək brokerlərə və analitiklərə müraciət edir, bazarın hərəkətini nəzarətdə saxlayırlar, yenə də gəlir onlardan yan keçir.
Omaxa sehrbazının sirri olduqca sadədir. Onun strategiyası əksər kişi investorların istifadə etdikləri prinsiplərdən xeyli dərəcədə fərqlənir. Baffet səbrlidir, ona görə də gözləməyi bacarır və dərin təhlillər apararaq səhmlərin qiymətlərinin müəyyən həddə çatacağı anın yetişməsini gözləyir. Sonra daha çox mənfəət götürmək üçün yenə zəruri vaxt müəyyən edərək, vəsaitlərini qoyur. Bununla yanaşı, o öz investisiyalarından nadir hallarda ayrılır və çox sadə həyat tərzi keçirir. Faktiki olaraq o antitreyder və antiskalperdir ki, onların başlıca strategiyası bazarda fəal iştirak etmək və çoxlu sövdələr həyata keçirməkdir. Məhz bu xüsusiyyət Baffetin investisiya üslubunu xarakterizə edir. Qadınlara xas bu xüsusiyyət ondan ibarətdir ki, onlar bir şeyi almazdan əvvəl uzun-uzadı götür-qoy edir, hər şeyi ölçüb-biçirlər. İnvestor qadınlar investor kişilərə nisbətən investisiya obyektini seçərkən uzun müddət araşdırmalar aparır ki, bu da onlara "qaynar" kağızlardan yan keçməyə, bazardakı vəziyyətin dalınca qaçhaqaçdan azad olmağa imkan verir.
Statistikaya görə, kişilər qadınlardan 1,5 dəfə çox alver edir. Lakin onlar nə qədər öz qüvvələrinə inansalar da, tez-tez baş tutan sövdələr səhmlərdən olan orta və uzunmüddətli gəlirləri aşağı salır. Hələ biz broker xidmətinə sərf olunan xərcləri nəzərə almırıq. Ona görə də, qadınlar uzunmüddətli perspektivdə daha yüksək gəlirlərə ümidlidir və vergi ödənişlərində daha çox qənaət etmiş olurlar.
Kaliforniya Universitetinin məlumatlarına görə, qadınların investisiya portfelləri kişilərin investisiya portfellərindən 1-1,5% gəlirlidir, "zəif cinsin" ayrı-ayrı nümayəndələri isə portfellərin gəlirliliyi rəqabətində çox vaxt "güclü cinsin" nümayəndələrindən güclüdürlər.
Qadınlar konkret kağızlara investisiyalar edərkən təkcə maliyyə göstəricilərini deyil, bəzən bazar üçün ilk baxışdan o qədər də önəmli olmayan xırda detalları da nəzərə alırlar. Onlar səhmlərini seçdikləri şirkətlərin dəqiq, düzgün və məsuliyyətli olmasına böyük əhəmiyyət verirlər.
Baffet də investisiya obyektlərini seçərkən bu mövqedən çıxış edir və beləliklə, kişi investorlar arasında birinciliyini qoruyub saxlaya bilmişdir.
Bəlkə də bir çoxlarına Baffetin "qadınsayağı" investisiya strategiyası darıxdırıcı və səmərəsiz görünə bilər. Lakin dünyanın ən varlı adamlarından biri kimi Uorren Baffet hörmətə layiqdir. İnvestorun səbr və təmkin, lazımi şəraitin yetişəcəyini gözləmək qabiliyyətinə və lazımi "qızıl an"ı hiss etmək məharətinə yalnız həsəd aparmaq olar.
MÜƏLLIF: SƏBINƏ
Mənbə: iqtisadiyyat.com