Yustinus yunan fəlsəfəsini, müdrikliyi inkar etmirdi, lakin onları Xristianlığa nisbətən ikinci dərəcəli hesab edirdi. Fəlsəfə yalnız hakim zümrələr və alimlər üçündürsə, Xristianlığı bütün xalq başa düşür, və onun verdiyi iman insanların qəlbində özünə yer tapır. Filosofların müxtəlif kitabları və məktəbləri olduğu halda, Xristianlığın yalnız bir mənbəyi var – o da Müqəddəs Kitabdır. Müdriklik insan məhsulu olduğu halda, din Tanrı tərəfindən nazil edilib. Yustinu-sun fikrincə bütün bu amillər xristian müdrikliyidir.
Daha sonra Yustinus, Xristianlığın yunan fəlsəfəsinə nisbətən, daha da çox həqiqətə yaxın olmasını, onun qədimliyində görürdü. Yəni Bibliyanın peyğəmbərləri yunan filosoflarından öncə yaşamışdırlar və onların İlahi müdrikliyi yunanlara təsir edə bilərdi.
Beləliklə Yustinus yunan dünyagörüşü və fəlsəfəsində çoxlu müsbət cəhətlər görürdü. Onun fikrincə, orada Xristian ehkamları ilə üst-üstə düşən, və bu ehkamları təkrarlayan ideyalar vardır, məsələn: Tanrının birliyi, ruhun ölməzliyi, talenin mövcud olması və bunlar kimi başqa ideyalar. Lakin, bu müsbət halları xatırlayaraq, Yustinus, onların köklərini yenə də Xristianlıqda görür. O deyir: «…hər hansı xeyirli söz bizə, xristianlara məxsusdur». Beləliklə Yustinus hesab edirdi ki, Plato və digər yunan müdriklərinin ən qiymətli və xristian monoteizmi ilə uyğun gələn fikirləri, əslində onlardan da öncə yaşayan Bibliya peyğəmbəri tərəfindən deyilib. Yunanlar isə o fikirlərlə tanış olub, onları mənimsəmişdilər.
Filon fəlsəfəsində olduğu kimi, Yustinus da antik fəlsəfənin Loqosunu Tanrı ilə dünya arasında olan bir vasitəçi kimi qəbul edir. Onun fikrincə, Atanı (Tanrını) əqllə dərk edib, dillə ifadə etmək mümkün deyil. Müqəddəs Kitabda hallanan adları isə (Ata, Rəbb, Yaradıcı və s.) onun siması və ya şəxsiyyətinə deyil, hərəkətlərinə və təcəllilərinə aid edilə bilər. Deməli Ata tamamilə transsendent olaraq, dünya ilə rabitəsini Loqos vasitəsi ilə həyata keçirir. Məhz bu Loqos onun Oğludur və dünyanın yaradılışından öncə doğulmuşdur. Filondan fərqli olaraq, Yustinus üçün Oğul – İsadır, və o, əbədi olaraq Ata ilə vəhdət təşkil edirdi, sonra isə Ondan ayrıldı. Ayrılandan sonra, Atanın mahiyyətində və tamlığında heç bir əksiklik və yaxud başqa dəyişiklik baş verməmişdir. Bu proses, Yustinusun fikrincə, insan tərəfindən deyilən sözə, cümləyə bənzərdir. Loqosun Atadan doğulması işığın bir məşəldən digərinə ötürülməsi kimidir. Yustinusun fikirləri bir çox hallarda VI əsrdə formalaşan ortodoksal xristian inancı ilə üst-üstə düşürdü. Lakin onun dövründə hələ heç bir rəsmi xristian ilahiyyatı yox idi.
Beləliklə Yustinus, yunan fəlsəfəsinin bəzi müddəalarının Xristianlıq tərəfindən mənimsənilməsi və həzm edilməsi ənənəsinə qədəm qoyan ilk mütəfəkkirlərdən biri olmuşdur. Sonra bu ənənə Klemens, Origenus, Laktantius və Boetsius tərəfindən davam etdirilmişdir.
Yustinusdan fərqli olaraq, Xristianlığın başqa bir məşhur apologeti Tatian (125-175) kəskin surətdə yunan ənənəsi, mədəniyyəti və fəlsəfəsinə qarşı çıxış edirdi. O yazırdı: «Siz (bütpərəstlər) müdrikliyi hissələrə parçalamısınız və özünüzü əsl müdriklikdən məhrum etmisiniz. Siz Tanrını tanımırsınız. Bir-birinizlə mübahisə edərək özünüzü təkzib edirsiniz». Yunanların və Romalıların müdrikliyini rədd edərək Tatian onlara qarşı “barbarların müdrikliyini” ortalığa qoyur. Onun fikrincə “barbarların müdrikliyi” öz sadəliyi, beynəlmiləlliyi, birliyi və əxlaqı ilə fərqlənir. Yunan və Roma filosoflarının təlimləri ilə həyat tərzləri və əməlləri arasında bir çox hallarda fərqlər var idi. Məsələn, Diogen acgözlülüyün ucbatından ölmüş, Aristip isə əxlaqsız həyat sürürmüş.
Ümumiyyətlə, Tatianın fikrincə, yunanlar hər bir müsbət şeyi başqa xalqlardan götürüb, sonra onları mənimsəyiblər, özlərinki hesab ediblər. Onlar əlifbanı finikiyalılardan, tarixi — misirlilərdən, münəccimliyi — babilistanlılardan götürüblər. Fəlsəfəni isə yunanlar yəhudilərdən alıblar, sonra isə ona əlavələr ediblər. Lakin bu əlavələr əslində səhvlərdir, yanılmalardır. Nəticədə isə yunanların əlində fəlsəfə öz əsl mahiyyətini itirib.
Tatianın dünyagörüşü, ümumiyyətlə, Yustinusun dünyagörüşü kimi idi. O da, Tanrının birliyini, Loqosun (İsanın) Atadan doğulmasını qəbul edirdi. Trititanizm (Tanrının üç sifətdən ibarət olması) haqqında Tatian heç bir şey deməmişdi, çünki bu ideya onun zamanında hələ aktual məsələyə çevrilməmişdi.
Qeyd etmək lazımdır ki, antik mədəniyyəti rədd edən Tatian, bəzi hallarda ortodoksal Xristianlığa da zidd fikirlər səsləndirirdi. Məsələn, o hesab edirdi ki,insan ruhu bədənə bağlı olduğuna görə təbiətcə bu dünyanın məhsuludur. Ona görə də ruh bədənlə bir yerdə məhv olur. Hətta Tatian ruhu “zülmət” adlandırırdı. Burada qnostiklərin təsiri hiss edilir. Eyni zamanda, onun fikrincə, ruhdan başqa insanın mənəviyyatı da vardır. Bu mənəviyyat insan təbiətinə daxil deyil, bir başa İlahinin lütfüdür.
Daha sonra Tatian qiyamət günü və dirçəlmə ideyalarını qəbul edərək, onları ortodoksal Xristianlıqdan fərqli tərzdə yozurdu. O, he-sab edirdi ki, Tanrı hər şeyi məhv edəndən sonra yenidən dünyalar yaradacaq və həyat yenidən davam edəcək. Sonra o dünyalar da məhv olub yeni dünyalar yaranacaq, və bu proses sonsuzluğa qədər davam edəcək.
Bu cür fikirlərə görə Tatian rəsmi kilsə tərəfindən pislənmişdir və onu heretiklərin sırasına daxil etmişdirlər. Buna baxmayaraq, Tatianın apologetikada müstəsna rolu olub. Onun bir çox fikirləri gələcəkdə xristian filosofları tərəfindən qəbul edilib, inkişaf etdirilmişdir. Məsələn, Tatian düşünürdü ki, təbiət və insan təbiəti əslində şərdir və Tanrının lütfü olmasa, adamları ölümə aparır. Bu ideya sonralar Avqustinusun fəlsəfəsində mühüm yer tutacaq.
Daha bir tanınmış yunandilli apologet Afinoqor (Athenagoras) Xristianlığı qəbul etməmişdən öncə bir Afina filsofu olmuşdur. O II əsrdə yaşamışdır. O dövrdə Cənubi Qalliya və Afrika xristianları təqib olunurdu. Xristianları ateizmdə, dövlət dinindən imtina etməsində, sui-qəsdlərin hazırlanmasında, kannibalizmdə və başqa cinayətlərdə ittiham edirdilər.
Bu səbəbdən Afinoqor imperator Markus Aureliusa «Legatio pro christianis» (Xristianlar üçün xahiş etmə) apologiyasını yazmışdı. Bu əsərdə o, platoçuların və stoiklərin ideyalarından istifadə edərək, xristianlara bəraət qazandırmaq istəyirdi və onlar tərəfindən heç bir cinayətin işlənilməməsini sübuta yetirdi.
İlk növbədə Afinaqor xristianların güya ateist olduğu ittihamlarını təkzib edirdi. O, imperatora çox sadə dildə izah edirdi ki, xristianların yalnız bir olan Tanrıya iman etməsi heç də ateizm demək deyil. Daha sonra Afinaqor, yunan fəlsəfəsi tarixi ilə müqayisələr apararaq Platonun, Aristotelin və digər mütəfəkkirlərin də monoteist olduğu haqqında fikir irəli sürmüşdür. Məhz buna görə Xristianlıqla bəzi yunan filosoflarının ideyaları arasında uyğunluq və bənzərlik vardır. Deməli onların mənbəyi birdir və monoteizmdən əmələ gəlmişdir. Bu isə o deməkdir ki, monoteizm daha da tərəqqipərvər bir əqidədir. Nəhayət Afinaqor, dahi yunanların monoteist ruhlu fikirlərinin hörmətlə qarşıladığı halda, nəyə görə xristianlar həmən fikirlərə sadiq qalmalarına görə təqiblərə məruz qalmalı və ateizmdə ittihamlandırılmalıdırlar suallarını verir.
Lakin bu sualları verərkən, Afinaqor, özündən öncəki apologetlərdən fərqli olaraq, yunanların qədim yəhudi peyğəmbərlərinin fikirlərinin alınması haqqında heç bir şey demir, realist mövqeyindən çıxış edir. Afinaqora görə Tanrının varlığı və birliyi fikri təbiət haqqında düşüncələrdən də irəli gələ bilər. Dünya bir gəmidir, onu idarə edən isə sükançıdır. Düşüncəli insan həmən o sükançının varlığını başa düşməlidir. Lakin insanların əksəriyyəti gəmini sükançı ilə səhv salırlar və Tanrının yaratdığı məxluqata ibadət edirlər. Bəzi bütpərəstlərin sükançının var olduğunu anlaması Yaradıcı və məxluqatın arasında olan təbii rəğbətin olduğuna görə baş verir. Onu Afinaqor “bədii alov” adlandırır.
Afinaqor imanı düşüncə ilə zənginləşdirilməsinin zəruriliyini anlayan və bu istiqamətdə bir çox addımlar atan mütəfəkkirlərdən biri olmuşdur. Onun fikirləri təxminən 150 ildən sonra qəbul ediləcək rəsmi xristian doktrinası ilə əksər hallarda üst-üstə düşürdü və kilsə tərəfindən qəbul edilmişdi.
Tanınmış apologetlərdən biri də II əsrdə yaşayan Antioxiyanın yepiskopu olan Teofilus (Theophilus) olmuşdur. Onun əsli Mesopatamiyadan idi.
Teofilin dünyagörüşü Tatiana yaxın idi. Məsələn, o da hesab edirdi ki, yunanlar özlərinə aid edən hər bir yaxşı şeyi yəhudilərdən alıblar. Sonradan aldıqlarına yenilik gətirməklə onların mahiyyətlərini dəyişdiriblər. Sonra Teofil xristianlara edilən ateizm ittihamları bütpərəstlərə qaytarır. İstər Epikur olsun, istərsə də Plato ya Sokrat, onların heç biri əsl imana arxalanmayıblar. Ona görə də onların müdrikliyi əslində aldadıcıdır. Çünki müdriklik imandan başlamalıdır. Bu fikri əsaslandırmaq üçün Teofil, «Avtolika ünvanlanmış üç kitab» adlı apologiyasında skeptik mövqedə duran Avtolik adlı bir bütpərəstə 3 sual verir: Hansı xəstə həkimə tabe olub, onun dediklərini icra etməsə, müalicə oluna bilər? Sükançıya tabe olmadan gəmidə üzmək mümkündürmü? Müəlliminin dediklərinə etibar etməyən adam alim ola bilərmi?.
İmana üstünlük verən Teofil əqli dəlilləri, sağlam düşüncəni də inkar etmir. O hesab edirdi ki, dünyanı müşahidə edən adamlar, Tanrının varlığını öz ağılları ilə dərk edə bilərlər. Məsələ bundardır ki, insan öz ruhunu görə bilməz. Onun haqqında biliyi, yalnız bədənin hərəkətini duyarkən, əldə edə bilər. Bunun kimi, Tanrını da gözlə görmək olmaz, lakin onun varlığını hiss etmək olar.