Bu Kilsə Məclisi Qərbdə əvvəlcə Ümumdünya Kilsə Məclisi elan olunmuşdur. Lakin sonra, bu keyfiyyətdə, Fotiusun əvəzinə İqnatiusu patriarx kimi yenidən tanıyan, 869 — 870- ci illərdə keçirilən, Məclis tanınmışdı.
Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi, Xristianlığın ehkamları və inanclarının əsasları da Qərb və Şərq Kilsələrinin mübahisə obyektinə çevrilmişdir. Məlum olduğu kimi, xristianlar Tanrının üç sifətdən ibarət olduğunu iddia edirlər. Bu sifətlərin üçüncüsü olan Müqəddəs Ruh, həyatverici keyfiyyətlərinə malik olan sifətdir. Onun Atadan və ya Oğuldan çıxması haqqında gərgin mübahisələr, Kilsənin əqidə nöqteyi-nəzərindən parçalanmasına gətirib çıxarmışdı. Qərbdə Ambrosius, Hiyeronimus, Avqustinus kimi kilsə ataları, Müqəddəs Ruhun təkcə Atadan deyil, həm də Oğuldan çıxmasını (latınca filioque) iddia edirdilər. VII əsrdə İspaniyanın Toledo şəhərində keçirilən Kilsə Məclisində filioque xristian əqidəsinin əsaslarına (simvoluna) daxil edilmişdir. Buna dələl olaraq İsanın sözləri gətirilirdi: «Bunu dediyi zaman, onlara üfürdü və: «“Müqəddəs ruhu qəbul edin”, – dedi». Lakin şərq Kilsəsi filioqueni qəbul etməmişdi. Onların fikrincə Müqəddəs Ruh yalnız Atadan çıxır, Oğuldan çıxmaz. Qərb atalarının filioque haqqında dediklərini isə, Kilsənin deyil, onların şəxsi fikirləri olduğunu deyirdilər.
Bu mübahisələrin sonu olaraq Qüdsdə 807-ci ildə Şərqi və Qərbi təmsil edən keşişlərin arasında ixtilaf baş vermişdi. Buna cavab olaraq, Qərbi Roma imperatoru Böyük Karl (Carolus Magnus) 809-cu ildə daha bir Kilsə Məclisini çağıraraq filioqueni bir daha təsdiq etdirdi və şərqlilərin ifadəsini (yəni Müqəddəs Ruhun Oğuldan deyil, yalnız Atadan çıxmasını) rədd etmişdi. Kilsə Məclisinin qərarları, öz növbəsində, Şərqlilər tərəfindən rədd edilmişdi. Patriarx Fotiusun fikrincə filioquenin simvola əlavə edilməsi xristian dinini məzmunca dəyişmək deməkdir. Fotiusa görə Oğlunun Atadan doğulması kimi, Müqəddəs Ruh da Atadan çıxır. Əgər Ata Ruhu harasa yönəltmək istəsə, Ona Oğul lazım deyil. Daha sonra Fotius yazırdı ki, İsanın Əhdi-Cədiddəki sözləri yalnız onun dünyada yaşadığı dövrə aiddir, əbədiyyata yox. Yəni, İsa dünyada yaşayarkən, Ata, Müqəddəs Ruhu onun vasitəsi ilə dünyaya endirirdi. İsa dünyadan gedəndən sonra isə, Ata, Müqəddəs Ruhu dünyaya vasitəsiz endirir.
Bolqarıstan üzərində Qərb və Şərq Kilsələri arasında gedən mübahisələr isə, sonda, Şərq Kilsəsinin xeyrinə həll olundu. Bolqarıstan kilsəsi Konstantinopolisin nəzarəti altına keçdi.
X əsrdə də Qərb və Şərq Kilsələri arasında sülh əldə edilməmişdi. Konstantinopolis keşişləri Roma papazına yalnız müstəsna hallarda müraciətlər edirdilər. Bu amil isə Kilsələri biri-birindən daha da uzaqlaşdırırdı.
XI əsrdə Qərb və Şərq kilsələri arasında münasibətlər bir qədər fəallaşdırmışdır, lakin bu fəallaşma sonda onların parçalanması ilə nəticələnmişdir. O dövrdə Roma papazı olan IX Leo Cənubi İtaliyada Konstantinopolis patriarxının tabeçiliyində olan kilsələrdə Qərb (latın) ayinlərinin icra olunmasını tələb etmişdir (qeyd olunduğu kimi Qərb kilsələrin bəzi dini ayinləri Şərq ortodoks ayinlərindən fərqlənirdi). Öz növbəsində Konstantinopolis patriarxı Mixael Kelluarios (Michael Cerullarios) Konstantinopolisdə papazın tabeliyində olan kilsə və monastırların bağlanması haqqında sərancam vermişdir.
Vəziyyətin gərginləşməsini görən Bizans imperatoru Konstantine Monomaxus (Constantine Monomachus) Qərblə münasibətlərini pozmaq istəmirdi. O, papaz ilə danışıqlar apararaq, Konstantinopolisə papaz tərəfindən göndərilmiş nümayəndələri qəbul etməyə hazır olduğunu bildirmişdi. Lakin nümayəndələrin gəlişindən sonra, onların Şərq (yunan) keşişləri ilə şiddətli ixtilafı baş vermişdir. Bu ixtilaf nəticəsində papazın nümayəndələri Konstantinopolis patriarxını və ona tabe olan bütün Şərq Kilsələrini heresdə və dinsizlikdə ittiham edərək, onların xristian kilsəsindən xaric edilməsi haqqında məktub yazaraq onu rəsmi ibadət zamanı Konstantinopolisin Müqəddəs Sofiya (Aya Sofya) kilsəsində yunan keşişlərinə təqdim etdilər.
Öz növbəsində patriarx Mixael Kelluarios 1054-cü ildə Kilsə Məclisi yığaraq papazın nümayəndələrini lənətləmiş, Roma kilsəsi ilə bütün əlaqələrin kəsilməsi haqqında sərəncam vermişdir.
Bu hadisələrdən sonra Xristian kilsəsi parçalanmışdır. Şərq (yunan) kilsəsi ortodoks (pravoslav), Qərb (latın) kilsəsi isə katolik adlandırılmışdır.
Müəllif: Aydın Əlizadə (fəlsəfə elmləri doktoru)
Mənbə:«Xristianlıq, tarix və fəlsəfə» kitabı