Uğur qazanmağa, uğurlu olmağa qoşulmuş hekayə və rəvayətlər hazırda ən aktual mövzulardandır. Bu haqda kitablar yazılır, konfranslar təşkil edilir, seminarlar veririlir. Amma nədənsə heç cür uğur qazanmaq uğrunda uğurlu ola bilmirik. Bəs nə etməli, nəyə fikir verməliyik?
Daimi, əbədi uğursuzluq varmı bu dünyada? Xeyr. Çünki hər bir insanın həyatında əzab-əziyyətdən sonra dincəlmə və daha sonra növbəti bir əzab-əziyyət mərhələsi vardır. Ümumiyyətlə, insanın həyat yolu yalnız uğur və ya uğursuzluq xətti üzrə gedə bilməz. V. Lombardini: “Yerə yıxılıb-yıxılmamağın əhəmiyyətli deyil, əsas olan yenidən ayağa qalxıb-qalxmayacağındır”, – deyir. Üzərimizə düşən vəzifə nəticəyə elə də çox fikir vermədən lazım olan işləri həyata keçirməkdir. Nəticə tam olaraq əvvəlcədən müəyyənləşdirilə bilinmədiyi üçün gözləmədiyimiz bir sonuc bizi ümidsizliyə sala bilər. Ona görə də insan əsasən nəticəyə yox, işin özünə fikir verməlidir.
Bu mənada, uğur əldə etmək istəyən birisi ilk növbədə imicinə fikir verməlidir. İmic fərdin və ya bir təşkilatın özünü ictimaiyyətə təqdim etmə formasıdır, onun görünüşüdür. Mal əvəzinə markaların satıldığı, adamların əvəzinə isə adların, soyadların ön planda gəldiyi müasir dünyada uğur qazanmaq uğrunda daha səmərəli çalışmaq lazımdır.
Molla Nəsrəddinin xalq arasında məşhur olan “ye, kürküm, ye” məsəlində özünü daha bariz şəkildə əks etdirən imic məsələsi artıq həyati əhəmiyyət kəsb edir. Çünki ilk təəssürat formalaşdırmaq üçün bizə ikinci bir şans verilmir. İmic və cəlbedicilik artıq onların altında yatan bacarığı tamamilə kölgədə qoymuşdur. Amerikan alimi U. Ceymsin də dediyi kimi “xarici görünüş dilsiz təqdim vasitəsidir”.
Uğur qazanmaq üçün imic lazımdır, amma əlbəttə ki, çılpaq imic də heç nəyə yaramır: imicimiz fikirlərimizlə, düşüncə tərzimizlə qüvvətləndirilməlidir. Xarici görünüşümüzə görə qarşılansaq da, unutmayaq ki, daxili aləmimizə görə yola salınacağıq. Zahiri görkəmimiz ilə qarşı tərəfdə formalaşdırdığımız müsbət imic şəxsiyyətimizlə ahəng təşkil etdiyi zaman bizi onun gözündə daha da ucaldır və qarşılıqlı səmimi, səmərəli münasibət yaranır. Bu mənada, Mövlananın “ya olduğun kimi görün, ya da göründüyün kimi ol” sözləri bizim həyat devizimizə çevrilməlidir.
Əgər uğur qazanmaq istəmirsinizsə və yalnız uğursuzluq uğrunda can qoymaq fikrindəsinzsə, onda bu yolu seçməlisiniz: uğursuzluq açarının kimdə, ya da nədə olduğunu, onu necə ələ keçirə biləcəyinizi öyrənin;
Çox keşməkeşli bir həyat yolu olan Uinston Çörçill uğura belə bir tərif verir: “Hədəfinizə doğru irəliləyərkən bir uğursuzluqdan qurtulub, növbəti uğursuzluğa düçar olmağa uğur deyilir”. Belə bir uğurlu tərifdən sonra bu mövzuda artıq nəsə yazmağın uğursuz olacağını fikirləşdiyim üçün yazını elə buradaca kəsirəm.
Mənbə SƏMƏRƏLİ İŞ HƏYATI kitabı
Müəllif SƏLİM ÖZDƏMİR