Bütpərəstlik

Bütpərəstlik

Bütpərəstlik - təbiətin cisim və əşyalarını ilahiləşdirən, ibtidai dinlərin (animizm, fetişizm, totemizm, şamanizm və s.) zəminində yaranmış dini etiqad. Bütpərəstlik müxtəlif formalarda təzahür etmiş, müasir dinlərin əmələ gəlməsi ilə tədricən aradan çıxmışdır. Lakin onun ünsürləri həmin dinlərdə qalmışdır. Bəzi adamların pirlərə, müxtəlif əşyalara etiqadı bütpərəstliyin qalığıdır.

Azərbaycanda bütpərəstlik

Çoxallahlılıqla bağlı inancların məcmusu kimi bütpərəstlik ibtidai dinlərin zəminində yaranmışdır. Azərbaycan əhalisinin bütpərstlik təsəvvürlərinin kökləri çox qədimlərə gedib çıxır və animizm, fetişizm, totemizm, şamanlıqdan tutmuş tanrıçılığa qədər müxtəlif xalq inanclarını ehtiva edir. Filoloji və etnoqrafik araşdırmalar ölkə ərazisində bütpərəstliyin mənzərəsini yaratmağa imkan verir. Arxeoloji qazıntılar Xınıslı, Dağkolanı, Çırağlıda qədim tarixə malik iri daş bütlər, İsmayıllıda antropomorf fiqurlar, Mingəçevirdə gil heykəllər aşkar etmişdir. Dədə Qorqud dastanlarında tanrıçılıq inanclarına aid nümunələr tapmaq mümkündür.

Bütpərəstliklə bağlı ayinçilik çox vaxt sintez halında təmsil olunmuşdur, yəni inanclar bir-birindən az fərqlənmiş, biri digərindən təsirlənmiş, bir-birini tamamlayaraq bölgə əhalisinin mənəvi dəyərlər sisteminin təşəkkülündə birgə iştirak etmişdir. Qədim Azərbaycan ərazisində ölmüş əcdadların ruhlarına, qayalara və ağaclara (qayın, palıd və s.), müxtəlif təbiət hadisələrinə və səma cisimlərinə pərəstiş güclü olmuşdur. Strabon Qafqaz albanlarının Günəşə, Aya, Göyə sitayiş etdikləri barədə xəbər verir. Tanrı xan adı ilə tanınan palıd ağacına da pərəstiş edilir, at qurban kəsilirdi. Movses Kalankatvasi Alban hökmdarlarının xristianlığı yaymaq üçün bütpərəstliyə qarşı çağırışları, ağac bütləri kəsib atmaları barədə məlumat verir.

Bir çox Şərq xalqları kimi qədim azərbaycanlılar arasında da kainatın dörd əsas ünsürdən - torpaq, hava, su və oddan ibarət olduğu barədə təsəvvürlər geniş yayılmışdı. Atəşpərəstlik də bu təsəvvürlərlə bağlı inanclar zəminində meydana çıxmışdır. Azərbaycan ərazisində məskunlaşan əhalinin böyük bir qismi odu müqəddəsləşdirmiş, ona sitayiş etmişdir.

Odun hər cür çirkinliyi, rəzaləti yox etdiyinə, insanlara təmizlik gətirdiyinə inam bəslənmişdir. Novruz bayramı ilə günümüzədək gəlib çatan od ayin və mərasimləri Azərbaycanda atəşpərəstliyin güclü ənənələri olduğunu göstərir.

Atəşpərəstlərin məbədi atəşgah adlanır. Azərbaycan ərazisində Atropatenanın dini mərkəzi Qazakada, Bakı, Şamaxı, Salyan və Lənkəranda atəşgədələr olmuşdur. Suraxanıdakı atəşgah Hindistandan gələn atəşpərəstlərə xidmət üçün 18-ci əsrdə tikilmişdir.

Qafqaz Albaniyasında atəşpərəstlik xristianlıq tərəfindən təqibə məruz qalsa da, mövcudluğunu qoruyub saxlaya bilmişdir. İslamın Azərbaycana gəlişi ilə atəşpərəstlik tədricən əhəmiyyətini itirmiş və aradan qalxmışdır.

Mənbə: Vikipediya

Top