İran mənşəli qnostisizmlə daha bir dini-mistik təlim sıx bağlıdır. Söhbət manilikdən gedir. Bu sinkretik (sinkretika yunanca “synkretismos” — müxtəlif dini və fəlsəfi ideyaların bir təlimdə birləşdirilməmiş formada mövcud olması) dini təlimdə zərdüşti, xristian, buddist, caynist, yeni platoçu, qnostik ideyalarından və müxtəlif əsatirlərdən geniş istifadə edilmişdir. Maniliyi yaradan Mani adında bir iranlı olmuşdur. O, III əsrdə yaşamışdır. Mani Sasani dövlətində müxtəlif dini təlimlərlə tanış olaraq yeni ideyalarla çıxış etməyə başlamışdı. Eyni zamanda, rəvayətlərə görə, ona hansısa ruhdan vəhy gəlirdi. Bu səbəbdən, o özünü peyğəmbər elan etmişdi. Mani bir neçə kitab da yazmışdı: “Sirlər kitabı”, “İncil” və s. Lakin onlardan bizim dövrümüzə qədər yalnız bəzi fraqmentlər çatıb. Onun İranda, Babilistanda, mərkəzi Asiyada və Çində çoxlu sayda tərəfdarları və ardıcılları var idi. Lakin zərdüşti kahinləri Maninin fəaliyyətindən razı qalmadılar. Onların təşəbbüsü ilə, təxminən 276-cı ildə, şahənşah Bəhramın şahlığı dövründə Mani vəhşicəsinə edam edildi. Onun diri-diri dərisini soymuşdular. Onun tərəfdarları isə şiddətli təqiblərə məruz qaldılar.
Bundan sonra müxtəlif dövrlərdə mani dini İranda (yeniləşmiş “məzdəki” formasında) və Çində müəyyən qədər öz ardıcıllarını tapmışdı. Lakin sonra mani dininin ardıcılları yenə də şiddətli təqiblərə məruz qalırdılar.
Çinin vasitəsilə manilik dini ilə uyğur türkləri tanış oldular və VIII əsrin sonunda bu din Uyğur xaqanlığının rəsmi dini elan edildi. Lakin bundan sonra bu dövlətdə başqa dinlərin nümayəndələrini təqib etməyə başladılar. Maniçilər onları şər qüvvələrin nümayəndələri adlandırdılar. Sonda maniçilərin fəaliyyəti Uyğur dövlətinin zəifləşməsinə səbəb oldu. Qırğızlar və çinlilər bu dövləti və uyğurların əksəriyyətini məhv etdilər. Sağ qalanlar isə mani dinindən imtina etdilər.
IV əsrdə manilik Roma imperiyasının ərazilərində də yayılmışdır. Lakin orada da onları təqib edirdilər. X-XI əsrlərdə isə bu din tarixi səhnədən tamamilə silinib, lakin onların bəzi azsaylı təriqətləri Mərkəzi Asiyada bu günə qədər qalmaqdadır. Bundan başqa, Mani ideyalarından pavlikanlar, albiqoylar və başqa orta əsr xristian təriqətləri istifadə edibdilər.
Maniçilər hesab edirdilər ki, dünya iki substansiyadan yaranıb. Biri Nur (Xeyir), digəri isə Zülmətdir (Şərdir). Əvvəlcə onlar bir-birindən ayrı idilər. Sonra isə Zülmət Nurun sahəsinə daxil oldu. Buna görə də bizim dünya yarandı. Beləliklə, mani dinində dünyanın yaranması böyük bir fəlakətdir.
Xeyir od, hava, işıq, su; Şər isə duman, tüstü, lil, tufan isti kimi ünsürlərdən ibarətdir. Xeyir məkanının başında Xeyir, Şər məkanının başında isə Şər tanrıları durur.
Xeyirlə Şər bir-biri ilə mübarizə aparırlar, ixtilafdadırlar. Onların məkanları əvvəllər bir-birindən ayrı idi, lakin sonra qarışıq baş verdi. Bunun nəticəsində İlahi substansiyanın (Nurun) hissəciklərini şeytanlar apardılar. Onlardan Şər tanrısı dünyanı yaradanda öz məqsədləri üçün istifadə etmişdi. Lakin Adəm və onun oğulları Nurun bu dünyada mövcud olması və onun qorunmasının zəruriliyi haqqında İlahi xəbər aldılar. Yəni əgər insanlar onların daxilindəki Nuru azad etsələr, onda kosmosda olan Nur substansiyası da azad olar və Xeyrin məkanına qayıdar. Beləliklə insan özünü dərk edərək, Şərdən azad olmağa can atmalıdır. Bunun üçün onun köməyinə Xeyrin təmsilçiləri gəlirdilər. Bu, Zərdüşt, Budda, İsa kimi adamlardır. Lakin bu silsilədə sonuncusu və ən əhəmiyyətli şəxs Manidir.
Maniçilər inanırdılar ki, zaman üç dövrə bölünür. “Birinci dövr”də iki birbirinə zidd olan qüvvə vardır. Bu Xeyr (Nur) və Şər (Zülmət)dir. Onların sahələri müxtəlifdir və onlar birbiri ilə qarışmırlar. “İkinci dövr”də bu iki substansiya qarışır, Şər Xeyrin sahəsinə təcavüz edir. Nurun Atası buna cavab olaraq həyatın Anasını yaradır. O isə, öz növbəsində ilk insanı yaradır. İlk insan arxontlarla (şər qüvvələrlə) mübarizə aparmağa başlayır, lakin məğlub olur və onların əsarətinə dü şür (materiya Şər qüvvələrin obyektidir). Onu xilas etmək üçün Ata həyatın Anası olan Ruhu (Loqosu) yaradır. O, arxontlara qalib gəlir və materiya tərəfindən mənimsənilmiş Nurun təmizlənməsi üçün Kosmosu yaradır. Günəş və Ay bu işdə ona köməkçi olurlar. Ay ölənlərin ruhlarını qəbul edir, sonra onları günəşə ötürür, sonra isə ruhlar Tanrıya doğru yönəlirlər.
Zamanın “üçüncü dövr”ündə Nur materiyanın əsarətindən azad olur. Xeyr Şərə qalib gəlir. Manilikdə insanlar zülmət (materiya) tərəfindən yaradılmış məxluqlardır. Onların ruhları (Nurun qığılcımları) bədənlərinin əsarətindədir.
Mani İsanın şəxsiyyətinə və roluna böyük önəm verirdi, ardıcıllarına özünü İsanın davamçısı kimi tanıdırdı. Lakin rəsmi Xristianlıqdan fərqli olaraq, onun ölümünü, dirilməsini, təcəssümünü, reallıqda olmasını rədd edirdi. Onları yalnız zahirən gözə görsənən hallar kimi qəbul edirdi.
Tanrıya baxışlarına gəldikdə, Mani Əhdi-Ətiqin Tanrısını Əhdi-Cədidin Tanrısına qarşı qoyurdu. O, hesab edirdi ki, Musa Nurun yox, Zülmətin elçisi idi. Buna görə o Əhdi-Ətiqi rədd edirdi.
Mani icması iki hissəyə bölünürdü: seçilmişlər və eşidənlər. Seçilmişlər kahinlər idi. Onlar evlənmirdilər, ət yemirdilər, işləmirdilər və yalnız ibadətlə məşğul idilər. Eşidənlər isə, seçilmişləri hər şeylə təmin etməli idilər. Onlar xilas oluna bilməzdilər. Eşidənlərə ailə qurmağa icazə verilirdi. Onlar ümid edirdilər ki, gələcək həyatda onlar seçilmiş kimi dünyaya gəlib xilas ola bilərlər.
Manilərə görə günah azad iradədən deyil, hər bir insanda olan şər qüvvə tərəfindən yaranır. Ruh və maddədən iki, bir-birinə zidd olan, qüvvə ayrılır və mübarizə aparır. Maddə bir şeyi istəyir, ruh isə başqa şeyi.
Maniçilər maddi dünyanın dağıdılmasını və məhv edilməsini zəruri hesab edirdilər. Buna görə onlar dövlətin və cəmiyyətin quruculuğu yolunda müsbət rol oynaya bilməzdilər. Bu səbəbdən də onlara ziyanlı bir təriqət kimi baxırdılar və hər yerdə təqib edirdilər.
Məşhur xristian teoloqu Avqustinus Avrelius əvvəllər mani dininin ardıcılı olmuşdur və xristianlığı qəbul edəndən sonra bu dinə qarşı bir neçə əsər yazmışdı. Eyni zamanda o, “Sekund maniçiyə qarşı” (Contra Sekundium Manichaum), “İmanın xeyri haqqında” (De utilitate credendi), “Katolik kilsənin quruluşu və maniçilərin adətləri haqqında” (De moribus Ealesiae Catolical et de moribus Manichaeorum) kitablarında maniçilər haqqında çox qiymətli və ətraflı məlumat vermişdir. Avqustinus öz əsərlərində onların arasında yayılmış əxlaqsızlıqlardan da yazırdı.
Bununla yanaşı, Avqustinus hətta xristian olandan sonra da maniçilərin bəzi fikirləri ilə öz həmrəyliyini göstərirdi. Bəzi əsərlərində (məsələn, “İlahi şəhər haqqında” kitabında) o, tarixi prosesin inkişafında Şər və Xeyrin əbədi qarşıdurması ideyası ilə çıxış edirdi.
Xristianlar mani dinini bir heretik xristian təriqəti hesab edirlər.
Müəllif: Aydın Əlizadə (fəlsəfə elmləri doktoru)
Mənbə:«Xristianlıq, tarix və fəlsəfə» kitabı