«Allah məhəbbətdir» (1 Yəhya 4:16). Məhəbbət Onun mahiyyəti, Onun varlığı, Onun qanunudur. Həmişə belə olmuşdur və əbədi olaraq belə də olacaqdır. «Uca və əzəmətli, Adı müqəddəs Olan» «yolu əbədidir», dəyişməzdir. «Onda nə dəyişiklik var, nə də dönüklük kölgəsi» (Yeşaya 57:15; Habaqquq 3:6; Yaqub 1:17).
Onun yaradıcı qüvvəsinin hər bir təzahürü hədsiz Məhəbbəti əks etdirir. Allahın hökmranlığı bütün yaranmış varlıqlar üçün xeyir-dua ilə doludur. Zəbur oxuyan deyir:
«Sənin güclü qolun, qüvvətli əlin vardır və sağ əlin yüksəkdir! Sənin taxtının təməli ədalət və haqdır;
Mərhəmət və həqiqət Sənin siman önündə gedir.
Xoş çağırışı bilən xalq nə bəxtiyardır! Üzünün nuranda gedirlər, ya Rəbb.
Bütün gün Sənin adınla sevinirlər və ədalətin ilə yüksəlirlər
Çünki onların qüvvətinin izzətisən;… Çünki qalxanımız Rəbbindir; Padşahımız da Israil müqəddəsinindir».
(Zəbur 89:13-18)
Xeyir və şər arasındakı mübarizənin tarixi, onun səmada alovlandığı vaxtdan başlayaraq, qiyamın sonadək yatırılmasına və günahın kökünün tam kəsilməsinə qədər, dəyişməz Allah Məhəbbətinə şəhadət edir.
Kainatın Hökmdarı Öz xeyirxah işlərində tək deyildi. Onun niyyətlərini başa düşən və Onunla sevinci bölüşdürərək bütün yaranmış varlıqlara xoşbəxtlik bəxş edə bilən də Onunla idi. «Əzəldən Kəlam mövcuddur; Kəlam Allahda olub və Kəlam Allah olub. O əzəldən Allahda olub» (Yəhya1:1,2). Məsih, Kəlam, Allahın Vahid Oğlu, Əbədi Ata ilə təbiətdə, xarakterdə və niyyətdə Vahiddir. Allahın bütün məsləhətləri və niyyətləri səviyyəsinə yalnız O çata bilmişdir. «Onun adı Ecazkar, Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Əmin-amanlıq hökmdarı olacaq» (Yeşaya 9:6). «Onun nəsli çox qədimlərə, zamanın başlanğıcına gedir» (Mikeya 5:2). Allah Oğlu Özünün Allah müdrikliyi olduğunu söyləyir:
«Rəbb Öz yolunun başlanğıcında, hər işindən əvvəl mənə malik oldu.Yaradılışın əzəlindən, Dünya yaranmazdan əvvəl mən var idim… Yerin bünövrələrini təyin edəndə Rəbin yanında memar idim. Hər gün fərəhlənirdim, hüzurunda həmişə sevinirdim» (Məsəllər 8:22-30).
Ata Öz Oğlu vasitəsi ilə bütün səmavi varlıqları yaratdı. «Çünki göylərdə və yerdə olan, görünən və görünməyən hər şey Onun vasitəsilə yarandı: istər taxtlar, istər hökmdarlıqlar, istər rəyasətlər, istərsə də hakimiyyətlər, hər şey Onun vasitəsilə və Onun üçün yaradılmışdır» (Koloslulara 1:16). Rəbbin hüzurundan saçılan parlaq nurla əhatə olunmuş mələklər — Allahın xidmət ruhları öz sürətli qanadları ilə uçaraq Onun iradəsini yerinə yetirməyə tələsirlər. Onlara hökm edən isə Allahın Məsh Olunmuş olan, «Allahın izzətinin nuru və mahiyyətinin tam surəti olan və hər şeyi Öz qüdrətli kəlamı ilə davam etdirən Oğul, günahdardan təmizləmək işini başa çatdırıb, səmalarda əzəmətli Allahın sağında oturub» (Ibranilərə 1:3).
«Əvvəlcədən ucaldılmış izzət taxtı» Onun mə`bədinin yeri idi (Yərmiyə 17:12); «haqq əsası» Onun padşahlıq əsası idi (Ibranilərə 1:8). «Ehtişam və əzəmət hüzurundadır, Müqəddəs məkanında gözəlliklə qüdrət var» (Zəbur 96:6). «Məhəbbət və sədaqət önündə gedir!» (Zəbur 89:14).
Allahın idarəsi Məhəbbət qanununa əsaslanır, buna görə də bütün şüurlu varlıqların xoşbəxtliyi böyük ədalət prinsipi ilə tam ahəngdarlıqdan asılıdır. Allah istəyir ki, Onun yaratdığı bütün varlıqlar Ona məhəbbətlə xidmət etsinlər və bu xidmət Onun mahiyyətinin dərk edilməsinə əsaslansın. O Özünə məcburi itaətdən heç bir sevinc duymur. Insanların Ona könüllü olaraq xidmət edə bilmələri üçün hər bir kəsə iradə azadlığı verilmişdir.
Nə qədər ki yaranmış varlıqların hamısı məhəbbət qanununun ədalətliliyini tanıyırdılar, bütün kainatda tam harmoniya hökm sürürdü. Yaradanın iradəsinin yerinə yetirilməsi səma ordusuna sevinc gətirirdi. Onlar Onun şöhrətini əks etdirməkdən və Onun adını vəsf etməkdən həzz alırdılar. Onlar Allahı hər şeydən çox sevdikləri üçün bir-birinə də səmimi məhəbbətlə yanaşırdılar. Heç bir saxta səs səmavi ahəngdarlığı pozmurdu. Lakin bu xoşbəxt padşahlıqda dəyişiklik baş verdi. Allahın bütün məxluqlara bəxş etdiyi azadlıqdan sui-istifadə edərək qiyam edən oldu. Günah o şəxsdən doğuldu ki, o, Məsihdən sonra Allah tərəfindən hamıdan yüksəyə ucaldılmışdı və bütün səma sakinləri arasında daha yüksək qüdrətə və şöhrətə malik idi. «Müqəddəs və qüsursuz» «şəfəq oğlu» Lüsifer (yə`ni iblis) himayə altında olan baş mələklər arasında birinci idi. O, böyük Yaradanın yanında
olurdu və əbədi Allahı əhatə edən keçilməz şöhrət şüaları onu işıqlandırırdı. «Xudavənd Rəbb belə deyir: Sən kamilliyin möhürüsən, müdrikliyin bütöv, gözəlliyin qüsursuz idi. Sən Allahın bağçası olan Eden bağında, idin.… cürbəcür qiymətli daşlarla bəzənmişdin… Sən məshedilmiş, kölgə salan baş mələk idin. Səni bunun üçün qoymuşdum. Allahın müqəddəs dağının üstündə idin, odlu daşlar arasında gəzirdin. Yaradıldığın gündən Səndə pislik tapılana qədər yollarında qüsursuz idin» (Yezekel 28:12-15).
Getdikcə Lüsiferdə özünü yüksək tutmaq cəhdi artır. Müqəddəs Yazılarda deyilmişdir:
«Gözəl olduğun üçün ürəyin qürurlandı, əzəmətinə görə müdrikliyini korladın» (Yezekel 28:17). «Sən ürəyində dedin: «...taxtımı Allahın ulduzları üzərində yüksəklərə yerləşdirəcəyəm, <Özümü Haqq-Taala kimi aparacağam» (Yeşaya 14:13,14). Baxmayaraq ki onu əhatə edən şöhrət Allahdan gəlirdi, bu qüdrətli mələk həmin şöhrətə özününkü kimi baxmağa başladı. Bütün səma sakinlərindən yüksəklərə qaldırılmasına baxmayaraq, öz mövqeyindən narazı olan Lüsifer yalnız Vahid Yaradana məxsus olan şöhrətə çatmaq cəhdinə cəsarət etdi. Səma varlıqlarının diqqətini, məhəbbətini və sədaqətini Allaha yönəltmək əvəzinə, O onları özünə sədaqətlə xidmətə məcbur etməyə çalışırdı. Nəhayətsiz Rəbbin Öz Oğlunu bürüdüyü şöhrətə çatmaq üçün mələklərin bu başçısı yalnız Məsihə məxsus olan hakimiyyəti əldə etmək istəyirdi.
Beləliklə də, Səmada hökm sürən mükəmməl ahəngdarlıq pozuldu. Lüsiferin öz Yaradanına deyil, özünü yüksəltməyə meyilliliyi, ən yüksək şöhrətə yalnız Allahın layiq olduğunu hesab edən səma sakinlərini həyəcanlandırdı. Səma məclisində mələklər Lüsiferə yalvarırdılar ki, itaət etsin. Allahın Oğlu ona Yaradanın əzəmətini, mehribanlığını və ədalətliliyini, Onun qanununun müqəddəs və dəyişməz təbiətini təsvir etdi. Göylərdəki qaydanı Allah Özü qurmuşdu. Bu qanundan çıxmaqla Lüsifer öz Yaradanına şərəfsizlik etmiş olurdu və özünü ölümə düçar etmiş olurdu. Lakin hədsiz Məhəbbət və onun halına acıma ilə edilən bu xəbərdarlıq onu daha da qəzəbləndirdi. Lüsifer Məsihə qarşı paxıllıq hissinin özünə hakim olmasına imkan verdi və daha da qətiyyətlə hərəkət etməyə başladı.
Mələklərin başçısı Allah Oğlunun ali hakimiyyətinə qarşı mübarizə etməyə hazırlaşırdı ki, bu yolla Allahın müdrikliyini və Məhəbbətini şübhəyə mə`ruz qoysun. Bu planın həyata keçirilməsi üçün onun qeyri-adi ağlının bütün gücünü cəmləmək tələb olunurdu; o ağılın ki, ona Məsihdən sonra Allah ordusu sıralarında ən birinci yerlərdən birini tutmağa imkan verirdi. Lakin Öz yaratdığı bütün varlıqlara iradə azadlığı verən Allah heç bir canı üsyançının özünə haqq qazandırmağa çalışdığı əsilsiz ədalət torunda köməksiz qoymadı. Böyük mübarizə başlamazdan əvvəl hamı Rəbbin — müdrikliyi və mehribanlığı onların bütün sevinclərinin mənbəyi Olanın — iradəsi haqqında aydın təsəvvür ala bildi.
Kainatın Padşahı bütün səma ordusunu topladı ki, onların hüzurunda Öz Oğlunun mövqeyini təsdiq etsin və bütün yaranmış məxluqlara Öz münasibətini göstərsin. Allahın Oğlu Atası ilə birlikdə taxta qalxdı və Onların ətrafında Əbədi və Əzəli, həyatı Özündən
Olanın şöhrəti parladı. Sayı-hesabı olmayan «minlərcə və milyonlarca» müqəddəs mələklər dəstəsi taxtın önündə toplandılar (Vəhy 5:11). Xidmətçi və təbəə kimi ən yüksək mövqe tutan mələklər Rəbbin hüzurundan saçılan işığın parıltısında şadlanırdılər. Toplaşmış bütün səma sakinləri qarşısında Kainatın Padşahı e`lan etdi ki, Məsihdən, Allahın Vahid Oğlundan başqa heç kim Onun niyyətlərini tam bilə bilməz və O, Rəbbin böyük fikirlərini yerinə yetirəcəkdir. Allahın Oğlu bütün səma ordusunun yaranmasında Atasının iradəsini yerinə yetirmişdir və indi onlar Allaha xidmət etdikləri kimi, Ona da pərəstişlə xidmət etmişdilər. Məsih, əvvəllər olduğu kimi, yerin və onun sakinlərinin yaranmasında da Ilahi qüvvə göstərməli idi. Lakin O, Allahın planına zidd olan hakimiyyəti və yaxud öz-özünü yüksəltməyi axtarmırdı. O, Atasının şöhrəti üçün və Onun mərhəmət, məhəbbət dolu niyyətlərini həyata keçirmək üçün çalışırdı.
Mələklər sevinclə Məsihin ali hakimiyyətini tanıdılar və məhəbbət, ehtiramla Ona sitayiş etdilər. Lüsifer də onlarla birlikdə baş əydi, lakin onun qəlbində qeyri-adi çılğın mübarizə gedirdi. Həqiqət, ədalət və sədaqət, paxıllıq və qısqanclıqla mübarizə edirdi. Güman etmək olardı ki, o, müqəddəs mələklərin tə`siri altında ümumi əhvali-ruhiyyənin axarına düşmüşdü. Minlərlə sevincli səslə tə`rif himnlərinin ahəngdar melodiyası səsləndikdə Lüsiferi gəmirən paxıllıq elə bilki itdi, təsvir-edilməz Məhəbbət onun bütün varlığını bürüdü; onun ruhu bütün pak səma sakinlərinin Ataya və Oğula olan sadiq Məhəbbətinin axarına düşmüşdü. Lakin onu əhatə edən şöhrətdən onun qəlbi yenidən qürurla doldu, bütün hamıdan yüksəkdə durmaq sə`yi doğuldu və Məsihə paxıllıq onda daha böyük güclə püskürdü. Lüsifer xüsusi bəxşişi kimi, layiq görüldüyü yüksək ehtiramları qiymətləndirə bilmədi və buna görə də öz Yaradanına heç bir şükranlıq hissi duymurdu. Öz ləyaqətlərindən və tutduğu yüksək mövqedən tamahlanaraq, o, Allaha bərabər olmağı ehtirasla arzu edirdi. Səma ordusu onu sevərək ehtiram göstərirdi, mələklər onun əmrlərini sevinclə yerinə yetirirdilər. O, müdriklik və şöhrətlə hamıdan çox əhatə edilmişdi. Lakin gücdə və hakimiyyətdə Ataya bərabər olan Allah Oğlu ondan yüksək idi. Məsih Öz Atasının məsləhətlərində iştirak edirdi, Lüsiferə isə Allahın fikirləri açılmırdı. Bu qüdrətli mələk soruşurdu: «Nə üçün Məsih ali hakimiyyətə malik olmalıdır? Nə üçün Onu məndən yüksək tuturlar?»
Lüsifer, Allahın hüzurunu tərk edərək, durmadan mələklər arasında narazılıq ruhu oyatmağa çalışırdı. O, bu fəaliyyətini heyrətli dərəcədə gizli həyata keçirirdi və Allaha sitayiş adı altında göstərdiyi fəaliyyətin əsl məqsədini bir müddət gizli saxlamağa nail oldu. O, səma varlıqlarını idarə edən qanunlara hiss olunmadan inamsızlıq yaratmağa çalışırdı. Ötəri olaraq xatırladırdı ki, qanunlar dünyaların sakinləri üçün vacib ola bilər, lakin mələklər daha ali orqanlı varlıqlar olduqlarına görə onların bu cür məhdudlaşdırmalara ehtiyacı yoxdur, çünki onlar bütün fəaliyyətlərində öz müdrikliklərini rəhbər tuta bilərlər. O inandırmağa çalışırdı ki, mələklər Allaha şərəfsizlik göstərə bilməzlər, çünki onların fikirləri müqəddəsdir və Allahın günah etməsi mümkün
olmadığı kimi, onların da günah edə bilməsi mümkün deyildir. Lüsifer, Allahın Oğlunun Ata ilə bir səviyyəyə yüksəldilməsini özünə qarşı ədalətsizlik kimi təsvir edirdi və inandırmağa çalışırdı ki, o da sitayişə və şərəfə layiqdir. O, mələkləri başa salmağa çalışırdı ki, o, mələklərin rəisi kimi layiq olduğu yüksək mövqeyə çata bilsəydi, onda o, səma ordusu üçün azadlıqdır. Lakin indi isə hətta onların indiyə kimi malik olduqları azadlıqların da sonu çatmışdır, çünki onların üzərinə hər şeyə qadir Hökmdar qoyulmuşdur və hər kəs Onun nüfuzu qarşısında baş əyməlidir. Bax bu cür incə yalanla da Lüsifer səma məskənində müvəffəqiyyətə nail ola bilirdi.
Məsihin mövqeyi əzəldən dəyişməz qalmışdır və yalnız Lüsiferin paxıllığı, onun yaydığı yanlış izah, onun Məsihə bərabər olmaq arzusu Allah Oğlunun həqiqi mövqeyini bütün səma sakinlərinə izah etmək vacibliyini doğurdu. Lakin buna baxmayaraq, mələklərin xeyli hissəsi Lüsiferin məkrindən kor kimi olmuşdular.
Onun sərəncamında olan sevən müqəddəs varlıqların hədsiz sədaqətindən və e`tibarından istifadə edərək, Lüsifer onların arasında elə məharətlə inamsızlıq və narazılıq yaydı ki, onun həqiqi məqsədi açılmamış qaldı. Lüsifer, Allahın fikirlərini düzgün işıqlandırmayaraq, onları yanlış izah edərək və təhrif edərək ziddiyyət və narazılıq oyadırdı. O, ətrafındakılardan məharətlə söz çəkərək, sonra əlverişli şəraitdə bu məlumatlardan elə istifadə edirdi ki, guya mələklər də Allahın idarəsindən tam razı deyildirlər. Allahın iradəsinə tam itaət etdiyinə inandırmağa çalışaraq o, guya ki, Allahın idarəsini möhkəmlətməyin vacibliyi üçün Səma qayda və qanunlarında dəyişikliklər etməyi tə`kid edirdi. Allahın Qanununa nifrət oyadaraq və yavaş-yavaş tabeliyində olan mələkləri öz narazılığı ilə yoluxduraraq, Lüsifer özünü elə göstərirdi ki, guya, hər bir e`tirazı boğmağa və narazılıq edən mələkləri Səma qaydasına itaət etdirməyə çalışır. Narazılıq və üsyan ruhunu gizli qızışdırmaqla bərabər o, çox böyük məharətlə ətrafındakıları inandırırdı ki, onun yeganə məqsədi ahəngdarlığı və sülhü qoruyaraq sadiq olmaqdır.
Bu qayda ilə yetişdirilmiş narazılıq ruhu öz məhvedici işini gördü. Hələ ki heç bir aşkar üsyan hadisəsi baş verməmişdi, lakin mələklər arasında hiss olunmadan ziddiyyətlər artırdı. Elələri də tapılırdı ki, Lüsiferin Allahın idarəsi əleyhinə pıçıltılarına iltifatla qulaq asırdı. Onlar əvvəllər Rəbbin göylərdə qurduğu qayda ilə tamamilə razı olsalar da, indi narazılıqla bu fikirdən əzab çəkirdilər ki, Allah Məsihi belə yüksəltmişdir. Indi onlar Lüsiferin Allahın Oğluna bərabər olmaq tələbini də dəstəkləməyə hazır idilər. Lakin sadiq və sədaqətli qalan mələklər Allah idarəsinin müdrik və ədalətli prinsiplərini müdafiə edirdilər. Onlar bu itaətsiz məxluqları hər şeydən Uca Olanın iradəsinə itaət etdirməyə çalışırdılar. Məsih — Allahın Oğludur; O, mələklərin yaranmasından əvvəl Allahla Vahid idi və həmişə Atanın sağında olmuşdur. Onun mərhəmətli himayəsində olanların hamısı üçün xeyir-dua ilə dolu olan ali hakimiyyəti əvvəllər heç vaxt iddiaya mə`ruz qalmamışdı. Bəs qalmış mələklər törənmiş dəhşətli nəticələri qabaqcadan görürdülər və narazılıq edən mələklərə öz niyyətlərindən əl çəkərək, Allaha sədaqətlə xidmət etməyi can yanğısı və hərarətlə məsləhət verirdilər.
Allah Özünəməxsus böyük canıyananlıqla Lüsiferin əməllərinə çox dözdü. E`tiraf və narazılıq ruhu əvvəllər Göylərdə heç vaxt görünməmişdi. Bu nəsə yeni bir şey idi — qəribə, müəmmalı, sirli. Əvvəlcə Lüsifer özü də öz hisslərinin əsl təbiətini başa düşmürdü;
müəyyən vaxt ərzində o, öz rəyini və fikirlərini söyləməkdən ehtiyat edirdi, lakin onun qəlbinə əzab verən şübhələrdən və ziddiyyətlərdən xilas olmaq üçün sə`y göstərmədi. O bilirdi ki, bunun nəticəsi nə olacaqdır. Lüsiferi onun yanıldığına inandırmaq üçün hədsiz Məhəbbətin və müdrikliyin qadir olduğu bütün hər şey edilmişdir. Onun şübhəyə narazılığının əsassızlığı, onun qəzəbinin nəticələri — bütün bunlar hamısı ona açılmışdı. Lüsifer başa düşdü ki, o haqlı deyildir. O gördü ki, «Rəbb bütün yollarında adildir, hər işində sadiqdir» (Zəbur 145:17), ilahi qaydalar ədalətlidir və o, bunu bütün Səma qarşısında e`tiraf etməlidir. Lüsifer belə etsəydi, özünü və çox mələyi xilas edərdi. O vaxt o, Allahdan hələ tam dönməmişdi. Artıq əvvəlki kimi kölgə salan baş mələk olmasa da, Yaradanın müdrikliyini tanıyaraq və Allah tərəfindən ona göstərilən yeri tutmağa hazır olduğunu göstərərək Atanın yanına qayıtmaq istəsəydi, o yenidən öz əvvəlki hüquqlarına bərpa olunardı. Həlledici an çatmışdı: o, Ilahi hakimiyyətə ya tam tabe olmalı idi, ya da açıq mübarizə etməli idi. O, bir qədər tərəddüd etdi və artıq öz Yaradanının yanına qayıtmağa hazır idi, lakin qüruru bunu etməyə imkan vermədi. Hamının qarşısında öz təqsirini e`tiraf etmək, öz düşüncələrinin yanlış olduğunu söyləmək və ədalətsizliyini sübut etməyə çalışdığı hakimiyyətə bütünlüklə tabe olmaq — bütün bunlar, onun fikrincə, əvvəllər belə yüksək mövqe tutan üçün çox böyük qurban idi.
Rəhmdil Yaradan dərin canıyananlıqla Lüsiferi və onun tərəfdarlarını yıxılmaqda olduqları günah uçurumundan xilas etməyə çalışırdı. Lüsifer, Allahın çoxsəbirliyini öz üstünlüyünün sübutu kimi qiymətləndirdi və hesab etdi ki, vaxt gələcək, Kainatın Padşahı onun tələbləri ilə razılaşacaqdır. O, mələkləri inandırmağa çalışırdı ki, əgər onlar ona tərəfdarlıqlarında möhkəm olsalar, istədiklərinə çatacaqlar. Lüsifer inadla öz mövqeyində duraraq, indi, artıq, Yaradanla açıq mübarizəyə başladı. Bax beləliklə də Lüsifer, «kölgə salan baş mələk», Allah şöhrətinin iştirakçısı, Onun taxt-tacının qoruqçusu, günah üzündən iblis, şeytan, Rəbbin və müqəddəs mələklərin «düşməni», ona tabe olanların məhvedicisi oldu.
Allaha sadiq olan mələklərin dəlil və xahişlərini ikrahla rədd edərək, Lüsifer onları aldadılmış kölələr adlandırdı. Məsihə verilən üstünlüyü o, həm özünə, həm də səma sakinlərinə qarşı ədalətsizlik adlandırdı və e`lan etdi ki, daha onların və özünün hüquqlarına ehtiramsızlıq göstərilməsinə dözmək niyyətində deyildir və heç vaxt Məsihin ali hakimiyyətini tanımayacaqdır. O qətiyyətlə bəyan etdi ki, bu şöhrət ona məxsus olmalıdır və bütün arzu edənləri onun başçılığı altında birləşməyə çağırdı. O, və`d etdi ki, kim onunla birləşsə, yeni və daha yaxşı idarə altında azadlıqdan həzz alacaqdır.
Mələklərin böyük hissəsi onun arxasınca getmək niyyətində olduqlarını bildirirdilər. Onun çağırışının qəbul edilməsindən ruhlanaraq, o, ümid edirdi ki, bütün mələkləri öz tərəfinə çəkərək Allahın Özünə bərabər olsun və bütün səma sakinlərinə hakim olsun.
Lakin onda da sadiq mələklər Lüsiferi və onun tərəfdarlarını Allaha tabe olmaları üçün dilə tutdular; onlara itaətsizliyin nəticəsi olacaq faciələrdən danışdılar. Onlar inandırırdılar ki, onların şıltaq inadkarlığını qırmaq və layiqincə cəzalandırmaq Allah üçün çətin bir şey deyildir. Heç bir mələk Allahın Özü kimi müqəddəs olan Allah Qanununa itaətsizlik edərək, cəzasız qala bilməzdi. Onlar mələklərə yalvarırdılar ki, Lüsiferin yalançı dəlillərinə inanmasınlar. Onlar onu dilə tuturdular ki, ləngimədən öz tərəfdarları ilə birlikdə Allahın yanına getsinlər və Ilahi müdrikliyi və hakimiyyəti şübhəyə mə`ruz qoymağa sövq edən yanılmaları və şıltaq cəsarətləri üçün Onun önündə tövbə etsinlər.
Çoxları bu sözlərə qulaq asaraq öz günahları üçün tövbə etməyə və yenidən Ata ilə Oğulun xeyir-duasını almağa meyl edirdilər. Lakin Lüsifer daha yeni bir məkrli plan həyata keçirdi. Böyük araqarışdıran e`lan etdi ki, onun baxışlarını bölüşdürən mələklər özlərini o qədər ləkələmişdirlər ki, geri qayıda bilməzlər. O e`lan etdi ki, Səmanın nüfuzuna tabe olmaq istəyənlərin hamısı öz ləyaqətlərindən və mənsəblərindən məhrum ediləcəklər. Onun özünə qaldıqda isə, o, Məsihin ali hakimiyyətini daha tanımayacaqdır. O deyirdi ki, onun və tərəfdarlarının yeganə çıxış yolu — öz azadlıqlarını müdafiə etməkdir və xoşluqla onlara vermək istəmədikləri hüquqlarını var gücləri ilə qorumaqdır.
Həqiqətən, iblisin tövbə haqqında fikirləşməsi artıq çox gec idi, lakin onun yoldan çıxartdığı mələklərin məsələsi başqa cür idi. Günaha batmayan mələklərin onların halına acıması və hərarətli xahişləri yolunu azmışlar üçün ümid qapılarını açdı. Əgər onlar xəbərdarlıq səsinə qulaq assaydılar, onda onları dolaşdıran iblis zəncirlərini qıra bilərdilər. Lakin qürur, öz başçılarına itaət, güclü qeyri-məhdud azadlıq istəyi onlara o dərəcədə hakim olmuşdu ki, onlara yalvaran Ilahi Məhəbbətin və canıyananlığın səsini eşitmədilər.
Allah o vaxta qədər iblisə fəaliyyət göstərməyə icazə verdi ki, hələ narazılıq ruhu böyüyüb açıq üsyana çevrilməmişdi. Bu onun üçün vacib idi ki, iblisin niyyətləri və planları tam üzə çıxsın, onların əsl təbiəti və istiqaməti hamıya aydın olsun. Lüsifer, məsh edilmiş baş mələk, yüksək mövqe tuturdu, o, bütün səma sakinləri tərəfindən hərarətlə sevilirdi və onlar üzərində güclü tə`sirə malik idi. Allahın idarəsi yalnız Səmada yaşayanlar üçün deyil, Onun tərəfindən yaradılmış bütün dünyalar üçün idi. Lüsifer ümid edirdi ki, əgər o, səma mələklərini öz ardınca aparmağa nail olmuşdursa, bütün qalan dünyaları da özü üçün fəth edə biləcəkdir. Bu mübarizədə o, olduqca məharətlə fəaliyyət göstərirdi və öz məqsədinə nail olmaq üçün heç nəyi əsirgəmirdi. Onun yoldan çıxartmaq məharəti çox böyük idi. Elə hesab etmək olardı ki, o, yalançı salehlik örtüyünə bürünərək, hər hansısa vaxt ərzində müvəffəqiyyətə nail olmuşdu. Onun bütün fəaliyyətləri o dərəcədə maskalanmışdı ki, mələklər əvvəlcə onların əsl mahiyyətini başa düşə bilmədilər.
Qiyamçı öz niyyətlərini o qədər ehtiyatla həyata keçirirdi ki, bu yalnız reallığa çevriləndən sonra mələklər onu ifşa edə bildilər. Hətta Allahın iradəsinə sadiq olan mələklər də tam müəyyən edə bilmirdilər ki, onun əməlləri nəyə aparıb çıxır.
Lüsifer əvvəlcə öz azdırıcı torunu elə məharətlə hörürdü ki, bu heç bir şübhə doğurmurdu. O, öz tərəfinə çəkə bilmədiyi mələkləri səma sakinlərinin maraqlarına biganəlikdə təqsirləndirirdi. O, mümkün olan bütün vasitələrlə Allahın niyyətlərinə qarşı anlaşılmazlıq yaymağa çalışırdı. Ən adi şeyləri o elə bir sirli örtüyə bürüyürdü ki, bu yolla Allahın qaydalarına şübhə etməyə məcbur edirdi. Əlbəttə, onun göylərdəki yüksək mövqeyi də böyük rol oynayırdı.
Rəbb bu mübarizədə yalnız həqiqətə və ədalətə cavab verən vasitələrdən istifadə edə bilərdi, şeytan isə Allah üçün yolverilməz olan metodlardan — şirnikləndirmələrdən və yalandan istifadə edirdi. Şeytan var gücü ilə çalışırdı ki, Allahın Sözünü təhrif etsin və o, səmavi idarə sistemini yanlış izah edirdi. O deyirdi ki, Allah ədalətsiz olaraq Öz qanunlarını mələklərə qəbul etdirmişdir və yaratdıqlarından itaət və sədaqət tələb etməklə O yalnız Özünün uca tutulmasını axtarır. Buna görə də bütün səma sakinləri və başqa dünyaların sakinləri əmin olmalı idilər ki, iblis yalan deyir, Allahın idarəsi ədalətli prinsiplərə əsaslanır və Onun qanunu kamildir. Iblis isə özünün kainatın rifahı naminə çalışdığını təsvir etmək istəyirdi. Buna görə də onun əsl xarakteri və əsl niyyətləri hamı qarşısında açılmalı idi. Onun şər işlərinin onun özünü ifşa etməsi üçün vaxt lazım idi.
Iblis özünün Səmada yaratdığı qarışıqlıqda Allahı və Onun idarə prinsiplərini təqsirləndirirdi. O təsdiq etməyə çalışırdı ki, bütün şər ancaq Ilahi hakimiyyətin qeyri- kamilliyinin nəticəsidir. Lüsifer e`lan etmişdi ki, onun yeganə arzusu Allahın qaydalarını yaxşılaşdırmaqdır, buna görə də Allah imkan verdi ki, onun tələblərinin və Ilahi qanunda etmək istədiyi dəyişikliklərin əsl mahiyyəti açılsın. Iblisi öz əməlləri mühakimə etməli idi. Mübarizənin lap əvvəlində iblis inandırmağa çalışırdı ki, qiyamda iştirak etmir. Buna görə də bütün kainat ifşa edilmiş yalançını görməli idi.
Hətta iblis Səmadan qovulduqda da Hədsiz Müdriklik onu məhv etmədi. Çünki Allah yalnız məhəbbətə əsaslanan xidməti qəbul edə bilərdi, Allahın yaratdığı məxluqların Ona olan sədaqəti Ilahi ədalətə və məhəbbətə inamdan gəlməli idi. Əgər Allah iblisi o saat məhv etsə idi, onda səma sakinləri və başqa dünyaların sakinləri günahın əsl təbiətini, və onun nəticələrini dərk etməyə hazır olmadıqları üçün Allahın ədalətini dərk etməyə də bilərdilər. Bu halda onlar Allaha məhəbbətdən deyil, qorxudan xidmət edərdilər. Bu cür üsullarla iblisin tə`sirini məhv etmək və üsyan ruhunu dağıtmaq mümkün olmazdı. Bütün kainatın rifahı naminə Allah öz planını tam həyata keçirməyə iblisə imkan verdi ki, Ilahi idarə formasının əleyhinə olan iblis ittihamları bütün Səma önündə ifşa olunsun və Allahın ədaləti, mərhəməti, Onun qanununun dəyişilməzliyi bir daha heç vaxt heç bir şübhəyə məruz qalmasınlar.
Iblisin Səmada qaldırdığı üsyan bütün kainat üçün əbədi dərs olmalı idi, günahın əsl təbiətini və onun dəhşətli nəticələrinin əbədi sübutu olmalı idi. Iblisin ağalığının və onun həm insanlara, həm də mələklərə təsirinin nəticələri Ilahi hakimiyyəti kənarlaşdırmaqla öz öldürücü təsirini göstərməli idi. Bu onu sübut etməli idi ki, Allahın yaratdığı bütün varlıqların səadəti Allahın idarəsi ilə təmin edilir. Beləliklə də, Səmadakı dəhşətli üsyanın nəticələri bütün müqəddəs varlıqların əbədi olaraq günahdan uzaqlaşmalarına xidmət etməli idi.
Yalnız bütün Kainatı Idarə Edən əvvəldən axıradək hər şeyi bilir, keçmişin və gələcəyin bütün sirləri Onun önündə açıq kitab kimidir; günahın törətdiyi dərd, zülmət və dağıntılara baxmayaraq, O, Öz məhəbbət və xeyir-dua məqsədlərinin həyata keçməsini görür. «Bulud və zülmət Onun ətrafında olsa da, haqq və ədalət Onun taxtının təməlidir»» (Zəbur 97:22). Gün gələcək ki, kainatın bütün günaha batan və batmayan sakinləri bunu başa düşəcəklər. «Onun işi kamildir; çünki bütün yolları haqdır; sədaqət Allahıdır və haqsızlıq etməz, sadiq və doğru olan Odur» (Təsniyə 32:4).
Mənbə: Əcdadlar və Peyğəmbərlər (Patriarchs and Prophets)
Müəllif: Ellen Uayt (Ellen Gould White), Adventist xristian cərəyanının islahatçısı, 7-ci gün Adventist Kilsəsinin yaradıcısı