Bu suallara cavab axtaran kilsə xadimləri uzun müddət sürən bir-birilə mübahisələr aparmışdırlar. Bu mübahisələr xristioloji (yəni, İsa Məsihin mahiyyətinə aid olan) mübahisələr adlandırılmışdır.
İsanın təbiəti haqqında IV əsrin sonunda müxtəlif fikirlər mövcud idi. Bəziləri onu insan, digərləri isə, Tanrı kimi qəbul edirdilər.
Tertullianus «De Carne Christi» əsərində, onu in-san bədəninə girmiş Loqos kimi təsəvvür edirdi. Origenus hesab edirdi ki, İsada insan ruhu vardır. İsanın təbiəti haqqında daha da çox Laodikiyalı Apolinarios düşünmüşdür. Onun fikirləri monarxianlara və arianlara daha da yaxın idi. O hesab edirdi ki, İsada iki təbiət eyni zamanda ola bilməz. Onda olan insani mahiyyət tam və kamil deyildir. İsada insan ruhu deyil, onun əvəzində Loqos vardır. Yəni insan bədəni İlahi Loqosla idarə edilirdi. Lakin bu fikir Kilsə tərəfindən dəstəklənməmişdir. Kappodokiyalı atalar İsada insan ruhunun olduğunu iddia etmişdirlər. Bununla belə, onlar İlahi və insani təbiətin İsada necə yerləşməsi məsələsinə aydınlıq gətirə bilməmişdirlər. Nissalı Qreqorios hətta İsanın insan təbiətinin sonradan İlahi təbiətə çevrilməsi fikrinə çox yaxınlaşmışdır.
Qeyd etmək lazımdır ki, Xristianlıqda xristoloji məsələ, tam olaraq, həll olunmamışdur.
Nestorianlara qarşı mübarizə
IV əsrdə xristian ilahiyyatının iki ən tanınmış məktəbi fəaliyyət göstərirdi. Biri Antoxiya, digəri isə, İsgəndəriyyədə yerləşirdi. Xristoloji məsələdə bu məktəblər arasında ixtilaf yaranmışdı.
Antioxiya məktəbinin nümayəndələri olan Tarsuslu Diodorus və Mopsuetsli Teodorus (Theodorus) hesab edirdilər ki, İlahi və insani təbiətlər müxtəlif olduğuna görə, onlar vəhdət təşkil edib, birləşə bilməzlər. Buna görə də Tanrıdan doğulan Oğul (Loqos), sonra Məryəm tərəfindən doğulan İsanın bədəninə girmiş, onu özü üçün məbəd etmişdir. Bu fikirləri sonra Antioxiya məktəbinin ardıcılı olan Nestorius təkrar etmişdir. Lakin xristian kilsəsinin digər nümayəndələri onlara qarşı çıxış etmişdirlər və onların fikirlərini rədd edib, heres elan etmişdirlər. Nestoriusa görə, Məryəm İsanı insan kimi doğmuşdur. Sonra İsa insan zəifliyinə güc gələrək Tanrının oğlu oldu. Onda insani və İlahi mahiyyətlər nisbi birlik təşkil edir və bir-birinə qarışmır.
Onlara qarşı İsgəndəriyyə məktəbindən yepiskop Kiril (Cyril) çıxış etmişdir. O deyirdi ki, Tanrının əzəli Sözü (Loqos) insan oldu. Tanrı öncə olmadığı bir şey oldu. O insanın təbiətini və bədənini özününkü etdi. Deməli Loqos insan təbiətini özünə daxil etdi. Özü isə, olduğu kimi qaldı. İsada insan təbiəti ilə birləşərək, Loqosun təbiəti dəyişməmişdir. O insan təbiətini özünə daxil etmişdir. Bu insanı (İsanı) isə, Məryəm doğmuşdur. Buna görə də Məryəm Tanrı anasıdır. İsada birləşən iki təbiət (insani və İlahi) bir-biri ilə qarışmamışdır. Kirilə görə Tanrı bəşəriyyəti xilas etmək üçün insan kimi dünyaya gəlməli idi. İsanın bədəni isə onun üçün Tanrının bədəni idi. Nissalı Qreqorios kimi o İsaya “yeni Adəm” deyirdi.
Beləliklə Kiril üçün İsada Loqos təcəssüm etmişdir. Onun fikrincə, İsada Loqosdan ayrı mövcud olan insan şəxsiyyəti olmamışdır. Buna görə də Tanrının özü iztirablardan keçərək çarmıxa çəkilmişdir və bununla bəşəriyyəti xilas etmişdir.
Kiril ortodoksal Xristianlığın əsaslarını ifadə etmişdir. Yəni İsada həm İlahi, həm də insani təbiət olduğunu iddia etmişdir.
428-ci ildə imperator II Teodosius (Theodosius) Konstantinopolis arxiyepiskopu vəzifəsinə Nestoriusu dəvət etmişdir. O isə, bu vəzifəni tutan kimi, müxtəlif hereslərə qarşı mübarizəyə başlamışdır. Onun birinci rəqibləri, İsada insan ruhunun deyil, əvəzində İlahi Loqosun olduğunu iddia edən Laodikiyalı Apolinariosun ardıcılları olmuşdurlar. Bu fikirləri rədd edən Nestorius, Loqosun İsaya sonra daxil olmasını və onda insani təbiətin İlahi təbiətlə qarışmamasını iddia edirdi. Lakin bu fikir etirazlarla qarşılanmışdı. Məsələ bundadır ki, o dövrdə həzrət Məryəmə sitayiş etmə çox geniş yayılmışdı. Onu Tanrı anası adlandırırdılar. Nestoriusun isə fikirlərindən belə çıxırdı ki, Məryəm Tanrını deyil, adi insanı doğmuşdur. Tanrı isə sonra öz Sözünü ona daxil etdi.
Buna etiraz edərək, Aleksandriya yepiskopu Kiril Nestoriusa onun təlimini rədd edən məktub yazmışdır. Lakin buna məhəl qoymayan Nestorius 428-ci ildə öz fikirlərini Konstantinopolisin Müqəddəs Sofiya kilsəsində açıq bəyan etmişdir. Bundan sonra o, öz əleyhdarlarını təqib etməyə başlamışdır. Buna cavab olaraq misirli rahiblər və ilahiyyatçılar onu heresdə ittiham etmişdir.
Daha sonra, 430-cü ildə, Nestorius imperiyanın qərbində təqiblərə məruz qalmış peliqiançıları qəbul etmiş, Konstantinopolisdə yerləşmişdir. Bu xəbəri alan Kiril, bu dəfə Roma papazına şikayət məktubu yazmışdır. Bundan sonra papaz, həmən ildə, Romada Kilsə Məclisi yığıb, Nestoriusu pisləmişdi.
Bununla kifayətlənməyən Kiril, Nestoriusa daha bir məktub ünvanlamışdı. Bu məktubda o, Nestoriusun təliminini rədd edib, onu lənətlənmişdi (Kilsədən xaric elan etmişdi).
Bu mübahisələrə son qoymaq məqsədi ilə imperator II Teodosius daha bir Kilsə Məclisinin yığılması üçün sərəncam vermişdir. Bu Məclis 431-ci ildə Efes şəhərində yığılmışdı. Burada Kiril Nestoriusa qarşı çıxış edib, onun tutduğu vəzifəsindən azad olunduğunu elan etmişdi. Lakin orada Nestoriusa dəstək verən antioxiyalı ilahiyyatçılar yox idi. Onların nümayəndələri bir qədər gecikərək, öz Məclislərini keçirib, Kiril və onu dəstəkləyən Efes yepispiskopu Memnonu pislədilər, və onları tutduğu vəzifələrindən azad olunduğunu elan etdilər. Getdikcə vəziyyət gərginləşirdi və keşişlər arasında qarşıdurmalar və zorakılıqlar başlandı. Vəziyyəti ələ almaq üçün, məclisdə iştirak edən imperatorun əmri ilə şəhərə, təcili surətdə, qoşun daxil edilmişdi.
Bu hadisələr zamanı Nestorius həps edilib Liviyaya sürgünə yollanmışdı. Bundan sonra Efes Kilsə Məclisi öz işini davam etdi. Orada Kirilin mövqeyi dəstəkləndi və İsada həm İlahi, həm də insani mahiyyətin birləşməsi, onların vəhdət təşkil etməsi ideyası bəyənildi.
Bütün problemləri həll etmək və sakitliyə nail olmaq üçün, imperator Kirili və Memnonu da həps etmişdir, lakin müəyyən vaxt keçdikdən sonra, onlar azad olundular.
Bütün səylərə baxmayaraq, ixtilaf həll edilməmiş qalırdı. Buna görə Kiril antioxiyalı ilahiyyatçılarla məktublaşmışdır və onları İsanın mahiyyəti haqqında ortaq və barışdırıcı fikrə dəvət etmişdi. Nəticədə antioxiyalılar barışdırıcı mövqe tutdular. Hər iki tərəf mövqelərini yumşaldaraq ortaq fikrə gəlmişdilər. Tərəflər belə qərara gəldilər ki, İsada İlahi və insani təbiət əvvəlcədən vardır, onlar vəhdət təşkil edir və Məryəm Tanrı anasıdır. Beləliklə antioxiyalıların bir hissəsi Efes Kilsə Məclisinin qərarı ilə razılaşdılar. Lakin Nestoriusun kifayət qədər çox tərəfdarları var idi. Onlar Efes kilsəsinin qərarlarını rədd etdilər. Buna görə Bizans imperiyasında onlara qarşı şiddətli təqiblər başlandı və onların çoxu İrana mühacirət edərək orada öz kilsələrini yaratmışdılar. Gələcəkdə onlar Asiyanın bir çox bölgələrində missioner fəaliyyəti ilə məşğul olmuşdular və kifayət qədər nüfuza malik idilər. Bu günə qədər onların kiçik saylı icmaları mövcuddur.Amma bununla iş bitməmişdir. Yevtixianusu isgəndəriyyəli yepiskop Dioskorus (Dioscorus) dəstəkləyirdi. 449-cü ildə, onun təşəbbüsü ilə, Efesdə yeni Ümumdünya Kilsə Məclisi yığıldı, lakin sonra bu məclis rəsmi kilsə tərəfindən tanınmamışdır və “quldur” məclisi adlandırılmışdı. Bu məclisdə monofizitlər qələbə çalmışdılar.
Bu qələbəni rəsmi kilsə tanımamışdı və Yevtixianusa qarşı mübarizəyə başlamışdı. Ona qarşı çıxışlar edənlərin arasında Antioxiya yaxınlığında Kir şəhərinin yepiskopu olan Teodoret (Theodoret de Cyr) (393-466) seçilirdi. O əvvəllər Nestoriusun mövqeyini dəstəkləyərək, Kirilə qarşı çıxış etmişdi. Lakin sonra o, barışdırıcı mövqe tutmuşdur. Bəlkə də Antioxiya sazişinin mətninin tərtibçisi də o olmuşdur. Teodoret Yevtixianusa qarşı “Dialoq” əsərini yazmış və onu pisləmişdir. Bu əsərdə o yazırdı: «Əlbəttə Tanrı-Loqos dəyişməz olaraq olub, var və olacaq. Lakin o insan oldu, insan təbiətini mənimsədi. Buna görə də, biz Onda hər iki təbiəti qəbul etməliyik…». Beləliklə Teodoret İsada həm İlahi, həm də insani təbiəti tanıyırdı. O Məryəmı Tanrı anası kimi və Tanrının üçlükdən ibarət olmasını qəbul edirdi.
Yevtixianusa və monofizitlərə qarşı hücumlar imperator II Feodosiusun ölümündən sonra daha da şiddətlənmişdi. Yeni imperator Markianus (Marcianus), 451-ci ildə Kalkedon (Kadıköy) şəhərində yeni Ümumdünya Kilsə Məclisini çağırmışdı. Bu məclisdə İsanın həm İlahi, həm də insani təbiətə malik olması haqqında qərar qəbul edilmişdir. Bu təbiətlərin hər ikisi kamil və özünəməxsusdur. Onlar Üçlüyün ikinci üzvündə (yəni İsada) birləşmişdir. Kalkedonda qəbul edilmiş imanın əsası oros adlanır. Bu qərara görə İsada olan iki təbiətin bir-biri ilə münasibəti 2 cüt mənfi sözlə ifadə edilir:
1. “Birləşmədən, çevrilmədən, dəyişməz olaraq” (monofizitlərə qarşı).
2. “Bölünmədən, ayrılmadan” (nestorianlara qarşı).
Beləliklə ortodoksal kilsənin ardıcılları inanırlar ki, İsa həm Tanrı, həm də insan kimi kamildir. Onun günahları yoxdur. O, əvvəlcə Ata tərəfindən doğulmuşdur, sonra isə insanları xilas etmək üçün ikinci dəfə Məryəm tərəfindən doğulmuşdur. İlahi və insani təbiətlər isə, onda “birləşmədən, çevrilmədən, bölünmədən, ayrılmadan” vəhdət təşkil edir.
Lakin Kalkedon məclisinin qərarı heç də hamını qane etməmişdir. Bir çox Şərq kilsəsi onu inkar etmişdi və monofizit düşüncəsinə üstünlük vermişdi. Teodosius adlı bir monofizit rahib, Kalkedondan qayıdaraq, Kilsə Məclisinin qərarlarına etiraz edərək, Fələstində üsyan qaldırmışdı. Üsyançılar Qüdsü ələ alıb qarətlərə məruz qoymuşdular. Üsyan yatırılandan sonra Teodosius Sinaya qaçmış və orada da üsyan qaldırılmışdı. Sabitliyin pozulmasından ehtiyat edən papaz I Leo monofizitlərlə barışıq axtarmaq məcburiyyətində qalmışdı. Lakin buna baxmayaraq yepiskopların əksəriyyəti monofizitlərin əleyhinə çıxışlar edirdilər. Daha sonra isə, monofizitlik, Bizansa qarşı baş qaldıran müxtəlif separatçı qrupların və millətlərin ideologiyasına çevrilmişdi. Buna görə də, 519-cu ildə, imperator I Yustianianos bütün monofizit keşişləri vəzifələrindən azad edərək onlara qarşı təqiblərə başladı. Təqiblərdən xilas olmaq üçün monofizitlərin çoxu Misirə qaçdılar. Bu günə qədər qıpti (Misirdə), erməni, həbəş (Efiopiyada) kilsələri monofizit əqidəsində qalıblar. Daha sonra, monofizitlər bir-neçə təriqətlərə bölünmüşdürlər. Məsələn antioxiya patriarxı Severusun ardıcılları hesab edirdilər ki, İsanın bir təbiəti vardır, lakin onun daxilində insani və İlahi keyfiyyətlər vardır. Öz dirçəlməsinə qədər İsanın bədəni insan bədəni idi, yəni o yeyirdi, içirdi və s.
Severusun ardıcıllarından fərqli olaraq, Halikarnas yepiskopu Yulianus (Julianus) ardıcılları hesab edirdilər ki, İsanın bədəni insan bədəni deyil. Onun yeyib-içməsi kimi insani keyfiyyətləri təbiətindən deyil, özünün istəyindən irəli gəlirdi.
Origençilərə qarşı mübarizə
Monofizitlərə qarşı aparılan mübarizə ilə bərabər, Kilsə, eyni zamanda, Origenusun ardıcılları ilə də mübarizə aparırdılar.
Origençilər deyirdilər ki, insanlar, şeytanlar, mələklər və ümumiyyətli hamı Tanrı tərəfindən son nəticədə xilas olunacaqlar. Bundan başqa, onlar hesab edirdilər ki, hər bir insanın ruhu əvvəlcə yaradılmışdır və yalnız sonra Tanrı onları bədənlərə yerləşdirir. Deməli ruhlar insanların həyata gəlməsindən öncə yaradılmışdır. Origençilərin əsas ideoloqlarından biri Bizanslı Leontius olmuşdur.
Origençilərin fikirləri 553-cü ildə imperator Yustinianos (Iustinianos) tərəfindən yığılan V Ümumdünya Kilsə Məclisi tərəfindən pislənmişdi. Bundan sonra origençilərə qarşı şiddətli təqiblər başlamışdı.
Bundan başqa, bu məclisdə Mopsuetsli Teodorusun Loqosun İsada yalnız mənəvi şəkildə olması fikri də rədd edilmişdi.
Monofelitlərə qarşı mübarizə
Kalkedon Kilsə Məclisindən sonra monofizitlərlə, İsada ikili təbiətin olmasını qəbul edən Bizans kilsəsinin nümayəndələri arasında bir neçə onilliklər ərzində gərgin mübarizə getmişdi. VII əsrin əvvəlində Bizansla (Şərqi Roma ilə) İranın müharibəsi başlanmışdı. Bu müharibədə qələbəyə nail olmaq üçün, imperator Heraklios (Herakleios) Ermənistanda iranlılara qarşı ikinci cəbhə açmaq niyyətində idi. Lakin ermənilər, monofizit kilsəsinə mənsub olduqlarına görə, Bizans imperiyasından çəkinirdilər və İrana üstünlük verirdilər. Bizansda isə monofizitlər təqiblərə məruz qalmışdılar.
Ermənilərlə münasibətlərin yaxşılaşdırılması və orada iranlılara qarşı cəbhənin açılması, Herakliosun əsas siyasi məqsədlərindən biri olmuşdu. Bu işdə, ona əsli suriyalı olan patriarx Sergius kömək etmişdi. O, monofizitlərlə rəsmi Bizans kilsəsinin arasında ixtilafa səbəb olan, İsanın təbiəti haqqında problemin həll edilməsi üçün, barışdırıcı fikir ortalığa çıxarmışdı. Sergius deyirdi ki, İsanın iki təbiəti olmuşdur, lakin iradəsi (enerjisi) bir idi. Bununla razılaşan ermənilər Herakliosus müttəfiqləri oldular və bundan sonra o, İrana sarsıdıcı hərbi zərbələr endirməyə müvəffəq oldu.
“İki təbiət, bir iradə” prinsipini Roma papazı Honorius da dəstəkləmişdir, lakin sonra kilsə xadimləri onu bu addım atdığına görə pisləmişdilər. İyerusalim (Qüds) patriarxı Sofroniy isə, bu prinsipi qətiyyətlə rədd etmişdir. O İsada iki iradənin olduğunu iddia edirdi (İlahi və insani). Onunla birlikdə bu fikri məşhur ilahiyyatçı Tövbə edən Maksimus da dəstəkləmişdi. Onların fikrincə hər bir iradə öz mahiyyətinə görə hərəkət edir və bu hərəkətə görə də təbiətlərin müxtəlifliyinin dərk olunması imkanı əldə edilir. Əgər iradə birdirsə, onda təbiətlərin arasında fərq olmur.
637-ci ildə Qüds müsəlmanlar tərəfindən fəth edilir və şəhərin patriarxı Sofronius (Sophronius) bir müddət onlarla əməkdaşlıq etdiyinə görə, əvəzinədə xəlifə Ömər şəhərin bütün xristian müqəddəs yerlərini ona tabe etdirmişdi. Sofroniusun ölümündən sonra, imperator Heraklios 638-ci ildə xristian imanının necə olması haqqında əmrini açıqlayır. Bu əmrə görə, İsanın yalnız bir iradəsi olmalı idi. Bu cür inanca monofelit inancı deyilir. Həmin ildə patriarx Sergius da ölmüşdür və ondan sonra Konstantinopolis patriarxı Pirr olmuşdur. O monofelit idi və imperatorun əmrini 638-ci ildə Kilsə Məclislərinin birində təsdiqlətdirmişdi.
Heraklios 641-ci ildə vəfat edəndən sonra onu II Konstant əvəz etmişdi. O ümumiyyətlə İsada neçə iradə olduğu haqqında hər bir söhbəti qadağan etmişdi. Romada isə papaz Honoriusun ölümündən sonra Herakliosun monofelit əqidəsini dəstəkləyən əmri rədd etdilər. Papaz I Martinus, Lateranda Kilsə Məclisi yığaraq monofelit əqidəsini pisləmişdi. Lakin imperator əmrini icra etməməsinə görə Martinusu məhkəməyə çəkmişdilər və sürgünə yollamışdılar.
Şərqdə isə monofelitlərə qarşı ən fəal çıxış edən Tövbə edən Maksimus (Maximus) (580-662) olmuşdu. O da təqiblərə məruz qalmışdı. Onun fikrincə İsada insan iradəsi var idi. O hərəkət edərək seçim qarşısında qalanda isə o, İlahi iradəyə tabe olurdu.
Nəhayət bu mübahisələrə son qoymaq üçün imperator Konstantinus (Constantinus) Konstantinopolisdə VI Ümumdünya Kilsə Məclisi yığmışdı və bu məclisdə monofelit əqidəsi heres elan edilmişdi.
Müəllif: Aydın Əlizadə (fəlsəfə elmləri doktoru)
Mənbə:«Xristianlıq, tarix və fəlsəfə» kitabı