Operasiyaya hazırlıq

Operasiyaya hazırlıq

Cərrahiyyə şöbəsinə daxil olan xəstələrin əksəriyyətinə cərrahi müdaxilə edilir. Xəstənin daxil olduğu andan operasiya aparılana qədər olan müddət operasiyaqabağı dövr adlanır. Operasiya qabağı aparılan proseduralar (operasiyaqabağı hazırlıq) ağırlaşmaların qarşısını almaq üçün görülən tədbirlər olub operasiya təhlükəsini azaltmaq məqsədi daşıyır.Planlı surətdə aparılan operasiyalara ümumi hazırlıq məfhumuna diaqnoz qoymaq, əsas xəstəliyi və onu müşayiət edən xəstəliyin ağırlaşmalarını aşkara çıxarmaq üçün mühüm üzvlərin funksional vəziyyətinin müəyyən edilməsində aparılan bütün müayinələr daxildir. Anamnezdə xəstədə allergiya olub-olmamasını, hansı dərmanlar (xüsusilə bu, kortikosteriod hormonlara, antibiotiklərə, antikoaqulyantlara, barbituratlara aiddir) qəbul etdiyini aydınlaşdırmaq lazımdır. Təzə daxil olan xəstəni dindirməkdənsə tibb bacısı bunları xəstəni müşahidə edərkən və onunla təmasda olarkən daha tez aşkara çıxarır. Əsas müayinənin elementləri - xəstənin boyunun və çəkisinin ölçülməsi, qanın və sidiyin klinik analizi, Vasserman reaksiyası qoymaq, qan qrupunu və rezus-amili təyin etmək, döş qəfəsinin rentgenoskopiyası və spirometriyası, elektrokardioqrafiya, bağırsaq qurdları yumurtalarına görə nəcisin analizidir.
Operasiyaqabağı hazırlığa - ağız boşluğunun sanasiyası, bəzən badamcıqların kəsilib götürülməsi, zəruri hallarda dərmanla müalicə aparıb ürək-damar sistemi işini yaxşılaşdırmaq aiddir. Tənəffüs sistemi cəhətdən ağırlaşmaların qarşısını almaq üçün qabaqca xəstəyə düzgün nəfəs almağı (dərindən nəfəs alıb onu yavaş-yavaş ağızdan buraxmağı), tənəffüs yollarında selik qalıb durğunluq yaranmaması üçün operasiyadan sonra ilk saatlar xəstəyə öskürəklə bəlğəmi çıxarmağı öyrətmək lazımdır. Bu məqsədlə operasiya ərəfəsində (axşam) banka qoyurlar. Operasiyaya hazırlaşanda yanaşı gedən xəstəlikləri də nəzərə almaq lazımdır. Belə ki, şəkərli diabetdə qanda və sidikdə şəkərin faizinin normada, yaxud normaya yaxın olmasına, qanın laxtalanma qabiliyyəti pis olan şəxslərdə - müvafiq göstəricilərin normaya düşməsinə və s. çalışmaq lazımdır.
Adətən, operasiyanı acqarına aparırlar, axşam xəstə yüngül yemək yeyir. Əks göstəriş yoxsa operasiya ərəfəsində bütün xəstələrə təmizləyici imalə qoyurlar.
Operasiyadan qabaq xəstə axşam vanna qəbul edir, onun döşəkağlarını və alt paltarını dəyişirlər. Tibb bacısı xəstənin vəziyyətində dəyişiklik baş verdiyinə görə həkimə deməlidir, aybaşı vaxtı temperatur azca qalxdıqda, soyuq dəydikdə, dəridə irinlik əmələ gəldikdə və s. operasiyanı təxirə salmaq lazımdır.

Qarın divarında və qarın boşluğundakı üzvlərdə aparılan operasiyalar.
Qarın dəbəliyi münasibəti ilə aparılan operasiyalar. Uzun müddət qarının böyük dəbəliyi olub, qarın üzvləri dəbəlik kisəsinə girmiş xəstələri operasiyaya xüsusi hazırlamaq lazımdır. Bu üzvləri qarın boşluğuna saldıqda burada təzyiq artır. Diafraqma yuxarı qalxır ki, bu da ürəyin və ağciyərlərin işini çətinləşdirir. Xəstələri operasiyaya hazırlamaq üçün 10 gün məşq edirlər: xəstəni baş tərəfi aşağıda olan çarpayıya uzadır və qarın boşluğundakı üzvləri yerinə saldıqdan sonra dəbəlik qapılarına ağır bir şey - içinə qum doldurulmuş müşəmbə torbanı dəsmala büküb qoyur və beləliklə orqanizmi qarındaxili təzyiqin qalxmasına alışdırırlar. Bağırsaqları işlətmə dərmanı, imalə ilə təmizləyib müvafiq pəhriz gözləməyin böyük əhəmiyyəti vardır. Çünki bu operasiyalardan sonra bağırsaqların parezi əmələ gəlir.
Mədədə aparılan operasiyalar. Operasiyaya hazırlıq xəstənin ümumi vəziyyətindən (bədənin su itirməsi, arıqlama, qanazlığı) xəstəliyin xarakterindən (xora, xərçəng, polip), mədə şirəsinin turşuluğundan asılıdır. Operasiyadan qabaq xəstəyə çox az şlak əmələ gətirən pəhriz təyin edirlər. Turşuluq yüksək olduqda qələviləşdirici preparatlar verirlər. Xəstəyə qan, eritrosit kütləsi, zülal preparatları, su-duz məhlulları vururlar. Mədədə şiş, iltihab prosesi və ya çapıq olub mədənin evakuasiyası pozulduqda yuxudan qabaq mədəni ilıq hidrogen-xlorid turşusunun zəif məhlulu və ya sodalı su ilə (turşuluqdan asılı olaraq), su təmizlənənə qədər yuyurlar.
Bu əməliyyat imtahanın artmasına, intoksikasiyanın azalmasına, mədə divarlarının tonusu qalxdığı üçün mədənin yığılma qabiliyyətinin artmasına səbəb olur. Stenozda operasiya aparılacaq gün səhər tezdən zondla mədə möhtəviyyatını çıxarırlar.
Öd yollarında və qaraciyərdə aparılan operasiyalar. Qaraciyərin funksiyası pozulduqda yağsız yeməklər, vitaminlər, qlükoza və insulin təyin edilir. Obtürasiyalı sarılıqda (öd yollarını daş tutduqda) K vitamini çatışmadığı üçün qanaxmaya meyl olur. Buna görə də xəstəni operasiyaya hazırladıqda vikasol, kalsium-xlorid təyin edir, az-az qan və plazma köçürürlər.
Bağırsaqlarda aparılan operasiyalar. Birinci növbədə bağırsaqları nəcisdən təmizləmək, tikişlərdən infeksiya düşməməsi üçün bağırsaq mikroflorasını tələf etmək lazımdır. Xəstə 3 - 4 gün ciddi pəhriz saxlayır, ona duru, yarımduru, yüksək kalorili və az şlak əmələ gətirən yeməklər verilir. O ac qalmalıdır, çünki bu nəinki xəstənin ümumi vəziyyətini ağırlaşdırır, həm də bağırsaqların funksiyasını pozur. 2-3 gün içməyə maqnezium-sulfat verir, səhər və axşam imalə qoyur, bağırsaq florasına təsir edən antibiotiklər təyin edirlər.
Qanazlığında, arıqlamada, bədən çoxlu su itirdikdə qan, zülal preparatları və elektrolit məhlulları vururlar.
Düz bağırsaqda və anusda operasiyalar - babasil, anusun çatlaqları, fistul, polip münasibətilə aparılır. Bağırsaqları yaxşı təmizləyirlər. Operasiya qabağı səhər tezdən xəstəyə təmizləyici imalə qoyurlar, həm də bağırsaqlar boşaldıqdan sonra düz bağırsağa rezin boru salıb suyu çıxarırlar. Aralığı xüsusilə yaxşı təmizləmək lazımdır. Bəzən operasiyadan qabaq aralığa vanna qəbul edirlər (su çəhrayı rəng alana qədər kalium-permanqanat tökürlər).
Döş divarında və döş boşluğundakı üzvlərdə aparılan operasiyalar. Süd vəzisində operasiya aparmaq üçün xəstəni ümumi hazırlamaq və qoltuğunun tükünü ülgüclə qırxmaq lazımdır.
Ürəyin və iri damarların xəstəlikləri münasibətilə operasiyaları. Ürək cərrahlığı xəstəxanasında aparırlar, bunun üçün xəstəni xüsusi müayinədən keçirmək və hazırlamaq lazımdır. Bütün bunlar xüsusi kitablarda təsvir edilir.
Ağciyərlərdə operasiyaları da xüsusi (pulmonoloji) şöbələrdə və ya klinikalarda aparırlar. Belə xəstələr ümumi cərrahiyyə şöbəsinə qoyularsa onlara ayrıca palata ayırmaq lazımdır, çünki ağciyərlərin cərrahi xəstəliklərində çox vaxt xəstələrdə yüksək qızdırma olur, onlar çox öskürürlər, üfunətli çoxlu bəlğəm ifraz edirlər. Belə xəstələrdə zülal itkisini yüksək kalorili qida ilə, qan və qan əvəzedicilər köçürməklə doldurmaq lazımdır. Bronx ağacını bəlğəmdən təmizləmək üçün drenaj vəziyyət yaradırlar (çarpayının baş tərəfi aşağıda olmaqla xəstə başının altına yastıq qoymadan uzanır və yerində dörd bir tərəfə çevrilir, mümkün qədər çox bəlğəm hayqırır). İltihab prosesini və infeksiyasını sağaltmaq üçün sulfanilamidlər, antibiotiklər, ferment preparatları çox kömək edir, bunları inyeksiya, inhalyasiya şəklində verirlər.
Traxeya və bronxları bəlğəmdən təmizləmək üçün traxeyaya boru salır, yaxud onu deşirlər, habelə bronxoskopiya aparıb seliyi çəkib çıxarır və müvafiq preparatın məhlulunu yeridirlər.
Qida borusunun tutulması münasibətilə aparılacaq operasiyadan qabaq(şiş, yanıqlardan sonra çapıqlar olduqda) əsas hazırlıq xəstəni arıqlamağa, susuzlaşmağa (uda bilmədiyi üçün) qoymamaq, hər cür mübadilə növlərinin pozulmasının və qanazlığının qarşısını almaqdır, bunun üçün xəstəni parenteral qidalandırır, qan köçürür, vitaminlər, qlükoza, tonusu artıran və qanazlığına qarşı dərmanlar təyin edirlər. Bəzən radikal operasiyadan qabaq xəstənin qidalanmasını qaydaya salmaq üçün mədəyə fistul qoymaq lazım gəlir. Bəzən atropin, anestezin, novokain məhlulu (daxilə) təyin etməklə udmanı qaydaya salmaq mümkün olur.
Ətraflarda aparılan operasiyalar. Operasiyaya hazırlıq əsas etibarilə dərini sağaltmaq və təmizləməkdən ibarətdir. Ayaqda cərrahi müdaxilə apardıqda ayaqlara bir neçə gün zəif naşatır spirti (0,5 %-li) məhlulu ilə ilıq vanna eləmək məsləhət görülür.
Qalxanabənzər vəzidə aparılan operasiyalar. Tireotoksiki uru olan xəstələr çox dəyişkən xasiyyətli, əsəbi olurlar. Onların sinir-psixi və ürək-damar sistemləri olduqca səbatsızdır. Ağır hallarda yataq rejimi zəruridir. Zəif xəstələrə 40 %-li qlükoza məhlulu və insulin vururlar. Yuxunu qaydaya salmaq, oyanmanı və emosional gərginliyi aradan götürmək üçün bromidlər, pişikotu aminazin, seduksen, dimedrol (pipolfen) təyin edirlər. Tireotoksikozu azaltmaq üçün qalxanabənzər vəzinin funksiyasını zəiflədən preparatlar (diyodtirozin, merkazolil), lüqol məhlulu verirlər. Operasiyadan sonra böyrəküstü vəzilərin çatışmamazlığı qorxusu olur, buna görə də operasiyaya 1- 2 gün qalmış hidrokortizon vururlar.
Neyrocərrahı operasiyalar- ixtisaslaşmış xəstəxanalarda aparırlar; bunun üçün xəstəni hərtərəfli müayinədən keçirmək və hazırlamaq tələb olunur.
Ortopedik operasiyaları da ixtisaslaşmış xəstəxanada aparırlar; bu cür operasiyalar aparmaq üçün xüsusi alətlər və cihazlar olmalıdır.
Uroloji operasiyalar. Bütün operasiyalara xas olan hazırlıqdan başqa böyrəklərin funksiyasını yaxşılaşdıran (sidikqovucu dərmanlar), sidik infeksiyasını azaldan və qarşısını alan dərmanlar (antibiotiklər, furadonin və s.), duzsuz və zülalsız pəhriz təyin edirlər. Bəzən operasiyadan qabaq xəstəyə daimi kateter salırlar.
Mənbə Tibb bacısının məlumat kitabı

Top