451-ci ildə IV Ümumdünya (Kalkedon) Kilsə Məclisi Konstantinopolis arximandriti Evtixiyin təlimini rədd etmək üçün yığışdı. Belə ki, Evtixiy Nestoriusun təlimini inkar edərək, onun əksi olan başqa bir ifrat fikir irəli sürürdü. Evtixiyə görə, İlahi və insani təbiət İsada tam olaraq bir-birinə qovuşmuşdur. Amma bu zaman İsadakı İlahi təbiət insani təbiəti üstələyir. Evtixiyin təlimi monofizitlik adlandırıldı. Məclisə yığışan 630 yepiskop monofizitliyi rədd edərək qərara gəldilər ki, İsada olan iki təbiət bir-biri ilə “qovuşmayaraq və mahiyyəti dəyişməyərək” (Evtixinin əleyhinə), “bir-birindən ayrılmaq şərti ilə” (Nestoriusa qarşı) birləşmişdirlər
553-cü ildə isə imperator I Yustian tərəfindən V Ümumdünya Kilsə (II Konstantinopolis) Məclisi çağırıldı. Buna səbəb elə monofizitlərin üsyanı oldu. Belə ki, monofizitlər Kalkedon məclisinin tərəfdarlarını nestorianlığa gizli meyllərdə ittiham edirdilər. Bunu sübut etmək üçün onlar üç Suriya yepiskonun Teodorusun və Teodoretin əsərlərinə istinad edirdilər. Məclis iştirakçıları monofizitlərin ortodoksal kilsəyə birləşmələri prosesini gücləndirmək üçün bu yekiskopların fikirlərini rəsmi olaraq rədd etdilər. Bundan əlavə burada Origenusun təlimi də rədd edildi.
Növbəti VI Ümumdünya (III Konstantinopolis) Kilsə Məclisləri (680-681; 692-ci illərdə) yenə də monofizitlərin təlimini rədd etmək üçün yığıldı. Monofizitlərin İsada iki təbiətin olduğunu qəbul etmələrinə baxmayaraq, onların vahid İlahi iradədə birləşməsini iddia edirdilər. Bu fikrə qarşı çıxan 170 yekiskop İsanın Tanrı kimi və insan kimi iki iradəsinin olduğunu iddia etdilər. Onların fikrincə, İsanın insani təbiəti İlahi iradə ilə ziddiyyət təşkil etmir, əksinə, insani təbiət İlahi iradəyə tabedir. Beləliklə də İsa haqqında olan ortodoksal baxış tamamlanmış oldu. Bu tamamlanmış təlimi isə, on bir ildən sonra bu məclisin davamı olan Trull Kilsə Məclisi təsdiq etmiş oldu.
VII Ümumdünya (II Nikeya) Kilsə Məclisi 787-ci ildə imperatriça İrena (Eirene) tərəfindən ikonalara qarşı çıxış edənlərə cavab vermək üçün çağırıldı. Belə ki, bu məclisdə ikonaların mahiyyəti açıqlanmış və onlara qarşı çıxış etmək küfr elan edilmişdir.
Katoliklər bu kilsə məclislərindən sonra da kilsə məclisləri çağırmışdırlar. Belə məclislərin sayı 21-ə çatmışdır. Şərq kilsələri (məs. erməni, kopt, efiop kilsələri) birinci üç məclisin qərarını qəbul edir IV (Kalkedon) məclisinin qərarlarını rədd edirlər. Protestantlar isə kilsə məclislərinin qərarlarını qəbul etmir.
Müəllif: Aydın Əlizadə (fəlsəfə elmləri doktoru)
Mənbə:«Xristianlıq, tarix və fəlsəfə» kitabı