II-III əsrlərdə xristian mütəfəkkirləri təkcə bütpərəstlərlə deyil, eyni zamanda öz sıralarında olan müxtəlif mistik təlimlərə qarşı mübarizə aparmaq məcburiyyətində də qalmışdırlar. Bu təlimlərdən formalaşmada olan xristian ortodoksiyanın ən ciddi rəqibi qnostisizm idi.
Qnostik təlimlərə qarşı çıxış edən mütəfəkkirlərdən biri imperator Markus Aureliusun dövründə Lion şəhərinin yepiskopu olmuş
İrineus (Irenaeus) olub. «Contra haereses» (Yereslərə qarşı) risaləsində, İrineus qnostik təlimlər haqqında kifayət qədər ətraflı məlumat verərək, onlara qarşı öz mülahizələri ilə çıxış etmişdir.
İrineus, Tanrının dərk edilməsindən və hər şeydən uca olmağından söhbət açaraq, qnostiklərin dünyanın yaradılışı ilə bağlı konsepsiyalarını rədd edirdi. O yazırdı ki, qnostiklərin dünyanın yaradılışı prosesinin təsəvvür edilməsi cəhdləri uğursuzluğa məhkumdur. Bunu sözlə ifadə etmək olmaz. Bu mövzu ilə bağlı, İrineus qnostiklərin alleqoriya və analogiyalara ifrat dərəcədə əl atmasını şiddətli tənqid edirdi.
Sonra İrineus qnostiklərin varlıq haqqında fikirlərini tənqidlərə məruz qoyub, rədd etmişdir. Belə ki, qnostik Valentinususa görə həqiqivarlıq Tanrını və onun emanasiyalarını (eonları) əhatə edən pleromadır. Maddi dünya isə, həqiqi varlıq deyil. Ona kenoma deyilir. Burada İrineusa görə ziddiyyət vardır. Çünki əgər pleroma əsl varlıqdırsa, o hər şeyi əhatə etməlidir. Deməli bu halda kenoma anlayışı üçün yer qalmır. Əksinə, kenoma pleromanı əhatə edirsə, onda, o əsl varlıqdır.
İrineus qnostiklərin Tanrını şərin mövcud olmasına görə, məsuliyyət daşımasından qurtarmaq (teodiseya) cəhdlərini də rədd edirdi. Məlum olduğu kimi, qnostiklərin təlimində Tanrı şəri yaratmamışdır, o eonların fəaliyyətinin nəticəsində dünyada mövcuddur; Tanrı isə yalnız xeyir işlərin yaradıcısıdır; O dünyanın işlərində iştirak etmir. İrineusa görə bu halda da ziddiyyət və məntiqsizlik yaranır. Məsələ bundadır ki, əgər kiçik eon (Demiurq) şər olan dünyanı Tanrının iradəsinə zidd olaraq yaradıbsa, onda deməli Tanrı qüdrətli deyil; əgər onun iradəsi və icazəsi ilə yaradıbsa, onda o şər Tanrısıdır. Lakin qnostik teodiseyasını rədd edən İrineus, bu məsələ haqqında öz mövqeyini açıqlamamışdır. Ümumiyyətlə şərin təbiəti və Tanrının onun mövcud olmasına görə məsuliyyət daşıyıb daşımaması məsələsi Xristianlığın ən çətin problemlərinin birinə çevrilmişdir və onu son olaraq heç kim həll edə bilməmişdi.
Qnostik panteizmi rədd edən İrineus, kreasionizm pozisiyasından çıxış edirdi. Yəni təbiət Tanrı tərəfindən yaradılıb, qnostiklərin öyrətdiyi kimi, Onun emanasiyası deyil. Təbiət ahəngdədir və gözəldir. İnsanı isə bədbəxt edən onun öz iradəsidir. Onun bədəni heç də şər deyil, çünki onu Tanrı öz surətinə bənzər yaradıb. İnsanın əsl varlığını təmin edən amil təkcə ruh deyil, həm də bədəndir. Ruh bədənə həyat verir və həyat olaraq ölməzdir. Şüur isə ruhun təbii xüsusiyyətidir.
İrineusa görə insan kamil məxluq deyil və həqiqətə özbaşına çata bilməz. Özünə arxalanan insan, qnostiklər kimi, həqiqətə çata bilməz. Həqiqi bilik və əqidə əvəzinə ibtidai fantaziyalarının əsirinə çevrilər. Həqiqəti isə Tanrının özü kilsə vasitəsi ilə insanlara çatdırır. Buna görə həqiqi biliyə gətirən yeganə yol imandan başlayıb, sonra isə kilsədən keçir. Bu konsepsiya bu günə qədər rəsmi xristian kilsəsi tərəfindən dəstəklənilir. Beləliklə, İrineusa görə, həqiqi bilik (qnosis) İsanın həvarilərinin təlimidir.
Antik fəlsəfəni çox yaxşı bilən, İrineusun tələbəsi olan, III əsrdə yaşayan, Roma presviteri olan Hippolitus də qnostiklərə qarşı çıxış etmişdi. «Philosophumena kata pason haireseon elenchus» (Bütün hereslərin təkzib edilməsi) adlı əsərində Hippolitus qnostisizmin mənbəyinin İlahi vəhy deyil, bütpərəst mifologiyasının olduğunu sübut etməyə çalışmışdır. Onun fikrincə, hətta qnostik təlimlərinin əsasını bütpərəst fəlsəfələrdən çox mövhumatlar təşkil edir. Ona görə də Hippolitus bu təlimlərin şübhəli olması və həqiqətə uyğun olmaması qənaətinə gəlir. Bütpərəst fəlsəfəsinin bütün müsbət cəhətləri isə qnostisizmə deyil, xristian kilsəsinin təliminə uyğundur. Sonda isə Hippolitus qnostiklərin xristianları na danlıqda ittiham etməsinin heç bir əsasının olmadığı qənaətinə gəlir.
Bütün yuxarıda göstərilən fikirləri əsaslandırıb sübuta yetirmək üçün Hippolitus, əsərlərində müxtəlif fəlsəfi təlimlərin, mövhumatların və miflərin tarixi haqqında çox qiymətli məlumatlar verir. Bu məlumatlar bir çox hallarda müasir zamanda antik fəlsəfə tarixinə aid olan yeganə informasiya mənbəyidir.
Hippolitus öz əsərində Plato fəlsəfəsinin bir çox müddəaları ilə razılaşır, lakin onun kosmoqoniyasını, ruhların köçməsi inancını, Tanrı ilə materiyanın əzəldən mövcud olması ideyasını rədd edir. Hippolitusun qənaətinə görə, Plato fəlsəfəsi Xristianlığa daha yaxındır. Aristotelin fəlsəfəsində isə Xristianlığa yaxın olan müddəalar Plato fəlsəfəsi ilə müqayisədə bir qədər azdır.Bütpərəst filosofları Hippolitus üç hissəyə bölür:
1. Fizioloqlar (naturfilosoflar). Bu kateqoriyaya Sokratdan əvvəl yaşamış filosoflar aid edilir.
2. Etoloqlar (əxlaqçılar). Plato və Sokratla təmsil olunurlar.
3. Dialektiklər (məntiqçilər). Bu kateqoriyaya Aristotel və stoiklər daxildirlər. Hippolitusun fikrincə skepsisizm və epikurçuluq fəlsəfəsi Xristianlığa zidd olan təlimlərdir və onları yuxarıda göstərilən heç bir kateqoriyaya aid etməmişdir.
Beləliklə, filosofların klassifikasiyasını verəndən sonra, Hippolitus yazırdı ki, qnostik təlimlərdə bir az fəlsəfə varsa da, o qədim filosoflardan alınıb, və sonra mövhumatlarla qarışdırılıb. Bunu sübut etmək üçün, «Philosophumena kata pason haireseon elenchus» kitabının dördüncü hissəsində Hippolitus, onun zamanında yayılmış mövhumatlar haqqında məlumat verir və magiya, astrologiya, nekromantiya kimi yalançı elmləri rədd edərək, qnostik təlimlərinin onlarla bənzər cəhətlərini vurğulayır. Nəticədə o yazır ki, qnostiklər öz ideyalarını bu mövhumatlardan alıblar.
Kitabının onuncu hissəsində isə Hippolitus “bütün hereslərə” qarşı öz dünyagörüşünü izah edir. İsanın təbiətinin (xristologiyanın) izah edilməsinə çox yer verir və burada o, subordionalizm (yəni Loqosun ataya tabe olması) prinsipinə üstünlük verir.
Hippolitusun dünyagörüşü sinkretik olmuşdur. Onun kosmoloji baxışlarında stoisizm fəlsəfəsinin elementləri müşahidə edilir. Onun fikrincə, dünya heç nədən Tanrı tərəfindən yaradılıbsa da, o bir bədənə bənzəyir. Əvvəlcə 4 substansiya yaradılmışdır: yer, su, hava və od. Onlar əbədidir və məhvedilməzdir. Sonra isə onlardan dünyada hər bir şey yaranmışdır. O şeylər məhvə və ölümə məruz qalır. Substansiya nöqteyi-nəzərindən ən sadə məxluqlar – oddan yaranan mələklərdir. İnsan ruhu od və havadan ibarətdir, bədəni isə torpaq və sudan. Hippolitus bu cür eklektik fikirləri, III əsrdə xristian ideoloqlarının bütpərəst fəlsəfəsinin müddəalarından istifadə etməsinin göstəricisidir.
Müəllif: Aydın Əlizadə (fəlsəfə elmləri doktoru)
Mənbə:«Xristianlıq, tarix və fəlsəfə» kitabı