Daha bir xristian qnostiki Dositey idi. O deyirdi ki, əslində Xristos olan xilaskar o özüdür. Digər bir Menandr adlı qnostik haqqında Yustinus xəbər verir. O da özünü bəşəriyyətin xilaskarı elan edib.
Qnostiklərin İsa haqqında da maraqlı fikirləri var idi. Məsələn, Kerint (Cerinthus) deyirdi ki, bu dünya birinci Tanrı tərəfindən yaradılmamışdı. O ondan da qüdrətli bir qüvvə tərəfindən yaradılmışdır. İsa isə o qüvvənin yerə göndərilmiş nümayəndəsidir. O, İosif və Mariyanın oğlu olub, möminlikdə hamıdan mükəmməl idi. İlahi ruh (Xristos) ona göyərçinin timsalında enib. Bundan sonra o Atanın adından möcüzələr edib. İlahi ruh (Xristos) onu tərk edəndən sonra İsa tək qalıb, onu incidib öldürüblər. Sonra isə o dirilib. Xristos isə incidilə bilməzdi, çünki onun başqa təbiəti vardır.
Bu fikirlərə oxşar fikirləri ən məşhur qnostiklərdənbiri olan Karpokrat da ifadə edirdi. O hesab edirdi ki, dünya Tanrıdan aşağıda yerləşən məlakələr tərəfindən yaradılıb. İsa isə İosifin oğludur. Lakin onun mənəviyyatı o qədər uca və ali olub ki, o Atanın olduğu səmalar haqqında yaddaşını qoruyub saxlaya bilmişdir. Bu səbəbdən Ata ona bir qüvvə vermişdi. Bu qüvvə dünyanın keşiyində duran arxontlardan qorunub İsaya çatmışdı. Bu İlahi qüvvə İsanı ucaltmışdı. Arxontların təsirindən qurtulmuş hər bir insan da İsaya bənzər olur, hətta ondan da üca ola bilər.
Karpokrat və onun tələbələri hesab edirdilər ki, şər və xeyir anlayışlarını yalnız kamil olmayan insan düşüncəsi yaradır. Yüksəlmiş, əsl biliyə (qnosisə) malik insan hər bir əməldən keçməlidir və müxtəlif həyat tərzi keçirməlidir. Bunları etməsə, onun ruhu ölümündən sonra yenidən bədənə salınıb, dünyaya gələcək .
Qnostik ideyalara çox yaxın olan digər xristian heretiki Markionun (II əsr) fikrincə 2 Tanrı mövcuddur. Kiçik Tanrı olan Əhdi-Ətiq Tanrısı bu dünyanın yaradıcısıdır. O, ədalətlidir, lakin mərhəmətsizdir. Deməli o kamil deyil. Bu dünyanın yaradıcısından fərqli olaraq, məhəbbət və xeyir Tanrısı vardır. Onun mövcud olması haqqında dünyanı yaradan Tanrının xəbəri yoxdur və onun haqqında məlumat Əhdi-Cədiddə vardır. Əhdi-Ətiq ilə Əhdi-Cədiddə olan Tanrı haqqında ziddiyyətli məlumatları biri-birinə qarşı kəskin qoyan Markion öz fikirlərini “Antiteza” adlanan risaləsində yazmışdır. Məhəbbət Tanrısı haqqında bəyan edən şəxs İsadır. Lakin onun tələbələri onu Əhdi-Ətiqin tanrısı ilə çaşdırıblar. Rəsmi kilsə də bu yanlış yolla gedir. Bu səbəbdən Markion, Lukasın “düzəldilmiş” İncilini və Pavlusun on məktubunu qəbul edərək, başqa Əhdi-Cədid kitablarını inkar edirdi. Onun fikrincə, maddiyyat şər olduğuna görə, xristianlar həyatlarını zahidlikdə keçirməlidirlər, evlənməməlidirlər. Yalnız yaradıcı Tanrını inkar edib, əsl Tanrını (Xristosu) qəbul edən adamlar xilas ola bilərlər.
Ən tanınmış xristian qnostiklərindən biri Vasilid olub. O, II əsrin birinci yarısında İsgəndəriyyədə yaşayıb. Vasilid eyni zamanda xristian ilahiyyatçısı idi. Onun əsərlərindən fraqmentlər İsgəndəriyyəli Klemensin və Origenusun kitablarında gətirilir. Onun fəlsəfi fikirləri haqqında isə İrineus və Hippolitus (Hippolytus ) xəbər vermişdirlər.
İrineusa görə, Vasilid hesab edirdi ki, Tanrı altı qüvvəni yaradıb, onlardan isə çoxlu sayda məlakələr əmələ gəlib. Bu hiyerarxiyanın sonunda aşağıda duran qüvvələr var. Onlar bu dünyanı yaradıb. Bu qüvvələrin başında yəhudi Tanrısı durub. O, bütün dünyanı yəhudi xalqına tabe etmək istəyirdi. Buna görə də müharibə başlandı. Bunu görən Ali Tanrı öz Əqlini (və yaxud Xristosu) dünyanı xilas etmək üçün yerə yolladı. Əslində Xristos yəhudiləri aldadmışdı. Onu edam etmək istəyən yəhudilər onun yerinə Xristosa oxşayan Kirenalı Simonu çarmıxa çəkmişdilər. Hippolitus isə onun haqqında yazırdı ki, Tanrı hər bir varlıqdan üstündür. Bu səbəbdən ona varlıq demək olmaz. Dünya isə heç nədən yaranır, özü də heç nədir. O, yalnız hər şeyin imkanı, potensiyası, toxumudur. Beləliklə Hippolitus tərəfindən xəbər verilən Vasilidin fikirləri İrineusun xəbərlərindən fərqlidir.
Vasilidə görə qnostik təlim insanın daxili təbiətinin oyanması ilə nəticələnir. İnsan heyvandan fərqlənməlidir, onun mənəviyyatı ucalara yüksəlməlidir. Qnosis insana öz həqiqi mahiyyətini bilməyə imkan yaradır.
Vasilid ruhla mənəviyyat arasında fərqin olduğu haqqında danışırdı. Ruh əbədi olsa da, o yalnız mənəviyyatın yaşadığı bir qabığdır. İnsanın əsl “Məni” isə yalnız mənəviyyatdır. O Ali təbiətin bir parçası, toxumudur. Ruh həmişə bu dünyada yaşa-mağa məhkumdur, mənəviyyat isə onu tərk edə bilər.
Xristian qnostiklərindən daha bir tanınmış mütəfəkkiri Valentinus (II əsr) olmuşdur. O hesab edirdi ki, bu dünya bir səhvin nəticəsində yaranıb. Bu səhvi düzəltmək isə qnostiklərin vəzifəsidir. Onlar bu dünyaya ölümə qalib gəlmək üçün gəliblər. Biliyin (qnosisin) “nuru” zülmətin “oduna” qarşı qoyulur. Bu od hər şeyin mahiyyətinə varıb və gün gələcək, o bütün dünyanı yandırıb məhv edəcək. Lakin İlahi nur onu qəbul etməyə hazır olan hər bir insanın qəlbində özünə yer edir, onu çirkabdan və şər qüvvələrdən təmizləyir. Bu halda insan özünün kim olduğunu dərk edir. Göründüyü kimi, Valentinusun təlimi bütün qnostiklərdə olduğu kimi, mistik xarakter daşıyır.
İsgəndəriyyəli Klemens yazırdı ki, Valentinususa görə maddi aləmin əsl Tanrıya heç bir aidiyyəti yoxdur. Onun emanasiyaları nəticəsində dünyanı Demiurq yaratmışdır. Məhz onun haqqında Əhdi-Ətiqdə söhbət gedir, əsl yaradan Tanrıdan yox.
Simon Maqda olduğu kimi, Valentinususun təlimində də qadın obrazı mühüm yer tutur. Onun adı Sofiyadır, və o, ikili təbiətə malikdir. O pleromaya aid olaraq Ali Tanrının, həm Əqli, həm də Eonudur. Eyni zamanda onda məmunsuzluq hissi var. Bu hissiyyat onu həm yuxarı, həm də aşağı dartır, və ona rahatlıq vermir. Onun vəzifəsi bu dünyada görünməyən Tanrını insanların qəlblərində açmaqdan ibarətdir. O, “rəssam qadın” adlandırılır.
Qnostisizm rəsmi kilsə tərəfindən heres kimi rədd edilmişdi. Lakin, buna baxmayaraq, bu təlimin rəsmi xristian ideyasına çox böyük təsiri olmuşdur. Qnostisizmə meyilli olan xristian icmaları və ilahiyyatçıları, İsanın ilahiləşdirilmiş obrazının yaradılmasında əhəmiyyətli rol oynamışdırlar.
Buna misal olaraq Əhdi-Cədidin 4-cü İncilindən Yəhya İncilini göstərmək olar. Bu İncilin ümumi məzmunu birinci üç İncillərdən (Markus, Matta, Lukas) fərqlidir. Orada İsa artıq insan kimi yox, yerə enmiş Tanrı kimi təsvir edilir. O dünya işlərindən, insan xüsusiyyətlərindən daha uca olan bir varlıqdır. O Atanın oğludur, insanlara xilas yolunu göstərmək üçün gəlmişdir və bu yolda könüllü olaraq ölümə gedib, ona iman gətirənlərin gunahlarını öz üzərinə götürmüşdür. İncilin əvvəlində o Loqos, yəni Tarının əbədi Sözü, adlandırılır. Beləliklə burada İsa — Tanrıdır. Hətta məlumdur ki, Yəhya İncilindən Valentinususun ardıcılları daha da çox istifadə edirdilər.
Göründüyü kimi, bu İncildə yuxarıda göstərilən qnostik ideyalarla oxşarlıq çoxdur. Yəni uzaqlarda olan Ata, öz oğlunu (İsanı) yerə göndərir. İsanın mahiyyəti İlahidir, o adi insan deyil.
Lakin sonralar Kilsə xadimləri birinci üç İncillərdə olan İsanın insan obrazı ilə Yəhya İncilindəki İlahi obrazı arasındaki ziddiyyətləri həll etməyə cəhd etmişdi. Bu cəhdlərin nəticəsində, Kilsə Məclislərin qərarı ilə, İsanın həm insani, həm də İlahi mahiyyəti olduğu elan edildi.
Pavlusun məktublarında da qnostik fikirlərə yaxın ideyalara rast gəlmək olar. Orada İsa şər qüvvələrə qalib gəlmək üçün dünya üzərinə enib. Pavlusu İsanın insan təbiəti maraqlandırmırdı. Məsələn, onun Korinflilərə I məktubunda, qnostiklərdəki kimi, insanlar maddi, ruhi və mənəvilərə bölünürlər.
Müəllif: Aydın Əlizadə (fəlsəfə elmləri doktoru)
Mənbə:«Xristianlıq, tarix və fəlsəfə» kitabı