Xəyal və uğur

Xəyal və uğur

“Kor bir adamın dünyası onun yalnız toxunma hissiyyatından ibarətdir. Uğurlu bir adamın  dünyası isə xəyalları boyu uzanır. Böyük xəyallarla yaşayanların uğurları da  böyük olur”, – deyə C. Maksvell qeyd edir.

Həyatda heç bir riski olmayan və çox zövqlü yeganə bir iş var: xəyallara dalmaq. Xəyal dənizində gəmi batmaz. Zamansız və məkansız bir müstəvidə xəyallar quraraq fikirləşərkən, bəlkə də, gələcəyin bir çox uğurlu layihələrinin təməlini atmış olur insan.

Orijinal fikirlər, böyük kəşflər xəyallarla başlamışdır. Xəyal bacarıq qapısının cəftəsi kimidir. Uğurlu işlər, rekordlar ərəfəsində xəyal sanki tramplin rolunu oynayır.

Xəyal etmək dedikdə, əlbəttə ki, hər tərəfi gül-gülüstan, özümüzü isə çəmənlikdə istirahət edən şahzadə kimi fikirləşməyi nəzərdə tutmuruq. Həyatın acı reallığını istəməsək də, qəbul etməliyik. Lakin bu reallıq qarşısında  ümidsizliyə düşməmək, daxili inamı bərpa etmək üçün xəyallarımızdan istifadə etməliyik. Belə demək mümkündürsə, ziddiyyətləri ixtisar etmək üçün “romantik fikirləşib, realist kimi yaşamalıyıq”.

Hərəkətə keçməzdən əvvəl görəcəyimiz işi xəyallarımızda canlandırmaq bizə əlavə motivasiya verər. Xəyallarımızı işə salaraq, “əvvəl hərəkət, sonra motivasiya” kimi səhv düşüncəmizi “əvvəl motivasiya, daha sonra hərəkət” prinsipinə çevirməliyik. Eyni zamanda, xəyal qurmanın əks-təsir verə biləcəyini də nəzərə alaraq, xəyal gücümüzdən yalnız motivasiya vasitəsi kimi yararlanmalıyıq.

Ümid kasıbın çörəyidirsə, onun ən böyük sərmayəsi xəyaldır. İnsan üçün puç olmamış ümidlər və reallığa qovuşmuş xəyallar var-dövlətdən daha əhəmiyyətlidir.

Malik olduğumuz, amma görüb duya bilmədiyimiz elə var-dövlətimiz var ki, ömür boyu bizə baxaraq mövcudluğundan xəbər vermək istəyir. Ancaq nədənsə, biz bu gözü həmişə yumulu formada görürük.

Mənbə SƏMƏRƏLİ İŞ HƏYATI kitabı
Müəllif SƏLİM ÖZDƏMİR

Top