Rəsmi xristian təliminin yaranması

Rəsmi xristian təliminin yaranması

Kappadokiyalı kilsə ataları

IV əsrdə Xristianlıq artıq bütpərəstlik üzərində tam qələbə çalmışdır və Roma imperiyasının rəsmi dövlət dininə çevrilmişdir. Arianlıqla Atanasiosun ardıcılları  arasında gedən çəkişmələr zamanı Roma imperiatorları müxtəlif dövrlərdə öz siyasi maraqlarını rəhbər tutaraq bu iki cərəyanı dəstəkləyirdilər. Lakin sonda Atanasiosun ardıcılları, yəni Atanın oğulla bir ma hiyyətə malik olması  doktrinası tərəfdar ları qalib gəlmişdilər. Məhz bu cərəyan dövlət tərəfindən tanınmış və imperiyanın rəsmi Kilsəsini təşkil etmişdi. Bütpərəstlərlə birlikdə bütün başqa xristian cərəyanları və təriqətləri qadağan olunmuş, onların tərəfdarları isə təqiblərə məruz qalmışdılar.

Bu proseslərlə bərabər, rəsmi xristian Kilsəsinin ideologiyası da yaranmaqda idi. Dini ehkamların sabitləşməsi, onların fəlsəfi əsaslarının işlənməsi,sistemləşdirilməsi işi imperiyanın həm Şərqində, həm də Qərbində gedirdi. Şərqdə bu işi İsgəndəriyyəli Atanasios, Kesariyalı Basilios, Nazianzlı Qreqorios və Nissalı Qreqorios və Yohannes Xrisostomos adlı kilsə ataları etmişdilər. Onlara “kappadokiya ataları” deyirdilər. Qərbdə isə bu iş Mediolanlı Ambrosius, Stridonlu Hiyeronimus, Avqustinus və Böyük Qreqorios tərəfindən aparılmışdır. Bu dövrün patristikasına neoplatonizm ideyaları çox böyük təsir göstrəmişdir.

Kesariyalı Basilios (Basileios Kaisareias) 
Basileios KaisareiasKesariyalı Basilios (330-379) kappadokiyalı Kilsə atalarından biri idi. O abid həyat keçirirdi, sonra isə Kappadokiyanın Kesareya şəhərinin yepiskopu olmuşdur. Arianlara qarşı mübarizə aparırdı. Onun əsərləri arasında homiletik üslubda yazılanlar, xüsusi yer tutur. Bu üs-lubda Basilios, Bibliyanın «Varlıq» kitabının əvvəlində bəhs edilən Tanrının altı günə dünyanın yaradılmasına, «Zəbur» Kitablarına, müxtəlif əxlaqi mövzular haqqında homiliyalar yazmışdır. Abidliyə həsr olunmuş əsərləri arasında «Regu-lae morales» (Əxlaqi qaydalar), «Asceticon mag­num sive Quaestiones» (Qısa qaydalar) kimi əsərləri vardır. Bundan başqa onun arianlığın əleyhinə yazdığı «Contra Eunomium» (Eunomiuma qarşı) əsəri və «De Spiritu Sancto» (Müqəddəs ruh haqqında) risaləsi vardır.Öz əsərlərində Basilios bəzi hallarda antik fəlsəfəyə müraciət edir. Birinci növbədə bu cür müraciətlər, onun «Homiliae in hexae­meron» əsərindəki kosmoloji baxışlarına aiddir. Burada o Platonun «Timeus» (Timaeus)  əsərindən istifadə etmişdir. 

Basilios hesab edirdi ki, üç sifəti bir olan Tanrı əbədidir, dəyişməzdir, dərk olunmazdır. Antik fəlsəfədə Tanrının materiya ilə birgə əbədi mövcudiyyəti ideyasını Basilios rədd edir. Onun fikrincə, yaradılan hər şeyin həm mövcud olması (aktivliyi), həm də nəzərdə tutulan inkişafı (potensiyası) vardır. Deməli yaradılış, yunan fəlsəfəsində olduğu kimi, əvvəlcə materiyanın, sonra isə ondan müxtəlif formaların əmələ gəlib, yayılması istiqamətində getmişdir.

Yunanlar xristianlara etiraz edərək, «Tanrı yaradılışdan öncə nə edirdi?» sualına cavab verərək deyirdi ki, Bibliyada deyilən «Başlanğıcda Tanrı yeri və göyü yaratdı...»  ifadəsini zamanın daxilində yaradılış kimi başa düşmək olmaz. «Başlanqıcda…» sözü də zaman mənasında başa düşülməməlidir. Buna görə «Tanrı yaradılışdan qabaq nə ilə məşğul idi» sualını vermək düzgün deyil. Zaman da, başqa şeylər kimi, yaradılmışdır və yalnız bu dünyaya aiddir, Tanrıya yox. Deməli «Yaradılış» kitabının əvvəlində dünyanın birinci gün yaradılması ifadəsi, bir prinsip kimi başa düşülməlidir. Sonra yaradılışlar isə bu “günün” nəticəsi, davamıdır.

Daha sonra Bibliyada keçən “yaradılışın 6 günü” sözlərini də hərfi mənada başa düşmək olmaz. Bu yalnız simvolik, insan şüuruna uyğun bir ifadədir. Onun mahiyyəti isə dərk olunmazdır.

Basilios, öz əsərində, insanın yaradılışına da xüsusi yer verir. O insanda Tanrı obrazının həkk olunması haqqında söhbət açır. İnsan hər bir şeyin mərkəzində yerləşdirilir, ən yüksək məxluqdur.

Basiliosun kosmologiyasında göylərin çoxluğu ideyası vardır. Birinci göy yeri əhatə edir. İkinci göydə ruhi varlıqlar yaşayır. Bu məlakələr və ölən möminlərin ruhlarıdır. İnsan mənəviyyatının mənbəyi məhz budur. İlk insan da məlakələrə bənzər varlıq idi, baxmayaraq ki, bədənə malik idi. Lakin onun günaha batması (qadağan olunmuş ağacın meyvəsini yeməsi), duyğular aləmindən yerə endirilməsinə səbəb oldu. Lakin, insanda Tanrının obrazı vardır. Tanrı ona əql verib. Buna görə də insan öz ruhunu bədənə bağlılıqdan, ehtiraslardan təmizləyərək (katarsis), itirilmiş İlahi bənzərliliyini özünə qaytarmalıdır. Üçüncü göy isə əqlin dərk etmədiyi İlahi bir məkandır. «Üç göy» ideyası neoplatonizmin Vahid-Əql-Ruh üçlüyünü və onlar arasında olan münasibətləri təkrarlayır.

Arianlığın əleyhinə yazılmış «Eunomiuma qarşı» əsərində, Basilios, Eunomium adında bir arianın fikirlərini təkzib edirdi. Eunomiumun fikrincə, bu dünyada Tanrının dərk edilməsi prosesi, onun yaratdığı məxluqat haqqında düşüncələrin əsasında, yaxud Onun təcəllilərinin vasitəsi ilə əldə etmək olar. Lakin bu bilgi simvolik xarakter daşıyır. Eunomiumun fikrincə, Tanrı haqqında bilavasitə bilik də əldə etmək mümkündür. Buna İlahi mahiyyəti olan əqlin təmizlənməsi və yüksəlməsi vasitəsi ilə nail olmaq olar. Bu halda, Tanrının heç kəs tərəfindən doğulmaması bəlli olur. İsa da ondan doğulmayıb, onun məxluqudur. Deməli o, Tanrı deyil.

Bu arian fikrinin əleyhinə çıxış edən Basilios, Eunomiuma cavab verirdi ki, insan əqli, Tanrının əsl mahiyyətini heç bir vaxt dərk edə bilməz. Tanrı transsendental olaraq qalır. Dünyanı yaradanda isə o öz sözündən (İsa-Loqosdan) istifadə etmişdi. Buna görə, bu dünyada Tanrı haqqında yalnız simvolik deyil, həm də həqiqi biliklərə nail olmaq olar. İsanın doğulmuş Oğul olması isə, onun məxluq olması demək deyil. Oğul Atadan doğulmuşdur. Onun yoxdan yaranması iddiası yanlışdır. O əbədi olaraq doğulmuş Oğuldur.

«De Spiritu Sancto» adlanan kiçik risalədə, Basilios Müqəddəs Ruhun Atadan və Oğuldan kiçik olmamasından söhbət açmışdır. Lakin onun birbaşa Tanrı olmasından danışmır. Bu inanc hələ onun dövründə formalaşmışdır və hətta Nikeya məclisinin qərarında öz əksini tapmamışdır. Üçlük (trinitarizm) formulası bundan sonra formalaşmışdır. Lakin Basilios işarə edir ki, əgər Müqəddəs Ruh həyatverici başlanğıcdırsa, onda o Tanrıdan fərqli bir şey deyil. İsa da hər bir şeyi Ruhun vasitəsi ilə etmişdir. Beləliklə xristian üçlüyünün formalaşmasında Basilios mühüm addım atmışdır.

Nazianzlı Qreqorios (Gregorios Nazianzenos) 
Gregorios NazianzenosNazianzlı Qreqorios (330-390) Basiliosun yaxın dostu olmuşdur, «Theologos» (İlahiyyatçı) adı ilə də tanınmışdır. O Nazianz və Sasima şəhərlərinin yepiskopu olmuşdur. Sonra isə imperator Feodosiusun (Theodosius) (346-395) dövründə Konstantinopolisin arxiyepiskopu olmuşdur və 381-ci ildə II Beynəlxalq Kilsə Məclisinin Konstantinopolisdə çağırılması təşəbbüsündə imperatora dəstək vermişdi və bu məclisin fəal iştirakçısı, sonra isə sədri oldu. Bu məclisdə o, arianlara və Nikeya Kilsə Məclisində qəbul edilmiş xristian dininin simvolunun tərəfdarlarına qarşı çıxış etdi. Məlum olduğu kimi, Nikeyada yalnız Atanın Oğulla eyni mahiyyətə malik olduğu müddəası qəbul edilmişdi. Müqəddəs ruh hələ bura daxil edilməmişdi. Məhz Konstantinopolis Kilsə Məclisində Xristianlığın əsasını təşkil edən trinitar (üçlük) simvolunun qəbul edilməsi prosesi sona çatmışdır. Nikeya simvolunun tərəfdarlarını isə bu Məclisdə İsgəndəriyyəli Pavlus təmsil etmişdi. Lakin onun mövqeyi rədd edilmişdi. İmperator Feodosius kappadokiyalı ataların mövqeyini dəstəkləmişdir. 

Qreqorios bir neçə əsər müəllifi idi. Onların arasında «De Theologia» (İlahiyyat haqqında sözlər) adlı moizələr, poetik əsərlər,məktublar vardır.

Öz əsərlərində Qreqorios ilk növbədə Tanrının dərk edilməsininmümkünsüzlüyü haqqında yazırdı. Tanrı onun əsərində neoplatonizmin vahidinə daha da yaxındır və yaradılışdan mütləq olaraq uca məkanlardadır. Onun sözü olan İsa, dünyaya cismani şəkildə gəlmişdir. Onun gəlişi bir qayaya bənzəyir. Bu qaya Tanrının hər şeyi dağıtmaq qüdrətində olan nurunun açıq parlanmasından dünyanı qoruyur. Yeni platoçular kimi, Nazianzlı Qreqorios da hesab edirdi ki, Tanrı ruhdur. İnsanda Onunla rabitə yaradan İlahi ruhun hissəcikləri vardır. Bu da insan ruhudur ki, onun vasitəsi ilə hər bir kəs Tanrıya doğru yönələ bilər.

Lakin Tanrının dərk olunmamasından danışan Qreqorios, eyni zamanda, axirətdə möminlərin Tanrını görmək qabiliyyətində olması haqqında fikir irəli sürmüşdür.

Tanrının transsendentliyindən danışan Qreqorios, Onu duymağın, Onunla görüşün mümkün olmasını da təsdiq edirdi. Çünki Tanrı şəxsiyyətdir, hər bir insan Onun varlığını duyur, lakin mahiyyətinə vara bilmir.

Daha sonra Qreqorios Ata-Oğul cütlüyünə Müqəddəs Ruhu da əlavə edərək, Tanrının bu üçlükdən ibarət olduğunu iddia etmişdi. Müqəddəs Ruh da onlarla vəhdət təşkil edir. Bu üçlüyün hər bir şəxsi hipostasis adlanır. Onlar vəhdət təşkil etsələr də, hərəsinin öz xüsusiyyətləri vardır. Yəni Ata, Oğulun Atasıdır; Oğul, Atanın Oğludur; Ruh isə Atadan çıxan Oğulun Ruhudur. Ruh məxluq deyil. Gələcəkdə Katolik Kilsə Müqəddəs Ruhun “həm də oğuldan” (filioque) çıxmasını iddia etmişdir. Bu məsələ ortodokslarla (pravoslavlarla) katoliklərin arasında böyük ixtilafa səbəb olmuşdur.

Qreqorios xristioloji problemlərə aid olan mübahisələrdə də iştirak etmişdir. Ondan qabaq İsanın Loqos olması və Tanrı ilə vəhdət təşkil etməsi; onun Oğul olması haqqında ehkamlar qəbul olunmuşdu. Lakin sonra, İsada eyni zamanda insani və İlahi təbiətin necə, və hansı nisbətdə yer tutması problemi ortalığa çıxdı. O zamanlar bir xristian ideoloqu — Laodikiyalı Apolinarios, İsanı insan bədəninə girmiş Tanrı kimi təsəvvür edirdi. Lakin ona qarşı çıxış edən Qreqorios, onun insan olduğu haqqında fikir irəli sürmüşdür. Yəni İsa əvvəl bədəni olmayan Tanrının oğlu idi, lakin sonra o insan kimi dünyaya gəldi, insan oldu, lakin onda İlahi mahiyyət də var idi.

Nissalı Qreqorios (Gregorios Nysses) 
Gregorios NyssesKappodokiyalı ataların üçüncü nümayəndəsi Nissalı Qreqorios (335-394) olmuşdur. O Kesariyalı Basiliosun kiçik qardaşı idi və Nissa şəhərinin yepiskopu olmuşdur. 381-ci ildə o, Konstantinopolisdə keçirilən Ümumdünya Kilsə məclisində iştirak etmişdir.

Nissalı Qreqorios bir neçə kitab müəllifi olmuşdur. Onlardan bəziləri: «De vita Moysis» (Musanın həyatı haqqında), «InHexaemeron» (Dünyanın altı günə yaranması), «De hominis opificio» (İnsanın quruluşu haqqında), «Quod non sint tres Dii – adAblabium» (Tanrının üç olmaması haqqında Ablabiya müraciət), «Logos katechetikos megas» (Böyük katehesis).

«Quod non sint tres Dii – ad Ablabium» əsəri arianlara qarşı yazılmışdır. Bu əsərdə Qreqorios, başqa kappadokiyalı atalar kimi, Ata, Oğul və Müqəddəs Ruhun bir birindən fərqlənməsinin zərüri olması haqqında yazmışdır. Onun əsas məqsədi — İsanın ilahi təbiətə malik olmasını sübuta yetirmək idi. Yalnız bundan sonra o, Oğulun Ata ilə birlik təşkil etməsi ideyasını hallandırmışdır. Beləliklə Tanrının birliyi Üçlüyün mövcudluğundan çıxarılırdı. Qərbdə isə Avqustinus Avrelius öz mülahizələrini əks istiqamətdə aparır dı.O əvvəl Tanrının birliyini təsdiq edib, sonra isə ondan Üçlük ideyasını meydana gətirirdi.

Lakin Üçlük ideyasına görə kappodokiya atalarını üçtanrılıqda ittiham edirdilər. Buna görə də Qreqorios «Quod non sint tres Dii – ad Ablabium» əsərində yazırdı ki, əslində bu həqiqətə uyğun deyil. Onun fikrincə Tanrı vahid enerjiyə malikdir. Eyni zamanda bu enerji üçə bölünür. Lakin Üçlüyün hər bir üzvü başqasından müstəqil şəkildə heç nəyi yaratmır. Buna görə də üç sifəti olan Tanrıya iman, üçtanrılılıq demək deyil. Üçlük vəhdət təşkil edir.

«Apolinariosa qarşı» risaləsində Qreqorios, İsanın eyni zamanda ilahi və insani mahiyyətə malik olması haqqında yazmışdır. İsanın mahiyyəti bir, təbiəti isə ikidir.

Dünyanın yaradılması məsələsində Qreqorios hesab edirdi ki, Tanrı varlıqları yaradaraq, eyni zamanda, onların inkişaf imkanlarını (potensiyasını) da təbiətlərinə salmışdı. Bu ideya platonizmə uyğundur, çünki onlar da hesab edirdilər ki, hər şeyin inkişaf imkanı vardır, sonra isə bu imkanlar gerçəkləşir. Lakin bu imkanlar əvvəlcədən Loqosda, ona tabe olunmuş şəkildə, yerləşir. Bu imkandan gerçəkləşən hər şey, Tanrı tərəfindən əvvəlcədən təyin edilmiş məqsədə qulluğ edir. Tanrının altı günə dünyanı yaratmasını, Qreqorios Müqəddəs Kitabın bir təvili, alleqoriyası kimi başa düşürdü.

«Logos katechetikos megas» əsərində Qreqorios insanı ən yüksək məxluq hesab edir, o Tanrıya bənzər vucudda yaradılmışdır, ölməzdir. İnsan əvvəlcədən bütün İlahi nemətlərin daşıyıcı kimi Tanrı tərəfindən həyata gətirilmişdir. Lakin sonra o, günaha batmışdır və bu nemətləri itirmişdir. Dünya yaradılanda, insan Tanrı ilə dünya arasında bir vasitəçi idi. İnsanın günaha batmasından sonra isə dünya Tanrıdan təcrid olunmuşdur. Lakin günahdan sonra da insan Tanrıya bənzər surətini və onunla rabitəni itirməmişdir. Bu rabitə onun azad olmasındadır.

«De hominis opificio» risaləsində Qreqorios Adəmi təkcə bir insan kimi təsəvvür etmir. Adəm, eyni zamanda, bütün bəşəriyyətin təcəssümüdür. İsa isə yeni Adəmdir. Onun gəlişindən sonra Kilsə yaranmışdır. İsa, Tanrının obrazını gerçəkləşdirən, Kilsənin başçısıdır. Bütün iman edən insanlar onun bədənini təşkil edir. Yalnız bu bədənin üzvləri olan insanlar, günah nəticəsində itirilmiş İlahi obrazı yenidən özlərinə qaytara bilərlər. Qreqoriosa görə Tanrı insanı kişi və qadın kimi ikili yaradıb. Lakin cənnət ağacından meyvəni yeyib günaha batana qədər, Adəm və Həvva bir-biri ilə cinsi yaxınlıq etməmişdilər. Yalnız bu günahdan sonra onlar cinsi fərqlərini dərk etmişdilər. Bizim yaşadığımız dünya Tanrının nəzərdə tutduğundan və planlaşdırdığından fərqlənir. Bunun səbəbi yenə də ilk günahdadır. 

Dünyada olan şəri Tanrı yaratmayıb. Şər — xeyrin olmamasıdır, xeyrdən onun çəkilməsidir. Adəm və Həvva o günaha, öz azad iradələrini düzgün istiqamətə yönəltmədiklərinə görə, batıblar. Tanrı onları buna məcbur etməmişdir. Tanrı ölümü buna görə yaratmışdır, yəni ölüm də ilk insanın günahının nəticəsidir. İnsanın xilası isə, insan şəklində dünyaya gələn Tanrı tərəfindən təmin edilir (yəni İsa nəzərdə tutulur).

Beləliklə Qreqorios belə nəticəyə gəlir ki, bütün bəşəriyyəti özündə cəmləşdirən Adəm, günah edərək onu tənəzzülə uğratmışdır. Yeni Adəm isə İsadır. O, öz bədəni olan kilsə vasitəsi ilə, günaha batmış bəşəriyyəti xilasa doğru aparır.

Daha sonra, Qreqorios, çarmıxa çəkilən İsanın özünü qurban verməklə, bəşəriyyətin günahlarının bağışlanması haqqında maraqlı fikirlər ifadə etmişdir. Onun fikrincə bu qurban Tanrıya deyil, şeytana verilmişdir. Məsələ bundadır ki, şeytan, Adəmi aldadaraq, onu cənnət ağacından meyvəni yeməyə təhrik etmişdir. Buna cavab olaraq İsa özünü qurban verməklə şeytanı  aldatmışdır. Yəni şeytan, bu dünyanın hökmdarı olaraq, öz hakimiyyətini daha da qiymətli bir şeyə dəyişdirə bilərdi. Bu daha da qiymətli bir şey isə İsa olmuşdur. Onun möcüzəvi şəkildə dünyaya gəlməsi, göstərdiyi möcüzələri şeytan üçün dözülməz idi. O İsanı məhv etmək istəyirdi. Lakin şeytan anlamamışdır ki, İsa ondan daha qüvvətlidir, çünki əslində onun zahiri insan vücudu arxasında Tanrının qüdrəti vardır. Eyni zamanda onu qeyd etmək lazımdır ki, rəsmi kilsə təliminə görə İsa bəşəriyyətin günahlarının bağışlanması üçün özünü Tanrıya qurban vermişdir. Lakin buna baxmayaraq Qreqorios, İrineus, Origenus və Avqustinusun əsərlərində “Şeytanın aldadılması” ideyasına rast gəlmək olar.

Beləliklə Tanrı bəşəriyyəti qurban vasitəsilə xilas etmişdir. Xristian təliminə görə, Tanrı insanı ən yüksək bir məxluq kimi yaratmışdı. O eyni zamanda Tanrının oğlu və dostu olmalı idi. Lakin sonra insan bu təbii rabitəni itirmişdi. Buna görə də Ümumdünya fəlakəti baş vermişdir və insan şeytan tərəfindən əsarətə alınmışdır. Beləliklə Tanrı təhqir olunmuşdur. Buna görə də şeytan əsarətindən xilas olmaq işini Tanrının özü görmüşdür. O insanın azadlığını saxlamaq şərti ilə, onu əsarətdən qurtarmışdı. Bu fikirlər qnostisizmə yaxındır.

Qreqorios hesab edirdi ki, insan həyatının məqsədi Tanrıya tərəf yönəlmək, ona tərəf yüksəlməkdən ibarətdir. Bu yüksəlmə üç pilləlidir, lakin onların biri-birinin arxasınca ardıcıl gəlməsi şərt deyil. Bu fikirlərini  Qreqorios «De vita Moysis»  kitabında ifadə etmişdir.

Birinci pillə təmizlənmədir (katarsis). Bu mərhələdə insan, özünü Tanrıdan uzaqlaşdıran hər bir şeydən təmizlənməlidir. Bu ideya stoitsizmdən alınmışdır.

İkinci pillədə, ehtiraslardan təmizlənmiş şüur ətraf mühiti başqa keyfiyyətdə görüb, dərk edir. Buna “təbii görmə” qabiliyyəti deyilir. Dünyanı bu cür görən insan hər şeydən daha da səmərəli istifadə edə bilər. Bu cür görüş hər şeyin mahiyyətini dərk etmə, həyatdan həzz alma imkanları verir.

Üçüncü mərhələ isə Tanrını dərk etmək, Onu görməkdir. Buna Qreqorios teosis deyir. Adi halda Tanrını görmək mümkün deyil. Ona görə də buna nail olmaq üçün, insan bir növ “özündən çıxmalıdır”, əqlin ona lazım olmamasının dərk edilməsi səviyyəsinə çatmalıdır. Bu cür hissiyyat o qədər qeyri-adidir ki, Qreqorios onu ifadə etməyə çətinlik çəkmişdir. O, bu halı “ayıq olaraq sərxoş olma” adlandırmışdı. Yəni ətrafda hamıya elə gəlir ki, adam sərxoşdur, lakin əslində o, Müqəddəs Ruhdan ilham alır. Qreqorios bu halı, Əhdi-Ətiqdə rəvayət edilən həvarilərin hallarına bənzədirdi. Bu ideyalar şübhəsiz neoplatonizmdən alınmışdır.

Yohannes Xrisostomos
Yohannes XrisostomosYohannes Xrisostomos (Ioannes Chrysostomos) (344-407) kilsə atalarının ən tanınmışlarından biri idi. O Suriyanın mərkəzi şəhəri olan Antioxiyada anadan olmuşdur və orada təhsil almışdır. Sonra o, bir müddət rahib həyatı yaşamışdır. Daha sonra isə o, Antioxiyada keşiş olmuşdur. 397-ci ildən sonra Yohannes ən yüksək xristian rütbəsinə nail olmuşdur. O  Konstantinopolisin patriarxı olmuşdur. Lakin onun imperatorla ixtilafı yarandıqdan sonra o, 402 ildə bu vəzifədən azad olunmuşdu.

Yohannes Xrisostomos çoxlu kitab müəllifi olmuşdur. Onların böyük əksəriyyətini homiliyalar təşkil edirdi. Ümumiyyətlə isə o, Müqəddəs Kitabın yozulması(ekzegetika) ilə tanınmışdır. Onun fikrincə, dörd İncilin müxtəlif müəlliflər tərəfindən, birbirindən müstəqil olaraq, müxtəlif vaxt və məkanda yazılması, orada olan rəvayətlərin həqiqiliyinə dəlalət edir. Hətta onların arasında olan ziddiyyətlər də bu həqiqəti təsdiq edir. Çünki bu o deməkdir ki, İncilləri yazan müəlliflər bir-biri ilə ittifaqa girmədən eyni şeyləri yazmışdılar. Bu ziddiyyətləri, Yohannesin fikrincə, nəzərə çarpacaq qədər ciddi hesab etmək olmaz. 

Yohannes arianlara qarşı da çıxış et mişdi. Burada o kappadokiyalı müqəddəs ataları təkrarlayırdı. İsada eyni zamanda İlahi və insani mahiyyətin hansı şəkildə bir-biri ilə uyğunlaşması məsələsində Yohannes dəqiq bir fikir söyləməmişdir.

Xristian təlimində ən mühüm problemlərdən biri “ilk günah” problemidir. Yohannesin fikrincə, bunun nəticəsində bəşəriyyət günahlara və ölümə düçar olmuşdur. İsanın gəlişi isə xilasedici olmuşdur. Ona iman edən xristianların günahları bağışlanmışdır və onlara gələcəkdə əbədi həyat vəd edilmişdir.

Yohannes Xrisostomos var-dövlətə qarşı çıxış edirdi, müxtəlif kilsələri və Kilsə xadimlərini şiddətli tənqid atəşinə tuturdu. Kilsələr insanın ruhunu zənginləşdirməlidir, binaların daxilini yox. Dünya malı insanlar arasında qeyri-bərabərliyə səbəb olur, deməli ədalətsizliyin əsasını təşkil edir. Yohannesin fikrincə, əgər hər şey Tanrıya məxsusdursa, onda xristianlar “bu mənimdir, bu isə sənin” sözlərini dilə gətirməməlidirlər.

Keşiş zümrəsini imperatorun hakimiyyətindən yüksək sayan İoann, dövlətin kilsə işlərinə müdaxilə etməsi cəhdlərinin əleyhinə çıxış edirdi. Dövlət isə günahın nəticəsidir. Dövlətin verdiyi cəzaların əksinə olaraq, Kilsə mərhəmət prinsipindən çıxış edir.

Yohannes Xrizostom əsasən əxlaqi məsələlərə həsr olunan bir çox əsər müəllifi olmuşdur. Ən tanınmış əsərlərinin biri  «Peri hierosynes» adlanan keşişlər haqqında kitabdır. Bundan başqa onun homiliyaları, məktubları, Bibliya kitablarına yazılmış şərhləri kilsə xadimləri tərəfindən yüksək qiymətləndirilir.

Müəllif: Aydın Əlizadə (fəlsəfə elmləri doktoru)
Mənbə:«Xristianlıq, tarix və fəlsəfə»  kitabı    

Top